06 fevral 2026 17:07
104

ABŞ nüvə potensialını genişləndirməklə hədələyib

ABŞ rəsmiləri zərurət yaranacağı təqdirdə ölkənin nüvə potensialını genişləndirməyə hazır olduqlarını bəyan ediblər.

“İki sahil” "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, vu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinannonun açıqlamasında bildirilir.

Tomas Dinanno bu bəyanatla Cenevrədə keçirilən Silahsızlanma Konfransında çıxışı zamanı çıxış edib. Onun sözlərinə görə, ABŞ mövcud təhlükəsizlik mühitinə cavab olaraq müxtəlif addımlar atma ehtimalını istisna etmir.

“Bu tədbirlərə mövcud qüvvələrin genişləndirilməsi, nüvə potensialımızın şaxələndirilməsi, orta və daha qısa mənzilli nüvə qüvvələrinin yaradılması və yerləşdirilməsi, həmçinin zərurət yarandıqda nüvə caydırıcılığı konsepsiyamıza dəyişikliklərin edilməsi daxildir”, – deyə Dinanno qeyd edib.

ABŞ rəsmisinin bu açıqlaması qlobal təhlükəsizlik mühitində artan gərginlik fonunda səslənib. Son illər silahlara nəzarət üzrə beynəlxalq razılaşmaların zəifləməsi və bir sıra müqavilələrin qüvvədən düşməsi nüvə silahlarının yayılması risklərini daha da artırıb.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş nüvə silahından istifadə riskinin son onilliklər ərzində ən yüksək səviyyəyə çatdığını bildirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin əsas vəzifələrindən biri strateji sabitliyin qorunması və nüvə qarşıdurması risklərinin azaldılmasıdır.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu cür bəyanatları həm potensial rəqiblərə xəbərdarlıq xarakteri daşıyır, həm də silahlara nəzarət və nüvə təhlükəsizliyi üzrə gələcək danışıqlarda ABŞ-ın mövqeyini gücləndirməyə yönəlib.