02 fevral 2026 18:28
96

Azərbaycanın sülhün möhtəşəm bir nümunəsini təqdim edir - TƏHLİL

Dövlət başçısı İlham Əliyev bildirir ki, biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq

2025-ci il tarixi il kimi yadda qaldı. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Ağ Evdə keçirilən sülh sammiti Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında yeni səhifə açdı. Bu tarixi  görüş Azərbaycan və Ermənistan arasında sülh mətninin razılaşdırılması ilə nəticələndi. Azərbaycanın müəllifi olduğu, beynəlxalq hüququn 5 əsas  prinsipini  özündə əks etdirən sülh gündəliyi Ermənistan tərəfindən qəbul edildi və yekun sülh mətni paraflandı.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər zaman uğurlarımızda öz sözünü deyir. Baxmayaraq istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə  dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalmışıq, bu, dövlətimizin qətiyyətli mövqeyinə heç bir təsir göstərmək imkanında olmayıb, olmayacaq. Azərbaycan hər zaman ən yüksək tribunalardan ikili standartların ədalətsizlik olduğunu bəyan edib və bu yanaşmadan ruhdan düşməyərək daim həqiqətlərinin təbliği istiqamətində fəal mübarizə aparıb.

Azərbaycan müstəqil dövlətdir. Xarici siyasətinin prinsipləri dəyişməzdir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın bu gün sözü imzası qədər dəyərlidir. Ölkəmizin iştirakı olmadan regionda hansısa layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bu mövqe ölkəmizə beynəlxalq dəstək qazandırır. Azərbaycan tarixi Zəfəri ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Azərbaycanın uğurlarının davamlılığı tarixi ədalətə söykənir. 30 illik işğal dövründə xalqımız bir an da belə inamını itirmədi. Əmin idik ki, torpaqlarımız işğaldan azad ediləcək və soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti idi. Dövlət başçısı İlham Əliyevin çıxışlarında, müsahibələrində səsləndirdiyi “Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır” fikirləri  Azərbaycanın uğurlarını şərtləndirən əsas amili bir daha  diqqətə çatdırır. Ölkə Prezidentinin vurğuladığı kimi, çünki biz haqlıyıq və istənilən auditoriyada, tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.  Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq?  Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur.

Tarixi Zəfərimiz ədaləti, beynəlxalq hüququ bərpa etdi. Azərbaycanın şanlı Qələbəmizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla  münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etməsi ədaləti və beynəlxalq hüququ dəstəkləyən dövlətlər tərəfindən  yüksək dəyərləndirildi. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi və bunu daim Ermənistandan da tələb etdi. Müxtəlif məkanlarda müxtəlif tərkibdə görüşlər keçirildi. Azərbaycanın beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifini Ermənistan rəhbərliyi keçirilən görüşlərdə qəbul etsə də görüşlərdən sonra başqa mövqe nümayiş etdirməsi  30 illik işğal dövrünün reallıqlarının təkrarlandığını təsdiqlədi. Bu və ya digər ölkədən asılılıq,onların diktəsi ilə oturub durmaq sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb oldu. Tarixi Zəfərimizdən  ötən ilin  avqust ayınadək baş verən hadisələrin xronologiyasına diqqət yetirmək kifayətdir. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək istəmədi, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi. Nəyi, nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı. Lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa edildi, torpaqlarımız separatçılardan təmizləndi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Suverenliyimizin tam bərpası sülh müqaviləsinin imzalanmasını qaçılmaz etdi. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərini keçirdi. 2024-cü ilin fevralında  keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində cənab İlham Əliyev  tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından geniş bəhs edərək bildirdi ki, bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi. Dövlət başçısı həmin çıxışında bu çağırışı da etdi ki, bizə bu məsələdə vasitəçi lazım deyil. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! 

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a səfəri məsələnin həlli istiqamətində atılan addımların ümumiləşdirilmiş nəticəsi oldu. Məlum olduğu kimi,  dövlət başçısı İlham Əliyev 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Ölkə Prezidenti Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən  qonaqlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini bildirmiş,  tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulamışdılar. Bu məqam da xüsusi qeyd edilmişdir ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.

  Dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə böyük dəstəyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin sülh sazişi üzrə uğur əldə olunması istiqamətində gördüyü işlər təqdir edilir.  Azərbaycanın sülhün möhtəşəm bir nümunəsini təqdim etdiyi xüsusi vurğulandı. Tarixi sülh sazişi ölkəmizin sülhə, barışığa və regional sabitliyin bərqərar edilməsinə töhfələrinin nümayişidir.

  Sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Azərbaycan sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdi və artıq bunun bəhrəsini görür. Dövlət başçısı İlham Əliyev bu günlərdə Davos Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsində də bu mükafatdan bəhs edərək bildirdi ki, belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur: “Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.”

Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ildə  Türk Dünyasının Ali Ordeninə də bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görülmüşdü. Bu Ali Orden dövlətimizin başçısına həmin il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilmişdi. Bununla bağlı qəbul edilən qərarda qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın təklifi ilə cənab  İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mükafatı təqdim edərkən bildirmişdir ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

Qısa təhlili bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın tarixi Zəfəri, suverenliyinin bərpası regional inkişafa, dünya siyasətində yeniliklərə geniş imkanlar yaradıb. 56-cı Davos Dünya İqtisadi Forumu çərçivəsində  “Sülh Şurasının Nizamnaməsi”  sənədinin imzalanması da mühüm məqamları, xüsusilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsini bir daha nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşündə də bu sənədin əhəmiyyətinə xüsusi diqqət yönəldildi. Belə ki,  ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edildi. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi.

Dövlət başçısı İlham Əliyev  “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirakı və ABŞ Prezidenti ilə görüşünə dair sosial media hesablarında videoçarx paylaşdı. Paylaşımda “Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı və ABŞ Prezidenti ilə görüşü (Davos, 22 yanvar 2026-cı il)” sözləri yer aldı.

Göründüyü kimi, Azərbaycanın ədalətə və neynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti, xarici siyasətinin dəyişməz prinsipləri ona davamlı uğurlar qazandırır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi fonunda yeni əməkdaşlıq formatları yaradılacaq, Azərbaycan söz sahibliyini daha da möhkəmləndirəcək, enerji və nəqliyyat layihələri yeni körpülərin qurulmasını təmin edəcək. Bu çağırış beynəlxalq tədbirlərdə, o cümlədən Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransında da səsləndirildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da  sülhü yarada bilmərik.

Yeganə Əliyeva, “İki sahil”