03 mart 2026 23:16
198

Vergi sistemində süni intellekdən istifadə hansı üstünlüklər vəd edir?

«Kölgə iqtisadiyyatı»nın azalmasına və büdcə gəlirlərinin daha sabit formalaşmasına şərait yaranacaq

Bu gün Azərbaycanda mövcud olan elektron vergi xidmətləri və rəqəmsal vergi inzibatçılığı artıq süni intellektə (AI) transformasiya mərhələsindədir. Qeyd edək ki, süni intellekt insan zəkasını təqlid edən, məlumatlardan öyrənən və qərarlar qəbul edə bilən texnologiyaların ümumi təsnifatıdır. Generativ Süni İntellekt isə AI-nin bir alt sahəsidir və onun əsas fərqi sadəcə mövcud məlumatları təhlil etmək deyil, tamamilə yeni məzmun (mətn, şəkil, audio, video və kod) yaratmaq qabiliyyətidir.

Bəs vergi sistemində süni intellekdən istifadə hansı üstünlüklər  vəd edir? İlk növbədə  bu sistem riskləri avtomatik müəyyən edəcək,  şübhəli əməliyyatları öncədən aşkarlayacaq, yoxlamaları daha ağıllı planlaşdıracaq, vergi ödəyicisinə avtomatik məsləhət verəcək.  Eyni zamanda, qanunvericiliyi izah edən virtual köməkçi kimi çıxış edəcək. Yəni, elektron  inzibatçılıq olmaqdan çıxmaqla intellektual inzibatçılığa çevriləcək.

Hazırda bu sistemə keçmək üçün ciddi işlər görülür. Xüsusilə . məlumat bazalarının birləşdirilməsi və keyfiyyətin artırılması üzərində işlənilir. Yəni, AI üçün əsas problem məlumatın çoxluğu deyil, keyfiyyətidir. Ona görə də vergi, gömrük, bank, statisika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, ədliyyə və digər bazalar inteqrasiya ediləcəkdir.  Bununla da  məlumatların təkrarlanması və uyğunsuzluğu aradan qaldırılacaq.

Hazırda vergidə süni intellektin tam olaraq formalaşaması üçün önəmli dəqiqləşmələr aparılır. Belə ki,  qərarın kim tərəfindən verildiyi (AI, yoxsa insan) hüquqi müəyyən olunmalıdır, Həmçinin  AI-nin səhv qərarına görə məsuliyyət mexanizmi formalaşdırılmalıdır. Bundan başqa, vergi ödəyicisinin AI qərarına etiraz hüququ qorunmalı və  şəxsi məlumatların qorunması daha sərt tənzimlənməlidir.

Vergi sistemində süni intellektdən istifadə istənilən vergi ödəyicisinin suallarını cavablandıracaq. Xüsusilə  bəyannaməni doldurmağa kömək edəcək,  qanunvericilikdə əks olunan maddələr və vergi riskləri haqqında əvvəlcədən  məlumat verəcək.

Burada digər mühüm  məsələ süni intellektin təlim bazasının yaradılmasıdır. Yəni, qüsursuz işləməsi üçün ona Azərbaycan Respublikasının Vergi Məcəlləsi,  Nazirlər Kabinetinin qərarları, vergi orqanının metodiki göstərişləri, məhkəmə təcrübəsi və  izahat məktubları yüklənəcəkdir. Daxili prosedurlar kimi sənədlər strukturlaşdırılmış formada verilməlidir (əks halda AI yanlış cavablar verə bilər). Bu, həm xidmətin keyfiyyətini artırar, həm də əməkdaşın yükünü azaldar.

İndi Azərbaycanda elektron vergi xidmətlərinin mövcudluğu süni intellektə keçid üçün mühüm baza rolunu oynayır. Ən başlıcası isə süni intellektin tətbiqi risk əsaslı vergi nəzarətinin səmərəliliyini artırmaqla yanaşı, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək, «kölgə iqtisadiyyatı»nın azalmasına və büdcə gəlirlərinin daha sabit formalaşmasına şərait yaradacaqdır.

Elçin Zaman, «İki sahil»