02 fevral 2026 18:49
112

Bu əlamət nevroloji xəstəliyin XƏBƏRÇİSİ OLA BİLƏR

Yuxuda danışmaq, qışqırmaq və ya qəfil hərəkətlər etmək çox vaxt adi vərdiş kimi qiymətləndirilir. Lakin mütəxəssislərin fikrincə, bu davranışlar təkcə yuxunun keyfiyyəti ilə deyil, beynin sağlamlığı ilə də birbaşa əlaqəlidir. Son illər aparılan elmi araşdırmalar göstərir ki, xüsusilə yuxunun röyagörmə mərhələsində (REM yuxusu) ortaya çıxan bəzi davranış pozuntuları gələcəkdə baş verə biləcək ciddi nevroloji xəstəliklərin erkən əlaməti ola bilər.

Nevroloq, professor Talip Asil REM yuxusu ilə bağlı pozuntuların nevroloji baxımdan diqqətlə izlənilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu cür hallar sadə yuxu problemi kimi qəbul edilməməlidir.

Cənubi Koreyada yerləşən Seul Milli Universitetinin alimləri tərəfindən aparılan uzunmüddətli araşdırma zamanı yuxu görmə dövründə müşahidə olunan bəzi davranış pozuntularının demansiya kimi neyrodegenerativ xəstəliklərin erkən xəbərçisi ola biləcəyi ortaya çıxıb. Tədqiqat çərçivəsində izolyasiya olunmuş REM yuxu davranış pozuntusu (iRBD) diaqnozu qoyulmuş 162 pasiyent təxminən 7 il ərzində izlənilib. Orta yaş həddi 66 olan iştirakçıların diqqət, yaddaş və icraedici funksiyalar daxil olmaqla zehni göstəriciləri 320-dən çox neyropsixoloji testlə qiymətləndirilib.

Araşdırmanın nəticələri göstərib ki, iRBD diaqnozu olan şəxslərdə zamanla zehni funksiyalarda nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə olunur. Xüsusilə diqqət və yaddaş sahəsindəki zəifləmənin demansiya və parkinson kimi nevroloji xəstəliklərin erkən mərhələləri ilə əlaqəli ola biləcəyi vurğulanıb.

Araşdırmanı şərh edən professor Talip Asil bildirib ki, REM yuxu davranış pozuntusu çox vaxt sadə yuxu problemi kimi dəyərləndirilir. Halbuki bu vəziyyət ciddi nevroloji xəbərdarlıq siqnalı ola bilər: “Yuxu zamanı qışqırmaq, vurmaq, ani hərəkətlər etmək beynin bəzi nahiyələrində başlayan neyrodegenerativ prosesin erkən əks-sədası ola bilər. Bu əlamətlər təkbaşına yox, kompleks şəkildə qiymətləndirilməlidir.”

Mütəxəssis əlavə edib ki, yuxu pozuntuları ilə yanaşı unutqanlıq, diqqət dağınıqlığı və düşüncə sürətində ləngimə müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalıdır. Onun sözlərinə görə, erkən nevroloji nəzarət demansiya kimi xəstəliklərin inkişaf sürətini azaltmaq baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə 50 yaşdan yuxarı şəxslərdə bu cür əlamətlərin gözardı edilməməsi tövsiyə olunur.

Şahnigar Əhmədova, “İki sahil”