04 mart 2026 12:58
104

Trampın tərəfdarları İrana qarşı müharibənin məqsədəuyğunluğunu sual altına alır - "Politico"

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatın konkret məqsədlərini hələ də aydın şəkildə təqdim etməyib və bu, hətta prezident Donald Trumpın ən sadiq tərəfdarları arasında belə suallar doğurur. Məqalədə qeyd olunur ki, Ağ Evin mövqeyini əsaslandırmaq üçün vaxtı sürətlə azalır.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Tehranın ilk cavab zərbələri nəticəsində altı amerikalı hərbçi həlak olub. Bu isə əməliyyatın məqsədləri və perspektivləri ilə bağlı müzakirələri daha da gücləndirib.

Məqalədə vurğulanır ki, münaqişə Respublikaçılar Partiyası daxilində, xüsusilə MAGA hərəkatı çərçivəsində həssas bir məqamda baş verir. Bu düşərgə ABŞ-ın diqqətini daxili problemlərə yönəltməyə çağırır və ölkənin uzunmüddətli xarici müharibəyə cəlb olunmasından ehtiyat edir.

"Politico" yazır ki, yanacaq qiymətlərinin artması da administrasiya üçün əlavə risk faktorudur. ABŞ-da benzinin bahalaşması seçicilərin gündəlik həyatına birbaşa təsir göstərir və bu, Trampın “yaşayışın əlçatanlığı” ilə bağlı əsas iqtisadi arqumentlərini zəiflədə bilər. Noyabr seçkiləri ərəfəsində belə bir dinamika Respublikaçılar Partiyasının dəstəyinə təsir göstərə bilər.