23 yanvar 2026 13:27
119

Hindistan Rusiya nefti əvəzinə Braziliya, Anqola və BƏƏ-dən neft alıb

Hindistanın ən iri neft-qaz şirkəti olan Indian Oil Rusiya neftini əvəzləmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Anqoladan ümumilikdə 7 milyon barel həcmində neft alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Indian Oil BƏƏ-nin Mercuria treyderindən 1 milyon barel Murban və 2 milyon barel Upper Zakum markalı neft əldə edib. Bundan əlavə, Anqolada fəaliyyət göstərən Exxon şirkətinə məxsus Hungo və Clove yataqlarından hər biri üzrə 1 milyon barel neft korporasiyaya satılıb. Hindistan, eyni zamanda, Braziliyanın Petrobras şirkətindən opsion müqaviləsi çərçivəsində 2 milyon barel neft alıb. Alınan neftin qiyməti açıqlanmayıb.

"Reuters" qeyd edir ki, Hindistan neft emalı zavodları ABŞ-la ticarət sazişi bağlamaq və gömrük rüsumlarının azaldılmasına nail olmaq məqsədilə Rusiya neftinin idxalından imtina etməyə çalışırlar. Xatırladaq ki, 2025-ci ilin avqust ayında Vaşinqton Hindistanın Rusiyadan neft idxal etməsi səbəbindən bu ölkədən gətirilən mallara əlavə 25 faizlik rüsum tətbiq edib. Nəticədə tarif dərəcəsi 50 faizə çatıb.