
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu EUROCONTROL-un məlumatları ilə bağlı yaydığı yazılı açıqlamada Türkiyənin aeronaviqasiya xidmətləri sahəsində tarixi rekord əldə etdiyini vurğulayıb: “Bununla da ölkə EUROCONTROL-a üzv olan 42 dövlət arasında lider mövqeyini daha da möhkəmləndirib. Son üç ay ərzində Türkiyə Avropada ən çox xidmət istehsal edən ölkə olaraq, başda Fransa olmaqla digər Avropa dövlətlərini geridə qoyub.”

Abdulkadir Uraloğlu bildirib ki, xidmət vahidlərinin sayı hava gəmisinin çəkisi və qət etdiyi məsafə əsasında hesablanır və bu göstərici hava məkanının buraxılış qabiliyyətinin ən mühüm indikatorlarından biri hesab olunur. O əlavə edib ki, EUROCONTROL-un Statistika və Proqnoz Bölməsi tərəfindən dərc edilən son hesabatda Türkiyənin hava hərəkətinin artım tempi və infrastruktur imkanları sayəsində liderliyini uzun illər qoruyub saxlayacağı proqnozlaşdırılır: “Yanvar ayında əldə olunan 1,6 milyondan artıq xidmət vahidi səviyyəsi Türkiyənin qlobal aviasiya şəbəkəsindəki əsas rolunu açıq şəkildə nümayiş etdirir. Uçuş təhlükəsizliyini əsas götürən yanaşma ilə həyata keçirdiyimiz qabaqcıl texnologiyalar və uzaqgörən infrastruktur investisiyaları sayəsində sistemin buraxılış qabiliyyətini ən yüksək səviyyəyə çatdırmışıq. Bu çərçivədə tətbiq olunan innovativ hava hərəkətinin idarə olunması strategiyası Türkiyəni aviasiya sahəsində regional tranzit mərkəzi mövqeyindən daha irəli apararaq Avropanın mübahisəsiz liderlərindən birinə çevirib. Əldə etdiyimiz bu nailiyyətlə Dövlət Hava Meydanları İşletmesi Genel Müdürlüğü və Türkiyə hava məkanında təqdim etdiyimiz xidmətlərin keyfiyyəti beynəlxalq miqyasda bir daha təsdiqlənib.”
Orxan Vahidoğlu, “İki sahil”