Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də ölkəmizə səfər etdi. Səfər tərəflər arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında Prezidentlər regional vəziyyət, sülh prosesi, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin genişləndirilməsi kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi ölkələri, xalqları bir araya gətirən, onlar arasında körpü yaradan layihələrin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Əməkdaşlığın coğrafiyasının genişlənməsini layihələrdə iştirak edən ölkələrin sayında da aydın görmək mümkündür. Cənub Qaz Dəhlizi layihəsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Azərbaycandan qaz alan ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır: “Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq”.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında regionda formalaşmış yeni geosiyasi reallıqlardan bəhs edərək bildirdi ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, nikbinliyimizi artırır. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır: “Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir”.
Prezident İlham Əliyevin və Antonio Koştanın birgə mətbuat bəyanatında tərəflər siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində ortaq maraqlarını ifadə etdilər. Tərəflər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar. Prezidentlər, həmçinin uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər.
Bütün bunlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Azərbaycanla Avropa arasında münasibətlər çoxşaxəli və strateji məzmun daşıyır.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri