12 fevral 2026 23:55
106

Almaniya 12 "Patriot" HHM sistemindən beşini Ukraynaya təhvil verib

Almaniya artıq Ukraynaya öz 12 "Patriot" hava hücumundan müdafiə (HHM) sistemindən 5-ni təhvil verib.

“İki sahil” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "istəklilər koalisiyası"nın görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hava hücumundan müdafiə Ukraynaya dəstəyin prioritetlərindən biridir.

"Almaniya artıq öz 12 "Patriot" sistemindən 5-ni təhvil verib. Biz ardıcıl olaraq "IRIS-T" sistemlərini, idarəolunan raketləri və müxtəlif tipli döyüş sursatlarını tədarük edirik", - o bildirib və xatırladıb ki, ümumilikdə 2026-cı ildə Ukraynaya dəstək üçün Almaniyanın federal büdcəsində 11,5 milyard avro nəzərdə tutulub.

"HHM və pilotsuz uçuş aparatları şəklində daimi dəstəyimizdən əlavə, biz uzaqmənzilli artilleriya üçün döyüş sursatlarının maliyyələşdirilməsini təmin edəcəyik. Tərəfdaş ölkələrin sənayesinin Ukrayna ilə sıx əməkdaşlığı bizim üçün vacibdir. Ona görə də çox şadam ki, Almaniyada birgə müəssisə çərçivəsində Ukrayna pilotsuz uçuş aparatlarının istehsalına yenicə başlanılıb", - Pistorius qeyd edib.

Onun sözlərinə görə, digər tərəfdaş ölkələrin ümumilikdə 30 raket ianə etməsi şərti ilə Almaniya həmçinin Ukraynaya 5 ədəd "PAC-3" tutucu raketi təqdim edəcək.

Pistorius vurğulayıb ki, Ukrayna bundan sonra da Almaniyanın dəstəyinə arxalana bilər.