02 fevral 2026 19:12
149

Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır

Rəsmi İrəvan anlayır ki, Avropa İttifaqının regionda prosesləri idarə etməyə cəhd göstərməsi onun maraqlarına cavab vermir və regional münasibətlərin taleyi üçüncü tərəflərin deyil, birbaşa maraqlı ölkələrin, yəni Azərbaycan və Ermənistanın dialoqu ilə həll olunmalıdır

Bu gün regionda sülh üçün ən əlverişli şərait mövcuddur. Ermənistanın siyasi rəhbərliyi müxtəlif platformalarda sülhlə bağlı pozitiv açıqlamalar verir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Silahlı Qüvvələr Günü münasibətilə xalqa müraciətində bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Ermənistanın təhlükəsizliyi üçün ən etibarlı təminatdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu günlərdə AŞPA-da çıxışı zamanı Azərbaycanla sülhün mümkün və real olduğunu bəyan edib. Mirzoyan İrəvanın Cənubi Qafqazda sabitliyin təmin olunması üçün şüurlu seçim etdiyini, bu istiqamətdə ardıcıl addımlar atıldığını vurğulayıb. Mirzoyan bildirib ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması və ratifikasiya edilməsi mümkündür. Bu fikirlər əslində sübut edir ki, erməni hökuməti uzun illər davam edən yanlış siyasi xəttinin artıq dalana dirəndiyini anlayıb. Mirzoyanın açıqlamalarında diqqət çəkən əsas məqam ondan ibarət olub ki, Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizlik yalnız region ölkələrinin öz aralarında əldə edəcəyi razılaşmalar əsasında mümkün ola bilər. Erməni diplomatın çıxışı "Ermənistanın inkişafı, iqtisadi cəhətdən regiona inteqrasiyası, supergüclərin boyunduruğundan qurtulması Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, qarşılıqlı əlaqələr əsasında və kənar müdaxilə olmadan qurula bilər" tezisi üzərində qurulub.

Maraqlıdır ki, son dövrlər iki ölkə arasında sülh gündəminin daha da irəli getməsi, münasibətlərin hər gün daha da inkişaf etməsi, İrəvanın "inkişafın və sabitliyin yolu Bakıdan keçir" fikrini artıq dərk etməsi bir sıra dairələri narahat etməyə başlayıb. Elə Avropa İttifaqının Ermənistana hərbi yardım paketini təsdiqləməsinə də bu prizmadan yanaşmaq lazımdır. Rəsmi Brüssel bu addımı təhlükəsizlik və dayanıqlılıq prizmasından təqdim etsə də, real mənzərə fərqlidir. Aİ-nin bu paketi İrəvanı öz siyasi və geosiyasi təsir dairəsində saxlamaq, Ermənistanın müstəqil manevr imkanlarını məhdudlaşdırmaq və onu Qərbin regional strategiyasının bir elementi kimi qorumaq məqsədi daşıyır. Bu yardım Ermənistanın xarici siyasət vektorunu nəzarətdə saxlamağa xidmət edir. Elə bu səbəbdən də Mirzoyanın Avropa İttifaqına təşəkkür mesajı ilə yanaşı səsləndirdiyi fikirlər əslində diplomatik nəzakətdən daha çox xəbərdarlıq kimi də oxuna bilər. Yəni, İrəvan təşəkkür edir, eyni zamanda, Avropanı regiondakı proseslərə konstruktiv dəstək verməyə çağırır, müdaxilədən çəkinməyə, qarşılıqlı anlaşmanı qorumağa çalışır. Bunu Ermənistanın diplomatik balansı qorumaq cəhdi kimi də qiymətləndirə bilərik. Yəni, Paşinyan hökuməti Avropaya dəstəyə görə minnətdarlıq edir, amma bölgədə Ermənistan və Azərbaycan arasında qərarlar Bakı və İrəvan tərəfindən qəbul edilməlidir. Bu da göstərir ki, Ermənistan Avropaya inteqrasiyanı strateji məqsəd kimi saxlayır. Amma paralel olaraq, qonşularla münasibətləri praqmatik zəmində formalaşdırmağa çalışır. Yəni, rəsmi İrəvanın xarici siyasət kursu təkcə Avropa istiqamətində deyil. Regiondakı reallıqları dərk edərək, Azərbaycan və Türkiyə ilə də əməkdaşlıq çox vacib şərtə və istiqamətə çevrilib. İrəvan anlayır ki, Avropa İttifaqının regionda prosesləri idarə etməyə cəhd göstərməsi Ermənistanın maraqlarına cavab vermir. Bu səbəbdən rəsmi İrəvan açıq şəkildə bildirir ki, regional münasibətlərin taleyi üçüncü tərəflərin deyil, birbaşa maraqlı ölkələrin, yəni Azərbaycan və Ermənistanın dialoqu ilə həll olunmalıdır.

Paşinyan hökuməti artıq aydın şəkildə dərk edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanın nə siyasi gələcəyi, nə də iqtisadi inkişaf perspektivi mövcuddur. Uzun illər aparılan səhv qonşuluq siyasəti, torpaq iddiası və düşmənçilik üzərində qurulan yanaşma və xarici güclərə həddindən artıq arxalanma Ermənistanı regional layihələrdən kənarda qoyub. Nəticədə ölkə nəqliyyat dəhlizlərindən, enerji layihələrindən və iqtisadi inteqrasiyadan faktiki olaraq təcrid olunub. Bu səbəbdən də Mirzoyanın AŞPA-dakı çıxışında əsas vurğu Azərbaycanla əməkdaşlıq və sülh prosesinə aiddir. Erməni diplomatın çıxışları və fikirləri sübut edir ki, Ermənistan artıq münaqişə və torpaq iddiası, uydurma tarix xəttindən uzaqlaşır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması strateji prioritetə çevrilib. Bu reallıq fonunda Ermənistanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində səsləndirdiyi fikirlər və atdığı addımlar praqmatik zərurətdən irəli gəlir. Azərbaycan isə hər zaman olduğu kimi, postmüharibə dövründə regionda inteqrasiya, kommunikasiyaların blokdan açılması, real sülhə doğru addımlar atmaqda davam edir. Azərbaycan prinsipial mövqeyini dəyişməz saxlayaraq, sülhün alternativinin olmadığını dəfələrlə bəyan edib. Rəsmi Bakı üçün əsas məsələ sənədlərin imzalanmasından daha çox, onların real icrası və regionda uzunmüddətli sabitliyin təmin olunmasıdır. Bu baxımdan, beynəlxalq aktorların, o cümlədən Avropa İttifaqının məsuliyyəti tərəflərdən birinə üstünlük vermək deyil, sülh prosesinə mane ola biləcək bütün addımlardan çəkinmək olmalıdır.

Sevinc Azadi, “İki sahil”