01 fevral 2026 23:57
120

KİV: ABŞ-da qismi şatdaun davam edəcək

Maliyyələşmənin razılaşdırılmaması səbəbindən ABŞ hökumətinin işindəki qismən məcburi fasilə (şatdaun) ən azı fevralın 3-nə qədər davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

Nümayəndələr Palatasının Reqlament Komitəsi hökumətin fəaliyyətinin əlavə maliyyələşdirilməsi haqqında qanun layihəsinə baxmaq üçün bazar ertəsi toplanmalıdır. Qanun layihəsinin müzakirəsi üçün debat proseduruna səsvermə və maliyyələşmə paketi üzrə yekun səsvermənin çərşənbə axşamından tez olmayacağı gözlənilir.

Nümayəndələr Palatasının spikeri Mayk Conson bazar günü "Fox News"a verdiyi müsahibədə məsələnin çərşənbə axşamına qədər həll olunacağına əminliyini bildirib.

"Xatırladım ki, bunlar artıq qəbul edilmiş layihələrdir. Biz bunu yenidən edəcəyik. Hazırda söhbət sadəcə rəsmiyyətdən gedir", – deyə Conson qeyd edib.

Senatın əlavə maliyyələşməni sonda təsdiqləməsinə baxmayaraq, qismən şatdaun rəsmən ABŞ-nin Şərq vaxtı ilə 31 yanvar gecə yarısından başlayıb.