12 fevral 2026 14:30
252

Havada, quruda, dənizdə - Türkiyənin YENİ QÜRURU

Türkiyənin ilk pilotsuz dəniz aparatı ixracına imza atan “ULAQ Global” beynəlxalq arenadakı uğurunu Səudiyyə Ərəbistanında davam etdirib. “SAMI Group”un törəmə şirkəti və İctimai İnvestisiya Fonduna (PIF) məxsus “SAMI Autonomous Company” pilotsuz dəniz sistemləri sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə “ULAQ Global Autonomous Systems” ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “World Defense Show 2026” sərgisi çərçivəsində əməkdaşlıq sazişi imzalayıb.

Saziş Səudiyyə Ərəbistanında pilotsuz dəniz sistemlərinin dizaynı, inkişaf etdirilməsi, istehsalı, sistem inteqrasiyası və texniki xidməti əhatə edən genişmiqyaslı əməkdaşlıq çərçivəsinin formalaşdırılmasını hədəfləyir. Bu əməkdaşlıq vasitəsilə texnologiya transferi, birgə inkişaf fəaliyyəti və yerli istehsal prosesləri dəstəklənəcək.

Bu sahədə Səudiyyə Ərəbistanında imzalanan ilk razılaşma olmaqla seçilən əməkdaşlıq “Vizyon 2030” hədəflərinə uyğun olaraq dənizçilik və müdafiə imkanlarının lokallaşdırılmasına, eləcə də dayanıqlı müdafiə sənayesi ekosisteminin qurulmasına mühüm töhfə verəcək.

“ULAQ Global”in İdarə Heyətinin üzvü Kerem Kalafatoğlu “Anadolu” xəbər agentliyinə bildirib ki, Səudiyyə Ərəbistanına səfərlərinin əsas səbəblərindən biri də məhz bu mühüm sazişdir.

“SAMI” ilə imzalanan razılaşmanın həm şirkətləri, həm də Türkiyənin müdafiə sənayesi üçün vacib addım olduğunu vurğulayan Kalafatoğlu qeyd edib ki, bu çərçivədə pilotsuz dəniz aparatlarının birgə hazırlanması, texnologiya transferi və yerli istehsalını nəzərdə tutan əməkdaşlıq qurulub.

Pilotsuz dəniz aparatları üzrə ixrac uğurlarının davam edəcəyini bildirən K.Kalafatoğlu qeyd edib ki, yalnız Səudiyyə Ərəbistanı ilə deyil, dünya miqyasında biznesin inkişafı istiqamətində fəaliyyətlərimiz davam edir: “Səudiyyə Ərəbistanı ilə bu təşəbbüs bizə istehsalı ölkə daxilində davam etdirmək və uzunmüddətli gəlir formalaşdırmaq imkanı yaradır. Məqsədimiz təkcə Səudiyyə Ərəbistanına deyil, bütün dünyaya “ULAQ” ixrac etməkdir. “ULAQ Global” olaraq illər ərzində topladığımız bilik və təcrübəni səudiyyəli tərəfdaşlarımızla bölüşərək yerli pilotsuz dəniz aparatı istehsalına töhfə verəcəyik. Yalnız bu regionda deyil, Avropa və ABŞ istiqamətində də fəaliyyətlərimiz davam edir. Şirkətimizi adında olduğu kimi qlobal miqyasda böyütməyi hədəfləyirik. Yaxın zamanda daha geniş xəbərlərin açıqlanacağına ümid edirik.”

Orxan Vahidoğlu, “İki sahil”