13 mart 2026 18:15
154

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı: enerji tərəfdaşlığından strateji geosiyasi dialoqa

Azərbaycan öz müstəqillik tarixinin ötən dövrü ərzində təmsil olduğu bütün beynəlxalq təşkilatlarla münasibətlərdə daim ləyaqətli, səmimi, təşəbbüskar mövqedən çıxış edərək öz dövlət maraqlarını qorumaqla yanaşı, həmin təşkilatların fəaliyyətinə töhfə də verməyə çalışıb və buna nail olub. BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü kimi, Qoşulmama Hərəkatının 2019-2023-cü illərdə sədri kimi ölkəmizin səmərəli fəaliyyəti deyilənlərə ən bariz nümunələr kimi qəbul oluna bilər. Lakin etiraf edək ki, bir sıra hallarda məhz bu təşkilatlarda təmsil olun bəzi maraq qrupları Azərbaycana qarşı ikili standartlar mövqeyindən çıxış etməklə qane olmayaraq, müxtəlif vaxtlarda total hücumlar da etmişlər və hazırda da bu prosesin dayandığını söyləmək mümkün deyildir.

Bütün bu deyilənləri ümumilikdə Azərbaycanın qurumun rəsmi üzvü olmasa da, kifayət qədər uzun və maraqlı əlaqələr tarixinə malik olduğumuz Avropa İttifaqına (Aİ) da şamil etmək olar. Lakin bu il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini münasibətlərin tarixində bir müddət əvvəl başlanmış yeni mərhələyə sürət və impuls vermək üçün atılmış mühüm addım kimi qiymətləndirmək olar. Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Antonio Koşta arasında keçirilən danışıqlar, liderlərin birgə mətbuat bəyanatı və mətbuat qarşısında çıxışları qarşılıqlı münasibətlərin yaxın gələcəkdə daha da intensivləşəcəyini, xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha genişlənəcəyini gözləmək olar. Çünki Azərbaycan ilə Aİ arasındakı münasibətlər dövlət müstəqilliyimizn ilk illərindən bəri mərhələli şəkildə inkişaf edərək, artıq bu gün strateji enerji və nəqliyyat tərəfdaşlığı səviyyəsinə yüksəlib.

Qeyd edək ki, A.Koştanın Azərbaycana səfəri Aİ çərçivəsində ilk yüksək səviyyəli səfər deyil. Ölkəmizin təşkilatla diplomatik münasibətlərinin əsası 1993-cü ildə qoyulmuş və bütün çətinliklərə rəğmən qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmiş, 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunmuş, 2003-cü ilin iyul ayında isə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir.

Münasibətlərin ilk hüquqi bazası 1996-cı ildə Lüksemburq şəhərində 10 il müddətinə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi olmuşdur. 1 iyul 1999-cu ildə qüvvəyə minmiş bu Saziş hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyən edirdi. Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil olmaqla, Azərbaycan Aİ-nin regional siyasətinin bir hissəsinə çevrildi.

Bununla belə, Azərbaycan üçün Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalır, Şərq Tərəfdaşlığı platforması isə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Azərbaycan Aİ ilə münasibətlərdə digər postsovet ölkələrindən (məsələn, Gürcüstan və ya Ukraynadan) fərqli olaraq “assosiasiya sazişi” imzalamaqda maraqlı olmayıb “bərabərhüquqlu və strateji tərəfdaşlıq” modelinə üstünlük verir. Rəsmi Bakı Aİ-yə üzv olmağı hədəfləməsə də, iqtisadi və texnoloji sahələrdə maksimum inteqrasiyada maraqlıdır. Hazırda Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır.

2011-ci ildə Avropa Qonşuluq Siyasətinin yenilənməsindən sonra Aİ-nin Azərbaycanla bu siyasəti əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə başlanan danışıqlar 2018-ci ilin iyulunda Brüssel şəhərində yekunlaşdırılmışdır. Həmin il sentyabrın 28-də Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə sənəd qəbul edilmiş qüvvəyə minmişdir. Sənəd qurumların gücləndirilməsi və yaxşı idarəçilik; iqtisadi inkişaf və bazar imkanları; bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti; yerdəyişmə və insanlar arasında əlaqələr üzrə əməkdaşlığı ehtiva edir. Sənəddə tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, biri-birilərinin müstəqilliyi və suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinə sadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıdıqlarını bildirmişlər. Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.

Azərbaycanla Aİ arasında enerji sahəsində ilk strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 2006-cı il noyabrın 7-də Brüsseldə imzalanmışdır. 2011-ci il yanvarın 13-də isə Bakıda Cənub Qaz Dəhlizi (CQD) üzrə Birgə Bəyannamədə Azərbaycan dəhlizə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir və Azərbaycanın təbii qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını strateji məqsəd kimi təsbit edirdi. 2014-cü il iyunun 14-də Bakıda imzalanmış Azərbaycan Respublikasının Aİ proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu ölkəmiz üçün açıq olan mövcud və gələcək Aİ proqramlarında iştirakına imkan yaradır. 2014-cü il sentyabrın 1-dən isə Azərbaycanla Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər qüvvəyə minmişdir. 2013-cü il dekabrın 5-də Brüsseldə imzalanan Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur. Nəhayət, Rusiya-Ukrayna müharibəsinin yaratdığı kontinental enerji reallıqları fonunda 2022-ci ilin iyulunda Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanan Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu ölkəmizin Avropa üçün mühüm və etibarlı tərəfdaşa çevrildiğinin etirafı və rəsmi təsdiqidir.

Son illərdə beynəlxalq, kontinental və regional müstəvidə baş verən ciddi hərbi-siyasi hadisələr Azərbaycan və Aİ arasındakı münasibətlərin hazırda strateji bir keçid dövrünə qədəm qoymasını şərtləndirmişdir. Bu baxımdan Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri, görüşdəki mərkəzi mövzunun Azərbaycanın Avropanın enerji xəritəsindəki vazkeçilməz rolu ilə bağlı olsa da, bu əlaqələrin sadəcə enerji tərəfdaşlığı deyil, həm də geniş geosiyasi əhəmiyyət kəsb etdiyini bir daha sübut etdi. Lakin hər halda Prezident ilham Əliyevin sözləri ilə desək: “Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”. Təsadüfi deyil ki, hazırda 27 üzv-dövlətdən ibarət Aİ-nin 10 üzvü Azərbaycandan qaz alır. Ümumiyyətlə isə, ölkəmizin təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatdığını, Avropa bazarının qaz ixracımızın 50 faizini təşkil etdiyini və dünyada boru kəməri ilə qazı təchiz etmək imkanlarına görə Azərbaycanın birinci yerdə olduğunu nəzərə alsaq, bu faktlaq dövlətimizin bütövlükdə qlobal enerji təhlükəsizliyində oynadığı rolun artan xətlə inkişaf etdiyini göstərir.

Birgə mətbuat bəyanatında Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolun vurğulanması da bu perspektivdən xəbər verir. Təsadüfi deyil ki, Antonio Koşta CQD-nin genişləndirilməsi və ixrac həcminin artırılmasının (2027-ci ilə qədər 20 milyard kubmetr hədəfi) yenidən təsdiqlənməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində “etibarlı tərəfdaş” olduğunu növbəti dəfə etiraf etdi.

Aİ-nin dünya miqyasında rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz bağlantıları gücləndirməyə, eyni zamanda səhiyyə, təhsil və tədqiqat sistemlərini möhkəmləndirməyə yönəlmiş qlobal investisiya strategiyası kimi 2021-ci ilin sonunda Avropa Komissiyası tərəfindən irəli sürülən “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması qurumun ölkəmizə böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xatırladaq ki, “Qlobal Qapı” çərçivəsində 2021-2027-ci illərdə dünya üzrə davamlı infrastruktur layihələrinə 300 milyard avroya qədər investisiya səfərbər edilməsi hədəflənir.

Ölkəmizin sürətlə “yaşıl enerji” mərhələsinə transformasiya etdiyi şəraitdə yaxın perspektivdə Azərbaycan qitənin enerji təhlükəsizliyindəki yerini daha da möhkəmləndirəcəyi şübhəsizdir. Bunu Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də sübut edir: “Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq”. Başqa sözlə, Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropaya çəkiləcək “yaşıl enerji” kabeli layihəsi strateji prioritetdir və Azərbaycanın təkcə fosil yanacaq deyil, həm də bərpa olunan enerji ixracatçısı kimi Aİ üçün əhəmiyyətini artırır.

Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında danışaraq, ölkəmizin sülh gündəminə sadiqliyini bildirdi və regionun 35 illik fasilədən sonra cəmi 7 aydır ki, sülh şəraitində yaşadığını və bu qısa müddətdə artıq dinç yanaşı yaşamağın faydasının aydın hiss olunduğunu vurğuladı: “Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz”.

Azərbaycan liderinin bu sözləri qarşısında Antonio Koştanın Aİ-nin Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşdüyünü və  Ermənistanla sülh prosesində əldə edilən irəliləyişin tarixi əhəmiyyətini xüsusi qeyd etməsi ölkəmizin regional lider-dövlət rolunun etirafı mahiyyətində idi. 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsi faktının vurğulanması da bu etirafın tərkib hissəsi kimi qəbul edilə bilər.

Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri göstərdi ki, bəzi siyasi differensiallara və bəzən Avropa Parlamentindən gələn qərəzli tənqidi bəyanatlara rəğmən, Aİ-nin icraedici orqanları (Şura və Komissiya) Azərbaycanı regionun ən stabil və strateji tərəfdaşı kimi görürlər. Aİ Azərbaycanı təkcə neft-qaz mənbəyi kimi deyil, həm də Cənubi Qafqazın əsas logistik mərkəzi və moderatoru kimi qəbul edir. Səfərin nəticələri göstərdi ki, Azərbaycan Avropa ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara və suverenliyə hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq qurmaq siyasətini davam etdirməkdə qətiyyətlidir.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent