31 yanvar 2026 00:43
134

İrakli Kobaxidze: Ölkə vətəndaşının siyasi fəaliyyətinin xaricdən maliyyələşdirilməsi dövlət suverenliyi prinsipinin pozulmasıdır

Gürcüstan vətəndaşının siyasi fəaliyyətinin kənardan maliyyələşdirilməsi dövlət suverenliyi prinsipinin pozulmasıdır. Buna görə də hökumətin öz ölkəsinin suverenliyini qorumaq üçün konstitusiya öhdəliyi burada rol oynayır.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Onun sözlərinə görə, əgər tələbə təqaüd alırsa, qanunvericilikdəki dəyişikliklər ona təsir etməyəcək, ona görə də istənilən maliyyələşdirmə alan hər kəsin yuxarıda qeyd olunan dəyişikliklərdən təsirlənəcəyi yalandır.

İ.Kobaxidze deyib: "Qanunda siyasətin kənardan maliyyələşdirilməməsi qeyd olunub. Əgər konkret bir şəxs siyasi məzmunun yayılması üçün xarici maliyyələşmə alırsa, bu, əlbəttə ki, qanunla tənzimlənmə predmetinə çevrilə bilər".

Hökumət başçısının sözlərinə görə, siyasət ölkə xaricindən maliyyələşdirilə bilməz, burada məsələ çox sadədir. Qanun siyasətin xaricdən maliyyələşdirilməməsini müəyyən edir və siyasətin nə olduğu da qanunla çox sadə şəkildə izah olunur. Siyasi məzmun varsa, o, xaricdən maliyyələşdirilməməlidir.

O deyib ki, siyasi fəaliyyətlər ölkə xaricindən maliyyələşdirildikdə, dövlətin öz ölkəsinin suverenliyini qorumaq üçün konstitusiya öhdəliyi var.