01 fevral 2026 16:35
118

Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Fevralın 1-də Qahirədə “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub.

“İki sahil” xəbər verir ki, Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhərin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İƏT-ə üzv dövlətlərin nazirləri, səfirlər, din xadimlərinin və digər nümayəndə heyətlərinin qatıldıqları tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

İki gün davam edəcək tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunacaq.

Konfransın sonunda “Qahirə Bəyannaməsi”nin qəbul edilməsi gözlənilir.