Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın 17-dən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
Bildirilir ki, başa çatmaqda olan həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir:
"Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdə qaçmamalıdır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür".
"Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından - ələlxüsus şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir", - qurumdan əlavə olunub.
Pevkur: Estoniya qoşunları amerikalılarla döyüşmək üçün Qrenlandiyaya getməyəcək