Bakı Dövlət Universitetində (BDU) “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan dili milli kimliyimizin, milli yaddaşımızın və mənəvi varlığımızın əsas sütunlarından biridir. Dövlət dili kimi Azərbaycan dilinin saflığının qorunması və inkişafı həm də ardıcıl və məqsədyönlü dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dili siyasəti müstəqillik illərində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və inkişafına böyük töhfə verib. Ulu Öndərin təşəbbüsü ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili müstəqil Azərbaycanın dövlət dili kimi təsbit olunub. O, ana dilinin inkişafı, işlənilməsi, saflığının qorunmasını, gənclərin ana dilinə həmişə bağlı olmasını dönə-dönə vurğulayıb, ədəbiyyat və mədəniyyət xadimləri ilə mütəmadi görüşlərində Azərbaycan dilinin zənginliyindən, onun saflığının qorunmasından bəhs edib.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri, dil və ədəbiyyat məsələlərinə xüsusi həssaslıqla yanaşır. Dövlət dilinin tətbiqi, ondan istifadənin təmin olunması, sürətlə qloballaşan dünyada ana dilinin saflığının qorunması istiqamətində onlarla fərman və sərəncam imzalanıb. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman və sərəncamlar, eləcə də 2012-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və s. kimi sənədlər ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm mərhələ olub. Bu rəsmi sənədlərin məzmunu və müəyyənləşdirdiyi strateji istiqamətlər açıq şəkildə göstərir ki, Azərbaycan dilinin saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Rektor diqqətə çatdırıb ki, qloballaşma və sürətli elmi-texnoloji inkişaf şəraitində Azərbaycan dilinin zənginləşdirilməsi, tətbiq imkanlarının genişləndirilməsi və elmi əsaslarla qorunması xüsusilə əhəmiyyətlidir: “Azərbaycan dilinin saflığının qorunmasına daim həssaslıqla yanaşan Prezident İlham Əliyev həm AMEA-nın 80 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışında, həm də Azərbaycan televiziyalarına verdiyi müsahibədə bu mövzunun əhəmiyyətinə bir daha toxunaraq bizim hər birimizin məsuliyyətini qeyd etdi. Azərbaycan dilinin saflığının qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir. Müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələri, xüsusilə audiovizual media Azərbaycan dilinin işləkliyinin genişləndirilməsində, yayılmasında və ictimai şüurda möhkəmlənməsində mühüm rol oynayır. Televiziya, radio və rəqəmsal platformalar cəmiyyətin geniş təbəqələrinə təsir göstərməklə yanaşı, dilin norma və qaydalarının gündəlik nitqə ötürülməsində əsas vasitələrdən birinə çevrilib. Bu baxımdan audiovizual mediada Azərbaycan dilinin ədəbi normalara uyğun, düzgün və səlis istifadəsi təkcə peşəkar məsuliyyət deyil, eyni zamanda ictimai və mədəni öhdəlikdir. Audiovizual media dil siyasətinin həyata keçirilməsində mühüm tərəfdaş kimi çıxış etməli, dilin normativliyinin qorunmasına və dil mədəniyyətinin yüksəldilməsinə töhfə verməlidir”.
Rektor Elçin Babayev vurğulayıb ki, BDU ölkədə filologiya, Azərbaycan dili və ədəbiyyatını tədris edən ən böyük təhsil müəssisəsi, eləcə də audiovizual mediada çalışan mütəxəssisləri yetişdirən əsas elm və təhsil mərkəzidir: “Təhsil müəssisələrində təkcə ana dilimizin incəliklərini öyrətməyi deyil, həm də onun saflığının qorunması məsələsini diqqətdə saxlamalıyıq. Ana dilimizdə məzmun yaradan media orqanları ilə birgə işləməli, mövcud problemlərin həlli yollarını axtarmalıyıq. BDU-da artıq bu istiqamətdə uğurlar əldə etmişik. Jurnalistika fakültəsində media orqanları tədris prosesinə cəlb olunur, Mətbuat Şurasının, MEDİA Agentliyinin, “Xalq” qəzetinin, “ARB 24” televiziyasının xüsusi otaqları fəaliyyət göstərir. “ARB 24” televiziyası, MEDİA Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası ilə birgə tələbələrə təlimlər keçirik. Hesab edirik ki, BDU ilə MEDİA Agentliyi, Audiovizual Şura və audiovizual media subyektlərinin ana dilimizin saflığının qorunması istiqamətində birgə fəaliyyəti, əvvəlki layihələrdə olduğu kimi, bu dəfə də öz müsbət nəticəsini verəcək”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir: “Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik. Medianın İnkişafı Agentliyi də dilimizin mediada düzgün istifadəsi və qanunvericiliyin tələblərinə uyğun addımların atılması işini davam etdirəcək. Dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaq, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan vermək Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biridir”.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qeyd edib ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə baş verən bütün müsbət və mənfi hallar, o cümlədən dil mədəniyyətinin səviyyəsi ilk növbədə mediada əks olunur. Bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Dil normalarına riayət olunması, ədəbi dilin qorunması və düzgün təqdim edilməsi cəmiyyətə birbaşa təsir göstərir. Rövşən Məmmədov vəziyyətdən çıxış yolunun yalnız media ilə bağlı olmadığını, xüsusilə orta məktəblərin birinci sinfindən Azərbaycan dilinin ciddi tədrisinə ehtiyac duyulduğunu bildirib.
Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov deyib ki, yeni informasiya çağırışları - qloballaşma, rəqəmsallaşma və sosial şəbəkələrin sürətli yayılması Azərbaycan dilinin audiovizual mediada istifadəsinə həm yeni imkanlar, həm də risklər gətirir. Audiovizual media dövlətin dil siyasətinin praktik müstəvidə həyata keçirildiyi əsas sahələrdən biridir. Media vasitəsilə təqdim olunan dil formaları cəmiyyətin ümumi dil mədəniyyətini formalaşdırır, xüsusilə gənc nəsildə dil davranışına təsir göstərir. Bu səbəbdən televiziya və radio yayımında ədəbi dil normalarına riayət edilməsi yalnız estetik məsələ deyil, həm də hüquqi və ictimai məsuliyyətdir: “Müasir media mühitində Azərbaycan dilinin saflığını təhdid edən əsas amillərdən biri xarici dillərin təsirinin artmasıdır. Elm, texnologiya, kommunikasiyalar inkişaf etdikcə dillər arasında qarşılıqlı təsir də artır. Azərbaycanın audiovizual mediasında xüsusilə ingilis, rus, türk dillərindən alınma sözlərin geniş yayılması müşahidə olunur. Bəzən Azərbaycan dilində qarşılıq olduğu halda belə, xarici sözlərə üstünlük verilir. Bu hal dilin leksik saflığını zəiflədir və dil mühitində süni bir qarışıqlıq yaradır. Bu cür halların qarşısının alınması məqsədilə Audiovizual Şura ötən ildən televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Hazırda bu monitorinqlər davam etdirilir”.
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev və “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasının dövlətin təhlükəsilzik konsepsiyasının mühüm elementi olduğunu bildirib, audivizual məkanda dil normalarına riayət etmək üçün təkliflərini səsləndiriblər.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədov “Televiziya nitqində özünü göstərən bəzi problemlər haqqında”, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli “Teleradio verilişlərində xarakterik dil nöqsanları və onların aradan qaldırılması yolları”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “Gənclərdə nümunəvi nitqin formalaşmasında audiovizual media məzmununun rolu” mövzularında məruzələr ediblər. Məruzələrdə audiovizual mediada müşahidə olunan tələffüz, məna və üslub səhvləri, leksik, qrammatik nöqsanlar sadalanıb. Televiziya və radioların redaktor heyətinin peşəkarlığının artırılmasına, aparıcılar və məzmun yaradıcılıarı üçün davamlı təlimlərin təşkilinə böyük ehtiyac duyulduğu bildirilib. Çıxışlarda televiziya və radiolarda daxili monitorinq qrupunun yaradılması da təklif olunub.