Amerikalı maliyyəçi Ceffri Epşteynin qurbanlarının vəkilləri Nyu-Yorkda iki federal hakimə müraciət edərək ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilən və “Epşteyn faylları” adlandırılan bölmənin silinməsini tələb ediblər. Buna səbəb sənədlərin redaktəsi zamanı buraxılmış kütləvi səhvlər nəticəsində zərərçəkənlərin şəxsi məlumatlarının açıqlanması olub.
“İki sahil” xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Telekanalın məlumatına görə, sənədlərin dərcindən sonrakı iki gün ərzində təxminən 100 epizod üzrə “minlərlə yanlış redaktə halı” aşkar edilib. Materiallarda, o cümlədən FTB sənədlərində cinayətlər baş verdiyi vaxt yetkinlik yaşına çatmayan şəxslərin tam adları, eləcə də ünvanları və bank rekvizitləri gizlədilmədən qalıb.
Məsələn, 32 azyaşlının adlarının yer aldığı bir elektron məktubda cəmi bir ad redaktə olunaraq gizlədilib. Vəkillərin qiymətləndirməsinə görə, nazirlik “ABŞ tarixində bir gün ərzində qurbanların şəxsi toxunulmazlıq hüququnun bəlkə də ən kobud şəkildə pozulmasına” yol verib.
Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi üzrə 3 milyon sənəd dərc edib. Epşteyn 2019-cu ilin iyulunda Nyu-Yorkda 2002–2005-ci illərdə onlarla azyaşlı qızın Manhettendəki evinə gətirilməsini təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi. Həmin ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra ona qarşı cinayət təqibi dayandırılıb.
Epşteynin yaxın çevrəsinə yüksək vəzifəli məmurlar, iri biznes nümayəndələri və şou-biznes təmsilçiləri daxil olub.