21 yanvar 2026 22:36
118

"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək

"Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 23,9 %-ni təşkil edəcək.

“İki sahil” agentliyin hesabatına istinadən xəbər verir ki, 2027-ci ildə bu göstərici cüzi azalaraq ÜDM-in 23,8 %-nə düşəcək. "Moody`s" 2025-ci ilin yekunlarına görə də dövlət borcunun eyni səviyyədə - ÜDM-in 23,8 %-i səviyyəsində olacağını gözləyir.

Eyni zamanda, agentliyin qiymətləndirməsinə görə, dövlət borcunun büdcə gəlirlərinə nisbəti, neft qiymətlərinin normallaşması və dövlət xərclərinin artması fonunda tədricən artacaq. Beləliklə, bu göstərici büdcənin yüksək neft gəlirləri əldə etdiyi 2022-ci ildəki 41,6 %-dən sonrakı illərdə 75-80 %-ə qədər artacaq. Xüsusilə, 2026-cı ildə onun 74,6 %, 2027-ci ildə isə 78,4 % səviyyəsində olacağı proqnozlaşdırılır. Artıma baxmayaraq, bu səviyyə "Moody`s" tərəfindən fiskal dayanıqlılıq baxımından hələ də "komfort" həddə hesab edilir.

Agentlik həmçinin dövlət borcuna xidmət yükünün aşağı qalacağını gözləyir. Proqnozlara görə, faiz ödənişləri büdcə gəlirlərinin 6-7 % səviyyəsini ötməyəcək: 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 6,1 % olacağı gözlənilir.

"Moody`s"in proqnozları "Brent" neftinin 2025-ci ildə bir barel üçün 69 ABŞ dolları, 2026-2027-ci illərdə isə 60 ABŞ dolları səviyyəsində orta qiymət ehtimallarına əsaslanır. Ortamüddətli perspektivdə qiymətlərin bir barel üçün 55-75 ABŞ dolları arasında dəyişəcəyi gözlənilir.