31 yanvar 2026 00:01
156

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub

Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub.

“İki sahil” xəbər verir ki, tanışlıq zamanı “Azərbaycan otağı”nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib. Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü - tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.