04 mart 2026 00:41
106

Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı nikbin proqnoz

Ölkəmizdə nominal ÜDM-i 2025-ci ildəki 129,09 milyard manatdan 2026-cı ildə 132,47 milyard manata yüksələcək

Prezident İlham Əliyevin dərin elmi əsaslara və əməli siyasətə söykənən iqtisadi siyasətinin uğurla davam etdirilməsi nəticəsində son 23 ildə ölkəmizdə bütün sahələrdə böyük uğurlar qazanılıb. Respublikamızın maliyyə imkanlarının artması, onun transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub.

Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Həyata keçirilən tədbirlər yeni iş yerlərinin, emal müəssisələrinin açılmasına, iqtisadi sahədə innovasiyalar üçün stimulun yaranmasına, investisiyalar cəlb olunmasına ciddi təkan verib. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət proqramlarının uğurla icrası sayəsində ölkəmizin bölgələrinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Proqramların uğurli icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb.

Ötən il üzrə makroiqtisadi göstəricilər qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artmaqda olduğunu və şaxələndirilmiş iqtisadi siyasətin uğurla reallaşdırıldığını bir daha təsdiqləyir. Belə ki, ötən il ümumi daxili məhsul (ÜDM) istehsalı 9,3 faiz artaraq 34,6 milyard manata çatmışdır. ÜDM istehsalının artımı neft sektorunda 14,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz olmuşdur. Hesabat ilində büdcə gəlirlərinin 40,2 faizi əlavə dəyər vergisindən, 29,8 faizi hüquqi şəxslərin mənfəət vergisindən, 12 faizi fiziki şəxslərin gəlir vergisindən, 6 faizi aksiz vergisindən, 5,6 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olmuşdur. Büdcə xərclərinin 3 milyard 162,2 milyon manatı və ya 40 faizi iqtisadiyyatın inkişafına, 1 milyard manatı və ya 12,7 faizi əhalinin sosial müdafiəsi və sosial təminatına, 1 milyard 313 milyon manatı və ya 16,6 faizi isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilmişdir. Sənayenin inkişafında özəl bölmənin xüsusi çəkisi ötən illə müqayisədə 13,8 artaraq 79,9 faizə çatmışdır. Əhalinin gəlirləri 8 faiz artaraq 22,4 milyard manat təşkil etmişdir. Ölkəmizin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 298 manat olmuşdur ki, bu da 2008-ci illə müqayisədə 8,6 faiz çoxdur. Yoxsulluq səviyyəsi azalaraq 11 faizə düşmüşdür.

Azərbaycanın qeyri-neft sektorunda qeydə alınan inkişaf göstəricilərini təkcə yerli təşkilatlar deyil, beynəlxalq təşkilatlar da açıqladıqları proqnozlarda bildirirlər. Bu proqnozlarda Azərbaycanın qeyri-neft sektorunun inkişafının davam edəcəyi rəqəmlərlə əsaslandırılır. Bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) 2031-ci ilə qədər Azərbaycanın nominal ümumi daxili məhsulunun artımının davam edəcəyini proqnozlaşdırıb. Bu artım əsasən qeyri-neft sektorunun genişlənməsi hesabına baş verəcək və karbohidrogen hasilatında davam edən zəifliyə baxmayaraq təmin olunacaq. BVF-nin proqnozlarına əsasən, Azərbaycanın nominal ÜDM-i 2025-ci ildəki 129,09 milyard manatdan 2026-cı ildə 132,47 milyard manata yüksələcək. 2027-ci ildə göstəricinin 139,74 milyard manat, 2028-ci ildə isə 148,21 milyard manat səviyyəsində olacağı gözlənilir. Sonrakı dövrdə iqtisadiyyatın sabit artım trayektoriyasını qoruyacağı proqnozlaşdırılır: 2029-cu ildə nominal ÜDM 157,51 milyard manat, 2030-cu ildə 167,37 milyard manat və 2031-ci ildə 177,97 milyard manat təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın nominal ÜDM-i 2023-cü ildə 123,13 milyard manat, 2024-cü ildə isə 126,52 milyard manat olub. BVF qeyri-neft iqtisadiyyatının artımın əsas hərəkətverici qüvvəsi olaraq qalacağını gözləyir. Proqnozlara görə, nominal qeyri-neft ÜDM-i 2025-ci ildəki 92,31 milyard manatdan 2026-cı ildə 100,7 milyard manata yüksələcək. Artımın 2027-ci ildə 109,02 milyard manata, 2028-ci ildə 117,39 milyard manata və 2029-cu ildə 126,36 milyard manata çatacağı gözlənilir. Fondun qiymətləndirməsinə əsasən, qeyri-neft ÜDM-i 2030-cu ildə 136,02 milyard manat, 2031-ci ildə isə 146,41 milyard manat təşkil edəcək.

Sevinc Azadi, “İki sahil”