17 sentyabr 2026 15:26
85

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə qayıdışın və dirçəlişin ünvanlarıdır

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və Qarabağın dirçəlişi prosesində xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixdir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən təsis olunan bu gün artıq ikinci ildir ki, qeyd edilir. Bu tarix Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası, Qarabağın siyasi, hüquqi və sosial-iqtisadi həyatının yenidən qurulması baxımından mühüm rəmzi məna daşıyır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də Azərbaycanın qarşısında duran yeni inkişaf mərhələsinin, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq siyasətinin və Böyük Qayıdış prosesinin nəticələrinin qiymətləndirilməsi üçün əhəmiyyətli fürsətdir. Bu günün təsis olunması 30 ildən artıq davam etmiş işğalın başa çatmasının, Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin ardıcıl, məqsədyönlü siyasətinin təntənəsini ifadə edir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası uzunmüddətli və mürəkkəb tarixi prosesin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Silahlı Qüvvələrin modernləşdirilməsi, iqtisadi potensialın gücləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi bu tarixi məqsədə çatmaq üçün mühüm zəmin yaratdı. 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa olunması Qarabağda yeni siyasi və hüquqi reallığın formalaşmasına səbəb oldu. Həmin gün Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Bununla da işğalın yaratdığı separatçı idarəçilik sistemi aradan qaldırıldı, Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının bütün ərazidə tətbiqi üçün zəruri şərait yarandı. 20 Sentyabr tarixinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması məhz bu tarixi dönüşün mahiyyətini əks etdirir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaltması dövlət suverenliyinin bərpasının rəmzi ifadəsinə çevrildi. Xankəndidə çıxışı zamanı dövlət başçısının qeyd etdiyi kimi, bu tarixi an Azərbaycan xalqının 30 ildən artıq müddətdə gözlədiyi müqəddəs məqsədin gerçəkləşməsi idi. Dövlət Bayrağının həmin şəhərlərdə dalğalanması yalnız hərbi-siyasi qələbənin deyil, həm də milli iradənin, tarixi ədalətin və dövlətçilik prinsipinin təntənəsi kimi qiymətləndirilməlidir. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu tədbir Azərbaycanın hərbi qüdrətini, dövlət suverenliyini və yeni reallıqların dönməzliyini nümayiş etdirdi. Xankəndinin belə mühüm dövlət tədbirinə ev sahibliyi etməsi şəhərin Azərbaycan dövlətinin siyasi və ictimai həyatında bərpa olunan rolunun göstəricisi oldu. Prezident İlham Əliyevin həmin parad zamanı səsləndirdiyi fikirlərdə də Azərbaycan xalqının ərazi bütövlüyünün bərpasına yönəlmiş tarixi iradəsi və dövlət siyasətinin ardıcıllığı xüsusi vurğulanırdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün mahiyyətini yalnız hərbi-siyasi hadisələrlə məhdudlaşdırmaq düzgün olmazdı. Bu gün həm də azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafının, şəhər və kəndlərin yenidən qurulmasının, əhalinin doğma torpaqlarına qayıdışının və həmin ərazilərdə davamlı həyatın təmin edilməsinin simvoludur. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə, dayanıqlı inkişaf meyarlarına və əhalinin sosial rifahına əsaslanan genişmiqyaslı layihələr həyata keçirir. Bu prosesin mühüm istiqamətlərindən biri təhsil və insan kapitalının inkişafıdır. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı Sərəncamla Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradıldı. Universitetin fəaliyyəti Qarabağda yüksəkixtisaslı kadrların hazırlanmasına, regionun iqtisadi potensialının inkişafına və gənclərin doğma torpaqlarda təhsil almaq imkanlarının genişləndirilməsinə xidmət edir. Qarabağ Universitetinin yaradılması azad edilmiş ərazilərin bərpasında təhsilin strateji rolunu nümayiş etdirir. Universitet yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də regionun intellektual və innovasiya mərkəzi kimi formalaşmaq perspektivinə malikdir. Burada təhsil alan gənclərin gələcəkdə Qarabağın sosial-iqtisadi inkişafına töhfə verməsi, yeni texnologiyaların tətbiqində iştirak etməsi və regional əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşmasına xidmət göstərməsi gözlənilir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu qərar işğaldan azad edilmiş ərazilərin inzibati idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazi inkişafının planlaşdırılması və yerli idarəetmənin təşkilati əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım oldu. Ağdərə rayonunun yaradılması həm də həmin ərazilərin tarixi-coğrafi və inzibati xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı dövlət siyasətinin göstəricisidir.
Xankəndidə 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən futbol oyunu da mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan hadisələrdən biri oldu. 30 illik fasilədən sonra Qarabağın işğaldan azad edilmiş hissəsində ilk rəsmi futbol oyununun keçirilməsi həmin ərazilərdə ictimai həyatın bərpasının, idmanın və gənclər siyasətinin inkişafı üçün yeni imkanların yaranmasının göstəricisi idi. Bu hadisə Qarabağın yenidən Azərbaycanın ümumi sosial-mədəni həyatına inteqrasiyasını nümayiş etdirən rəmzi addımlardan biri kimi yadda qaldı.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcək inkişafının əsasını təşkil edir. Bu proqramın məqsədi yalnız əhalinin doğma torpaqlara köçürülməsi ilə məhdudlaşmır. Burada yaşayış məntəqələrinin yenidən qurulması, nəqliyyat və kommunal infrastrukturun yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı yaşayış mühitinin formalaşdırılması kimi kompleks vəzifələr həyata keçirilir.
2026-cı il avqustun 17-dək təqdim olunan məlumatlara əsasən, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması təmin edilib. Xocalı rayonunun şəhər və kəndlərində 1 167 ailə, 4 841 nəfər, Xocavənd rayonunun şəhər və kəndlərində 988 ailə, 4 070 nəfər, Ağdərə rayonunun kəndlərində isə 917 ailə, 3 587 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdışın artıq konkret nəticələrə söykənən, mərhələli və davamlı proses olduğunu göstərir. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə həyata keçirilən bərpa-quruculuq işləri bu ərazilərin yalnız yaşayış məntəqələri kimi deyil, həm də iqtisadi, sosial, mədəni və turizm mərkəzləri kimi inkişaf etdirilməsini nəzərdə tutur. Xankəndi şəhərində yeni inzibati və sosial obyektlərin, hotellərin, konqres mərkəzinin, təhsil və səhiyyə müəssisələrinin yaradılması, istehsal sahələrinin fəaliyyətə başlaması şəhərin regional inkişafda rolunu artırır. Xocalıda, Xocavənddə və Ağdərədə də yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenilənməsi və iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Xankəndidə Qarabağ Universitetinin Klinikası binasının və Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı, Xocalıda Soyqırımı Memorialının istifadəyə verilməsi, Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksinin və məscidin açılışı, Xocavəndin Hadrut qəsəbəsində məscidin fəaliyyətə başlaması kimi hadisələr azad edilmiş ərazilərdə həyatın bütün istiqamətlər üzrə bərpa olunduğunu göstərir. Bu layihələr həm sosial ehtiyacların qarşılanmasına, həm də həmin ərazilərin tarixi-mədəni irsinin qorunmasına və ictimai həyatın yenidən canlandırılmasına xidmət edir. Bərpa-quruculuq siyasətinin mühüm xüsusiyyəti onun kompleks xarakter daşımasıdır. Yol və nəqliyyat infrastrukturu, elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və istehsal sahələri bir-birini tamamlayan vahid inkişaf strategiyasının tərkib hissəsidir. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, Xankəndi Konqres Mərkəzinin, yeni istehsal müəssisələrinin və digər obyektlərin yaradılması bu şəhərin gələcəkdə mühüm iqtisadi və ictimai mərkəzə çevrilməsi üçün imkanlar formalaşdırır.
Ağdərə rayonunda Suqovuşan, Həsənriz, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran kəndlərində həyata keçirilən layihələr, eləcə də “Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi regionun iqtisadi potensialının reallaşdırılmasına yönəlmiş addımlardır. Xocavənd rayonunda Hadrut, Tuğ, Qırmızı Bazar, Sos, Xocavənd və digər yaşayış məntəqələrində aparılan işlər isə bu ərazilərin sosial və iqtisadi həyatının bərpasını sürətləndirir. Xocalı rayonunda Ballıca, Xanabad, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Şuşakənd və digər kəndlərdə görülən işlər də Böyük Qayıdışın əhatə dairəsinin genişləndiyini göstərir. Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi siyasət beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə hörmət və insanların təhlükəsiz, layiqli yaşayış şəraitinin təmin olunması kimi fundamental dəyərlərə əsaslanır. Qarabağın bərpası və əhalinin geri qayıdışı regionda uzunmüddətli sülh və sabitliyin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu prosesin uğurlu nəticələri Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının formalaşmasına, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verə bilər. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının tarixi yaddaşını, milli birliyini və dövlətçilik iradəsini özündə birləşdirən mühüm tarixdir. Bu gün 30 ildən artıq davam etmiş işğalın başa çatmasını, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını, Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoymasını simvolizə edir. Eyni zamanda, bu tarix azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq siyasətinin və Böyük Qayıdışın nəticələrini diqqətə çatdırır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri yenidən Azərbaycanın ictimai, iqtisadi, mədəni və siyasi həyatının ayrılmaz hissəsinə çevrilir. Bu ərazilərdə qurulan yeni həyat, qayıdan ailələr, fəaliyyətə başlayan müəssisələr, bərpa olunan tarixi-mədəni irs və yaradılan müasir infrastruktur Azərbaycanın Zəfərdən sonrakı inkişaf strategiyasının mühüm nəticələridir.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın milli qürurunu və dövlətçilik əzmini ifadə etməklə yanaşı, gələcəyə yönəlmiş məsuliyyətli siyasətin rəmzidir. Bu əlamətdar tarix Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli iradəsinin təntənəsi kimi qeyd olunur və Qarabağın davamlı inkişafı, əhalinin təhlükəsiz və firavan yaşayışı naminə həyata keçirilən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir.

Tahir Mirkişili,

Milli Məclisin deputatı