02 fevral 2026 19:33
183

Azərbaycan gəncliyi: Dövlətin strateji sərmayəsi

Tarixçi-alim: Prezident İlham Əliyevin müraciəti gəncliyi ölkəmizin sosial-siyasi, intellektual və mənəvi inkişafının aparıcı qüvvəsi kimi təqdim edir

2 Fevral – Gənclər Günü Azərbaycan cəmiyyətində gənc nəslin dövlət quruculuğunda, ictimai-siyasi və sosial-iqtisadi proseslərdə rolunun daha dərindən dərk olunması baxımından xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixlərdən biridir. Bu gün təkcə gənclərə ünvanlanan təbrik yox, eyni zamanda, onların üzərinə düşən məsuliyyətin, dövlətin gəncliyə olan etimadının və gələcəyə hesablanmış strateji baxışın ifadəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müasir dövrdə gənclər siyasətinin dünyada nəsillər arasında bağlılığın möhkəmləndirilməsi, sosial inteqrasiyanın təmin olunması və innovativ inkişafın stimullaşdırılması baxımından mühüm vasitə kimi çıxış etdiyini bir daha təsdiqləyir: “Qloballaşan və sürətlə dəyişən dünyada gənclərə öz potensiallarını reallaşdırmaq üçün yaradılan imkanlar onların cəmiyyətin ümumi inkişafında aparıcı qüvvəyə çevrilməsini təmin edir. Azərbaycan dövlətçiliyində gənclər siyasətinin strateji xətt kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən siyasəti ölkənin gələcəyinin məhz gənc nəslin üzərində qurulduğunu aydın şəkildə ortaya qoyur. Azərbaycan gənclərinin rifahının yüksəldilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılması, şəxsiyyət kimi formalaşması üçün zəruri şəraitin yaradılması Heydər Əliyevin dövlət idarəçiliyində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir”.

Forumlardan tarixi çağırışlara: Məsuliyyətli gənclik modeli

Günel Aslanlı qeyd etdi ki, Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti yalnız sosial dəstək mexanizmi deyil, eyni zamanda, cəmiyyətin yenilənməsinə xidmət edən inteqrativ inkişaf strategiyası kimi xarakterizə olunur: “Gənclərin ictimai proseslərə fəal cəlb olunması, onların dövlət quruculuğunda rolunun artırılması bu siyasətin əsas hədəflərindən biri olur. Ulu Öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdə, 1993-cü ilin 22 sentyabrında gənclərlə görüş keçirməklə bu sahəyə verdiyi xüsusi əhəmiyyəti nümayiş etdirir. Dahi liderin gənclərlə bağlı siyasətinin əsas qayəsi gənc nəslin milli dəyərlərə bağlı, vətənpərvər, eyni zamanda, dünya mədəniyyətinə açıq, rəqabətədavamlı və innovativ düşüncəyə malik bir səviyyəyə yüksəldilməsindən ibarət olur.

Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri də 1996-cı ildən başlayaraq təşkil edilən Azərbaycan Gənclərinin Forumlarıdır. Heydər Əliyev həmin forumlarda gənclərə tarixi çağırış edərək bildirmişdir ki, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Gənclərə diqqət və qayğının daha da artırılması məqsədilə 1997-ci ildə 2 fevral tarixinin “Gənclər Günü” kimi təsis edilməsi, həmçinin gənclər siyasəti, bədən tərbiyəsi və idman, gənc istedadlara dəstək sahəsində imzalanan Fərman və sərəncamlar Ulu Öndərin bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasətin bariz ifadəsidir”.

Prezidentin müraciətində gəncliyin strateji rolu

Tarixçi-alimin sözlərinə görə, məhz bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə zənginləşdirilir: “Prezident İlham Əliyevin Azərbaycan gənclərinə 2026-cı il 2 Fevral – Gənclər Günü münasibətilə ünvanladığı müraciət dövlətin gənclər siyasətinin ideoloji və strateji mahiyyətini aydın şəkildə ifadə edir, gəncliyi ölkənin sosial-siyasi, intellektual və mənəvi inkişafının əsas aparıcı qüvvəsi kimi təqdim edir. Müraciətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin ardıcıllığı, bu sahədə həyata keçirilən dövlət proqramlarının real nəticələri və gənclərin cəmiyyət həyatında artan rolu xüsusi vurğulanır. Eyni zamanda, milli dəyərlərə bağlı, müasir çağırışlara açıq gənc nəslin formalaşması Azərbaycanın gələcək inkişafının etibarlı təminatı kimi dəyərləndirilir.

44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bu siyasətin praktik nəticəsi, dövlət–gənclik birliyinin və vətənpərvərlik ruhunun təntənəsi kimi təqdim olunur. Prezidentin müraciətinin sonunda gəncliyə ünvanlanan çağırış isə yeni intibah dövründə innovasiya, yaradıcılıq və təşəbbüskarlıqla dövlət quruculuğuna töhfə vermək məsuliyyətini ön plana çıxarır və Azərbaycan gəncliyinin qarşısında açılan strateji perspektivləri bir daha təsdiqləyir”.

Nigar Orucova, "İki sahil"