17 yanvar 2026 08:44
134

Litva Rusiyanı yanğın törədilməsində ittiham edib

Litva hakimiyyəti Rusiyanın Baş Kəşfiyyat İdarəsini Ukraynaya hərbi yardım çatdırılması ilə əlaqəli infrastrukturu yandırmaq cəhdində ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə Litva polisi və prokurorluğunun birgə bəyanatında bildirilib.

Məhkəməyə təqdim edilən cinayət işində Rusiya, Belarus, Kuba və İspaniya vətəndaşları da daxil olmaqla altı əcnəbinin iştirak etdiyi bildirilib.

"Litvada aparılan məhkəməyəqədər istintaqın məlumatları bizə kifayət qədər ehtimal dərəcəsi ilə Şaulyaydakı təxribat cəhdlərinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) təlimatı və maraqları çərçivəsində həyata keçirildiyini güman etməyə imkan verir", - sənəddə qeyd olunub.

Litva cinayət polisinin rəis müavini Saulyus Briginas bildirib ki, yanğın hücumları Rusiyada yaşayan və ordu ilə əlaqəli bir qrup şəxs tərəfindən koordinasiya və təşkil edilib. O əlavə edib ki, onlar həmçinin Polşa, Rumıniya və Çexiyadakı yanğın cəhdləri ilə də əlaqəli ola bilərlər. Müstəntiqlər iddia edirlər ki, iş üzrə təqsirləndirilən şəxslər tapşırıqlarını yerinə yetirdiklərinə görə 10.000 avroya qədər mükafat alıblar.

Litva cinayət polisinin rəis müavini həmçinin bildirib ki, hakimiyyət daha üç şübhəli üçün həbs qərarı verib. Bundan əlavə, Vilnüs Kolumbiyadan iş üzrə başqa bir təqsirləndirilən şəxsin ekstradisiyasını tələb edir.