13 mart 2026 19:09
91

ABŞ Azərbaycanda sərmayə həcminə görə ikinci aparıcı dövlətdir

Birləşmiş Ştatların ölkəmizdə 200-dən çox şirkəti fəaliyyət göstərir

Hızırda Azərbaycan ABŞ üçün Cənubi Qafqaz regionunda ən mühüm tərəfdaşlardan biri hesab olunur. Bu məsələdə mühüm istiqamətlərdən biri də enerji sahəsidir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycan regional enerji layihələrində mühüm rol oynayır. Hər iki ölkə bu çərçivədə Avropaya enerji tədarükünün şaxələndirilməsi, regional enerji əməkdaşlığının gücləndirilməsi və enerji infrastrukturunun inkişafı istiqamətində paralel maraqlara malikdir. Məlumdur ki, ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ–Azərbaycan münasibətlərində ciddi dəyişikliklərə səbəb olub. Son bir ildə Vaşinqton və Bakı arasında təmaslar tarixdə ilk dəfə bu qədər intensiv və müsbət məcrada inkişaf edib. Təkcə onu demək kifayətdir ki, bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında bir neçə dəfə görüş keçirilib.

Bu tendensiya siyasi münasibətlərin möhkəmlənməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın daha da aktuallaşması baxımından da xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri ərəfəsində ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gələrək Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də bu kontekstdə qiymətləndirilə bilər. Qeyd edək ki, ABŞ ölkəmizdə sərmayə həcminə görə də ikinci aparıcı investor mövqeyindədir. Hazırda Azərbaycanda ABŞ kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əməkdaşlığın miqyasını aydın şəkildə göstərir. Belə ki, 2023-cü ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 904,1 milyon dollar təşkil edib. 2025-ci ildə isə bu göstərici 1 milyard 556 milyon dollar olub.

Qeyd edək ki, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafını iqtisadi siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və xarici sərmayədarları ölkədə biznes qurmağa, istehsal yaratmağa və yeni texnologiyalar gətirməyə dəvət edir. Bu yanaşmanın ən konkret və praktik nümunələrindən biri sənaye parkları və sənaye məhəllələridir. Dövlət tərəfindən infrastrukturla təmin olunan bu zonalar həm yerli, həm də xarici investorlar üçün daha əlverişli biznes mühiti yaradır, istehsalın genişlənməsinə və ixrac potensialının artmasına xidmət edir.

Həmin istiqamətdə xarici sərmayədarların, xüsusilə də ABŞ şirkətlərinin iştirakını xüsusi vurğulamaq lazımdır. Əgər indiyədək ABŞ şirkətləri Azərbaycanın enerji sektorunda daha önəmli rol oynayıblarsa, hazırkı mərhələdə əməkdaşlıq imkanları daha geniş istiqamətləri əhatə edir. Yəni, ABŞ biznesi qeyri-neft-qaz sənayesində də Azərbaycan üçün faydalı tərəfdaşlıq vəd edir. Ona görə ki, onların şirkətləri yüksək texnologiyalar, sənaye innovasiyası, rəqəmsal həllər, logistika və idarəetmə standartları baxımından dünyada qabaqcıl təcrübəyə malikdirlər. Xüsusilə sənaye parkları çərçivəsində ABŞ şirkətlərinin potensial maraq göstərə biləcəyi sahələr kifayət qədər genişdir. Buraya maşınqayırma, avadanlıq istehsalı, kimya sənayesi, qida sənayesi, qablaşdırma, əczaçılıq, tibbi avadanlıqlar, elektronika, rəqəmsal infrastruktur və süni intellekt əsaslı həllər daxildir. Eyni zamanda, bərpaolunan enerji və enerji səmərəliliyi sahələri də yeni əməkdaşlıq istiqamətləri sırasında xüsusi yer tutur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da bu əməkdaşlıq üçün əlavə stimul ola bilər. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi, tranzit imkanlarının genişlənməsi, liman və dəmir yolu infrastrukturunun inkişafı ABŞ şirkətlərini regiona cəlb etmək baxımından müsbət amildir.

Bundan başqa, Prezident Donald Trampın irəli sürdüyü TRIPP layihəsi («Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu») də ABŞ-ın Azərbaycan iqtisadiyyatına yeni sərmayələr yatırmasına imkanlar yaradacaq. Nəticə etibarilə, Azərbaycan–Amerika iqtisadi münasibətləri yalnız enerji və ticarət müstəvisində deyil, eyni zamanda, nəqliyyat, rəqəmsallaşma, innovasiya kimi sahələrdə də genişlənərək daha çoxşaxəli strateji tərəfdaşlıq formatına çevriləcək.

Elçin Zaman, «İki sahil»