04 mart 2026 11:20
114

Ailə-məktəb əlaqəsi: Uşaqların sağlam inkişafının təməli

Təhsil eksperti: Güclü məktəb güclü ailə ilə, güclü ailə isə şüurlu valideynlə formalaşır

Müasir dövrdə təhsil sistemi təkcə məktəb mühiti ilə məhdudlaşmır. Uşağın akademik göstəriciləri, davranış modeli, sosial bacarıqları və psixoloji vəziyyəti birbaşa ailə şəraitinin keyfiyyəti ilə əlaqəlidir. Təcrübələr göstərir ki, məktəbdə əldə olunan biliklərin möhkəmlənməsi, motivasiyanın formalaşması və nizam-intizamın qorunması valideynlərlə təhsil müəssisəsi arasında qurulan sağlam əməkdaşlıqdan asılıdır. Əgər bu əlaqə zəifdirsə, ən güclü kurikulum və peşəkar müəllim heyəti belə gözlənilən nəticəni verməyə bilər.

Təhsillə bağlı aparılan müşahidələr göstərir ki, ailə-məktəb münasibətləri sistemli və davamlı olduqda şagirdlərin dərsə davamiyyəti artır, məsuliyyət hissi güclənir və davranış pozuntuları azalır. Valideynlərin məktəbin tələblərini anlaması, müəllimlərlə açıq kommunikasiya qurması və övladlarının tədris prosesinə maraq göstərməsi uşaqların özlərini daha güvənli hiss etməsinə səbəb olur. Bu mövzu ilə bağlı psixoloqların yekdil fikirlərinə əsasən, uşaqlar üçün ən vacib amillərdən biri valideynləri ilə müəllimlərinin eyni mövqedən çıxış etməsidir. Əks halda ziddiyyətli yanaşmalar onlarda çaşqınlıq yarada və davranış pozuntularına gətirib çıxara bilər.

Rəqəmsal dövr ailə-məktəb münasibətlərinə də yeni çağırışlar gətirib. Sosial şəbəkələr, onlayn platformalar və distant təhsil imkanları valideynlərin prosesə daha operativ qoşulmasını mümkün etsə də, eyni zamanda, nəzarət və maarifləndirmə ehtiyacını artırıb. Uşaqların internet mühitində təhlükəsizliyi, informasiya axınının düzgün idarə olunması və rəqəmsal asılılığın qarşısının alınması artıq yalnız məktəbin deyil, ailənin də prioritet məsuliyyətinə çevrilib. Bu isə ailə ilə məktəbin əməkdaşlığını zəruri edir.

Məlumdur ki, ailə ilə məktəb arasında etimad mühiti formalaşdıqda şagirdin akademik uğurları ilə yanaşı, emosional sabitliyi də möhkəmlənir. Belə olduğu halda uşaq hiss edir ki, onun ətrafında vahid dəstək sistemi mövcuddur. Bu isə xüsusilə yeniyetməlik dövründə riskli davranışların azalmasına və sağlam ünsiyyət qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir. Məktəbin təkbaşına bütün sosial və psixoloji problemləri həll edə bilməsi mümkün deyil. 

Məhz bu zərurətdən çıxış edərək son illərdə ölkədə valideynlərin maarifləndirilməsinə yönəlmiş təşəbbüslər genişlənib. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də “Valideyn məktəbi” təşəbbüsüdür. Azərbaycan Gənc Müəllimlər Assosiyasiyası (AGMA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə təşkil olunan bu layihə valideynlərin pedaqoji və psixoloji biliklərini artırmağı, ailə-məktəb əməkdaşlığını sistemli müstəviyə keçirməyi hədəfləyir. Layihə çərçivəsində valideynlər üçün seminarlar və görüşlər təşkil olunaraq uşaqlarının təlim-tərbiyə prosesində daha şüurlu davranış modelləri sərgiləmələri üçün onlarla dəstəkverici tərəfdaşlıq edilir.

Müşahidələr göstərir ki, bu kimi təşəbbüslər ailə ilə məktəb arasında kommunikasiyanı gücləndirir, qarşılıqlı mənfəətləri  müəyyən edir və tədris sistemindəki şəffaflığı artırır. Nəticədə valideyn passiv müşahidəçi mövqeyindən çıxaraq prosesin aktiv iştirakçısına çevrilir. Bu isə uzunmüddətli perspektivdə daha sağlam təhsil mühitinin formalaşmasına və uşaqların hərtərəfli inkişafına zəmin yaradır.

Müasir təhsil sistemində ailə-məktəb əməkdaşlığının rolu necə dəyişib?

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, müasir təhsildə uğurun əsas açarlarından biri sistemli ailə-məktəb əməkdaşlığıdır: “Əvvəllər valideyn-məktəb münasibətləri daha çox inzibati xarakter daşıyırdı. Valideyn iclasları əsasən qiymətlərin müzakirəsi, nizam-intizam məsələləri və inzibati məlumatlandırma ilə məhdudlaşırdı. Məktəb öyrədən, valideyn isə kənardan izləyən tərəf kimi qəbul olunurdu. İndiki dövrdə isə bu model əhəmiyyətli dərəcədə dəyişib. Şagirdin akademik nailiyyətləri ilə yanaşı, onun emosional rifahı, sosial bacarıqları, dəyərlər sistemi və psixoloji təhlükəsizliyi də diqqət mərkəzindədir. Bu isə məktəb və ailə arasında davamlı dialoq, qarşılıqlı etibar və ortaq məsuliyyət tələb edir.”

Pərvinə Qədimovanın sözlərinə görə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ADA Universitetinin birgə həyata keçirdiyi “Valideyn məktəbi” layihəsi məhz bu yeni əməkdaşlıq modelinin praktik tətbiqinə xidmət edir: “Layihə valideynlərin gündəlik həyatında qarşılaşdıqları ən həssas və aktual məsələləri əhatə edir. Burada uşaqların erkən yaşda verdiyi qərarların mümkün sosial və psixoloji nəticələri, onların təhsil hüquqlarının və sağlam inkişaflarının qorunması kimi vacib mövzular diqqət mərkəzində saxlanılır. Eyni zamanda, valideyn-övlad münasibətlərində sağlam ünsiyyətin qurulması, qarşılıqlı etimadın formalaşdırılması, empatiyanın və düzgün sərhədlərin müəyyənləşdirilməsi kimi bacarıqlar üzərində dayanılır. Uşaqların gələcək ixtisasları və peşə seçimlərinə dəstək olmaq, onların maraqlarını və qabiliyyətlərini düzgün istiqamətləndirmək, qərarvermə prosesində təzyiqdən uzaq, şüurlu yanaşma sərgiləmək də layihənin əsas istiqamətlərindəndir. Bununla yanaşı, rəqəmsal mühitdə təhlükəsizlik, sosial şəbəkələrdən düzgün istifadə, zərərli məzmundan qorunma və ekran qarşısında vaxt keçirmə müddətinin balanslaşdırılması kimi məsələlər də geniş şəkildə müzakirə olunur. Beləliklə, layihə valideynləri yalnız məlumatlandırmaqla kifayətlənmir, onları düşünülmüş qərarlar verməyə və ailədaxili münasibətlərdə daha sağlam davranış modelləri formalaşdırmağa təşviq edir.

"Valideyn məktəbi" kimi layihələrin effektivliyi necə ölçülür?

Belə təşəbbüslərin uğurunun həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri əsasında qiymətləndirildiyini bildirən təhsil eksperti qeyd etdi ki, ilk növbədə görüşlərə qoşulan valideynlərin sayı və iştirakın davamlılığı nəzərə alınır: “Bununla yanaşı, təlimlərdən əvvəl və sonra aparılan geridönüş sorğuları vasitəsilə valideynlərin bilik, münasibət və davranışlarında baş verən dəyişikliklər müqayisə edilir. Layihənin təsiri məktəb mühitində də özünü göstərir. Belə ki, şagirdlərin davamiyyətində müsbət dinamika, davranış pozuntularının azalması və akademik motivasiyalarının artması mühüm göstəricilər sayılır. Uzunmüddətli perspektivdə isə valideynlərin məktəb fəaliyyətlərində daha fəal iştirakı və müəllim-valideyn dialoqunun güclənməsi layihənin real nəticəsi kimi qiymətləndirilir. Xüsusilə qeyd edilməlidir ki, davamlılıq mexanizmi bu təşəbbüsün əsas üstünlüklərindəndir. Təlimçilərin öz icmalarında valideynlərlə görüşlər keçirməsi əldə olunan biliklərin daha geniş auditoriyaya çatdırılmasını təmin edir və layihəni praktik, davamlı dəstək modelinə çevirir.”

Pərvinə Qədimova diqqətə çatdırdı ki, müasir təhsil sistemində məktəb təkbaşına uğur modeli qura bilməz: “Uşağın inkişaf trayektoriyası ailə və məktəbin ortaq məsuliyyəti ilə formalaşır. “Valideyn məktəbi” layihəsi bu əməkdaşlığı təsadüfi deyil, sistemli və məqsədyönlü şəkildə qurmağa xidmət edir. Birlikdə qurulan ailə-məktəb modeli yalnız akademik nəticələri deyil, uşaqların mənəvi, emosional və sosial inkişafını da gücləndirir. Güclü məktəb güclü ailə ilə, güclü ailə isə şüurlu valideynlə formalaşır.”

Şahnigar Əhmədova, “İki sahil”