25 fevral 2026 19:12
102

Mərkəzi Asiya ölkələri Azərbaycanın önəmli ticarət tərəfdaşlarıdır

Hazırda Mərkəzi Asiya dünyanın sürətlə inkişaf edən regionlarından biridir.  Bu, regionun geosiyasi çəkisinin artması, yeni ticarət marşrutlarının formalaşması və enerji-logistika əməkdaşlığının dərinləşməsi ilə müşayiət edilir. Təkcə 2024-cü ildə Mərkəzi Asiya ölkələri 500 milyard ABŞ dollarından çox birgə nominal ümumi daxili məhsul (ÜDM) istehsal edib. Azərbaycan və Mərkəzi Asiya dövlətləri birlikdə 575 milyard dollarlıq iqtisadiyyata malikdir. İqtisadçıların bildirdiyinə görə, 2026-cı ilin  ilin sonunda adıçəkilən region ölkələrinin və Azərbaycanın ÜDM-nin birgə həcmi 700 milyard dollara yaxınlaşacaqdır.

Bu gün Mərkəzi Asiya ölkələri  ümumi 6,2 faiz illik iqtisadi artım ilə diqqət çəkir və bu temp dünya üzrə orta illik artımı 2 dəfə üstələyir. Belə ki, son 8 ildə bu region dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfəyə yaxın artaraq 2,5 milyard ABŞ dollarından 12 milyard dollara çatıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb.

Qeyd olunan iqtisadi üstünlüklərlə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu)   genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial buna misal göstərilə bilər. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də ciddi töhfə verəcəyi gözlənilir.

Xüsusilə son 5 ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsinin 3 dəfə artması yuxarıda deyilənlərə əyani sübutdur. 2024-cü ildə 252 milyon dollara bərabər olan ticarət dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki  ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Bu, o deməkdir ki, ötən ilin  9 ayında ölkələrimiz arasındakı ticarət dövriyyəsi bütövlükdə əvvəlki ilə müqayisədə 27 faiz çox olub. Bütün bunlar onu deməyə əsas verir ki, cari ildə də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub saxlanılacaq. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər.

Azərbaycan Özbəkistanla həm də iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Belə ki, nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları  genişlənməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb.

Xüsusi qeyd edilməlidir ki, son bir neçə ildə Azərbaycanla Qazaxıstan arasında da ikitərəfli ticarətdə böyük artım müşahidə olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin səkkiz ayında ticarət dövriyyəsi 547,6 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən üç dəfə çoxdur. Eyni zamanda, hər iki ölkənin sahibkarları arasında da fəal biznes əlaqələri qurulub. Qazaxıstanda Azərbaycan kapitallı 1500-ə yaxın şirkət, Azərbaycanda isə 150-yə yaxın Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. Bu, onların bir-birinin bazarlarında iqtisadi iştirakını genişləndirmək üzrə qarşılıqlı marağı əks etdirir.

Qazaxıstan bu gün Azərbaycandan keçən loqistika və nəqliyyat məkanlarından da geniş istifadə edir. Xüsusilə tranzit və ixrac axınları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca sürət qazanmağa davam edir. 2025-ci ildə bu dəhlizlə 2,8 milyon ton yük daşınıb ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə  iki faiz artım deməkdir.

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixracı da davam edir. 2022-ci ilin noyabr ayından etibarən Qazaxstanın  «KazMunayQaz» dövlət şirkəti SOCAR ilə birlikdə bu marşrutla neft tədarükünü həyata keçirir. Hər il daşınmadakı həcmlər tədricən artır. 2023-cü ildə 1 milyon tondan çox, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ildə isə təxminən 1, 5 milyon ton yük daşınıb. Həmçinin 2027-ci ilə qədər bu marşrutla neft ixracının ildə 7 milyon tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv seçilib. Bu fakt da ölkəmizə ciddi  üstünlüklər qazandırır. Bir sözlə,  Şərq-Qərb dəhlizinin əsas həlqəsinin Azərbaycandan keçdiyi nəzərə alınmaqla, həmçinin yaxın gəəcəkdə  Zəngəzur dəhlizinin reallaşması ilə ölkəmizin nəqliyyat –loqistika liderliyinin daha da möhkəmlənəcəyini demək mümkündür. Hətta proqnozlara görə, Mərkəzi Asiyadan göndərilən yüklərin 70 faizindən  çoxu Azərbaycan üzərindən Avropaya çıxarıla bilər.

Elçin Zaman, «İki sahil»