Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmi ilə bağlı əhali və fermerlərin nin maarifləndirilməsi davam edir.
“İki sahil” xəbər verir ki, bu işlər çərçivəsində Zərdab rayonunda fermerlərlə növbəti görüş keçirilib. Aqrar Sığorta Fondu və Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən görüşdə kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən fermer, sahibkarlar və təsərrüfat nümayəndələri iştirak edib.
Tədbirdə Zərdab rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Pərvin Mahmudova rayonun kənd təsərrüfatı haqqında məlumat verərək bildirib ki, Zərdab rayonu iqtisadiyyatının böyük hissəsi - 60%-i kənd təsərrüfatının payına düşür, rayon əhalisinin isə 80%-i kəndlərdə yaşayır.
P.Mahmudova bildirib ki, Zərdabda 33 min hektardan artıq əkin sahəsinin böyük hissəsi – təqribən 29 min hektarı taxıl və yem bitkilərinin payına düşür. Buğda-arpa əkilən ərazilər 14 min hektardan artıqdır. Bundan başqa, rayonda 3100 hektar sahədə pambıq, 505 hektar qarğıdalı, 380 hektar çəltik, təqribən 700 hektar sahədə isə kartof, tərəvəz və bostan bitkiləri əkilir. Rayonda dolu, leysan və subasma kimi halların əkinlərə zərər vurduğunu xatırladaq başçının müavini fermerləri əkin sahələrini sığorta etməyə çağırıb.
Görüşdə iştirak edən Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İdayət Zeynalov bildirib ki, aqrar sığorta mexanizmi ölkədə kənd təsərrüfatına və fermerlərə dəstək, müxtəlif hadisələr nəticəsində təsərrüfatlara dəymiş zərəri qarşılamaq üçün işə düşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını müxtəlif risklərdən sığortalayır. Bura təbiət hadisələri, dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair aiddir. Heyvandarlıq təsərrüfatları isə əlavə olaraq yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan və həşərat sancması kimi risklərdən sığortalanır.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
İdayət Zeynalov bildirib ki, 5 ildir ki, fəaliyyətə başlayan Aqrar Sığorta Fondu bütün ölkə üzrə ödənişlər həyata keçirir – təkcə 2025-ci ilodə dəymiş zərərlər üzrə 9,2 milyon manat ödəniş edilib ki, bunun da 8,8 milyon manatı bitkiçilik, 400 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşür.
Aqrar Sığorta Fondunun nümayəndəsi, fermerləri, xüsusilə də pambıq əkini ilə məşğul olanları öz təsərrüfatlarını sığortalamağa dəvət edib.
Tədbirdə Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, ayrı-ayrı bitkilərin sığortalanması qaydaları və şərtləri barədə təqdimat edilib. Bildirilib ki, Mərkəzi Aran regionuna daxil olan Zərdab, ölkədə aqrar sığorta haqlarının ən aşağı olduğu rayonlardandır. Dövlətin fermerlərə 50%-lik dəstəyini də nəzərə aldıqda, Zərdab rayonunda 1000 manatlıq 1 hektar buğda sahəsinin sığortalanması cəmi 7,4 manata, 3000 manatlıq 1 hektar pambıq sahəsinin sığortası isə fermerə cəmi 15 manata başa gəlir.
Heyvandarlıq təsərrüfatlarında isə 1000 manatlıq mal-qaranın illik sığortası 24 manat, 300 manatlıq xırdabuynuzlu heyvanın sığortalanması isə cəmi 7 manata başa gəlir.
Tədbirdə bildirilib ki, Zərdab rayonunda 100 min manata yaxın sığorta ödənişi edilib ki, bununla 55 min manatı heyvnadarlıq təsərrüfatı üzrə, 45 min manata yaxın hissə isə bitkiçilik üzrə həyata keçirilib.
Sığorta ödənişləri pambıq və arpa sahələrinə dolu, leysan və sel-subasma nəticəsində dəymiş zərərlər üzrə ödənilib.
Heyvnadarlıq zərərləri isə yemdən zəhərlənmə və yoluxucu xəstəliklər üzrə edilib.
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, 2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən pambıq sahələrinə dəymiş zərərlər üzrə fermerlərə 960 min manata yaxın ödəniş edilib.
Aqrar sığorta ilə bağlı məlumatlar, xüsusilə ödəniş şərtləri fermerlərin böyük marağına səbəb olub. Aqrar Sığorta Fondunun nümayəndələrinə çoxsaylı suallar ünvanlayıb və onlara ətraflı cavab verilib.
Xatırladaq ki, sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.