02 fevral 2026 13:29
119

Danışıqlarda ən çətin məsələ ərazi problemidir

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev TASS, Reuters və WarGonzoya verdiyi müsahibədə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda ən mürəkkəb məsələnin ərazi məsələsi olaraq qaldığını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

“Bu məsələ həqiqətən mövcuddur və doğrudan da ən çətin xarakter daşıyır”, - deyə Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, danışıqlar çərçivəsində məsələlərin artıq 90–95 faizi üzrə razılıq əldə edilməsi ilə bağlı məlumatlar var. Lakin Medvedev vurğulayıb ki, ərazilərlə bağlı heç bir “aritmetik hesab” aparıla bilməz.

Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl Rusiyayla ərazi məsələləri üzrə heç bir kompromisə getməyəcəyini açıqlamışdı. “Biz Donbası və Zaporojye Atom Elektrik Stansiyasını (ZAES) döyüşsüz ruslara verməyəcəyik”, - deyə Zelenski bildirmişdi.

Bu bəyanata münasibət bildirən Rusiya Prezidenti mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Zaporojye AES artıq iki ildən çoxdur Rusiya nəzarəti altındadır. Donbas məsələsinə gəldikdə isə, onun sözlərinə görə, cəbhədəki vəziyyətlə bağlı statistika özü hər şeyi açıq şəkildə göstərir.