Ötən ilin ən mühüm hadisələrini qeyd edən dövlət başçısı, xüsusilə, avqust ayında Azərbaycan–ABŞ münasibətlərində baş vermiş tarixi irəliləyişi vurğuladı. Bildirildi ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən mərasim zamanı iki ölkə arasında tərəfdaşlığın inkişafına mane olan 907-ci düzəliş ləğv edilib, həmçinin beynəlxalq sülh və rifah naminə “Trump route for international peace and prosperity” (TRIPP) adlı nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalanıb. Bu layihənin reallaşması Zəngəzur dəhlizinin inkişafını sürətləndirəcək və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasına töhfə verəcək.
Prezident İlham Əliyev bildirdi ki: “ABŞ və Azərbaycan arasında strateji işçi qrupun yaradılması barədə sənəd imzalanıb. Bu işçi qrupun əsas fəaliyyəti Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasıdır və bu istiqamətdə artıq fəal iş aparılır. Oktyabr ayından etibarən Amerikaya tərkibində nazirlər və özəl sektor nümayəndələrinin olduğu dörd rəsmi nümayəndə heyəti göndərmişəm. Demək olar ki, bütün əsas istiqamətlər üzrə müzakirələr gedir – strateji xartiyanın hazırlanması, qarşılıqlı investisiyalar və onların təşkili, iqtisadi, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrində əməkdaşlıq. Yəni böyük ümidlərimiz var və nəticələr artıq kifayət qədər təsiredicidir”. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın ExxonMobil şirkəti ölkəmizdə iri karbohidrogen yatağının kəşfi üzrə birgə işlərin aparılması barədə razılığa gəliblər. Eyni zamanda, ExxonMobil ilə bərpa olunan enerji mənbələri (BEM) sahəsində əməkdaşlıq, metan emissiyalarının azaldılması, əməliyyat xərclərinin optimallaşdırılması və neft-qaz hasilatının artırılması üçün müasir texnologiyaların tətbiqi üzrə texnologiya transferi imkanları da müzakirə olunur.
Bakı və Vaşinqton iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulmasını, B2B formatında qarşılıqlı biznes səfərlərinin təşkili, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafını zəruri hesab edir. ABŞ-ın qabaqcıl vendorlarının, çip istehsalçılarının, proqram təminatı hazırlayan şirkətlərin, o cümlədən süni intellekt və kibertəhlükəsizlik sahəsində nou-hau təcrübəsinin Azərbaycana cəlb edilməsi, DATA mərkəzlərinin tikintisi imkanları nəzərdən keçirilir. “Azərbaycanın məqsədlərindən biri regionda süni intellekt və informasiya texnologiyaları mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bunun üçün kifayət qədər potensialımız var. Hazırda tərəfdaşlarla DATA mərkəzlərinin yaradılması üzərində işləyirik. Bildiyiniz kimi, DATA mərkəzləri çoxlu enerji tələb edir və bu gün regionda ümumilikdə əlavə elektrik enerjisi istehsal güclərinə malik yeganə ölkə Azərbaycandır. Bizim hazırda 2000 MVt artıq gücümüz var və bu, daxili tələbat üçün istifadə olunmur – ya ixrac edilə, ya da burada istehlak oluna bilər”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan- ABŞ münasibətlərini nəzərdən keçirsək, deyə bilərik ki, ABŞ Cənubi Qafqaza Qara dəniz regionu, Xəzər hövzəsi və Şərqi Aralıq dənizi arasında strateji körpü kimi yanaşır. Bu sxemdə Azərbaycan periferiyaya deyil, logistika qovşağına çevrilir. Qovşaq isə həmişə diqqət, etibarlılığa investisiya, təhlükəsizlik marağı və destabilizasiyaya qarşı diplomatik qoruma əldə edir. Və prosesləri bu mənada təhlil etsək o zaman Azərbaycanın regionda oynadığı əhəmiyyətli rol bir qədər də önə çıxır. İlin müsbət olmasını şərtləndirən daha bir vacib amil ondan ibarətdir ki, üçtərəfli görüş Azərbaycanın infrastruktur planlarının beynəlxalq legitimliyini gücləndirdi. Söhbət hər detalın təsdiqindən deyil, kommunikasiyaların və iqtisadi açıqlığın gələcək regional quruluşun əsası kimi tanınmasından gedir. Bu isə prosesi pozmağa cəhd edə biləcək tərəflər üçün riskləri ciddi şəkildə artırır, çünki sabotaj artıq yalnız bir tərəfə deyil, ABŞ-ın da daxil olduğu bütöv bir arxitekturaya zərbə kimi görünür.
Ötən ilin mühüm beynəlxalq nəticələrindən biri də Azərbaycan–Çin işgüzar əməkdaşlığının inkişafıdır: “Düşünürəm ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri Çinlə strateji tərəfdaşlığımızdır. Keçən il Çinə etdiyim dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı və bunu böyük uğur hesab etmək olar. Həm Azərbaycan, həm də Çin Xalq Respublikası tərəfindən biznes və dövlət strukturlarına əlaqələrin maksimum dərəcədə fəallaşdırılması üçün çox ciddi impuls verildi. Bunu qarşılıqlı səfərlərin, nümayəndə heyətlərinin və artıq imzalanmış, o cümlədən investisiya xarakterli müqavilələrin sayında açıq şəkildə görürük”, – deyə Prezident İlham Əliyev qeyd edib. Dövlət başçısı ikitərəfli ticarət dövriyyəsinin 4 milyard ABŞ dollarını keçdiyini, 20 faizdən çox artım qeydə alındığını və investisiya xarakterli müqavilələrin imzalandığını vurğulayıb. Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsinə fəal şəkildə investisiya qoyurlar: günəş və külək elektrik stansiyaları tikilir, onların sayının artırılması ilə bağlı sorğular var, günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrobusların yığımı həyata keçirilir və gələcəkdə onların lokallaşdırılmasının artırılması planlaşdırılır.
Azərbaycan–Çin tərəfdaşlığının digər mühüm istiqamətlərindən biri də hərbi-texniki əməkdaşlıqdır. Bu əməkdaşlıq təkcə hərbi texnikanın alınması ilə məhdudlaşmır, eyni zamanda müdafiə sənayesində birgə istehsalın yaradılmasını da əhatə edir. Müsahibədə dövlət başçısı Bakı ilə Pekin arasında nəqliyyat sahəsində əməkdaşlığın fəal inkişafına da toxunub. Çin Mərkəzi Asiya ölkələri ilə yanaşı yük axınının əsas mənbəyi kimi qiymətləndirilir və Çindən əlavə yüklər “Şərq–Qərb” marşrutunu, Orta Dəhlizi tam şəkildə tələbatlı edəcəkdir. Bununla bağlı ölkə başçısı qeyd etdi ki: “Çin Qırğızıstan və Özbəkistan vasitəsilə Xəzərə çıxan yeni dəmir yolunun tikintisini maliyyələşdirir və milyardlarla dollar investisiya yatırır. Təbii ki, biz Çindən və Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Zəngəzur dəhlizi ilə də daşınacağını gözləyirik. Buna görə də Azərbaycan yük axınının artırılmasına şərait yaradan, öz və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan və kommersiya məqsədəuyğunluğu əsasında axınları bölüşdürən bir fasilitator rolunu oynamalıdır”.
Bu kontekstdə ötən ilin Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Türk Dövlətləri Təşkilatı xətti ilə ticarət-iqtisadi və nəqliyyat-logistika əlaqələrinin fəal inkişafı ilə yadda qaldığını da xatırlatmaq yerinə düşər.“Xarici siyasət sahəsində mühüm nailiyyətlərdən biri Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Son illər ərzində bu ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda o qədər sıx əməkdaşlıq etmişik ki, onlar bizi yekdilliklə tamhüquqlu üzv seçdilər”, – deyə dövlət başçısı qeyd edib və vurğulayıb ki, bu gün Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın ittifaqı və C5-in C6-ya transformasiyası təkcə region üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Bəli, bir neçə il əvvəl hipotez kimi səsləndirilən Mərkəzi Asiya–Azərbaycan ittifaqı bu gün müstəqil geosiyasi reallığa çevrilməkdədir. Artıq söhbət ayrı-ayrı ikitərəfli sazişlərdən və ya situativ iqtisadi layihələrdən deyil, regional C5 formatının genişlənmiş C6 konfiqurasiyasına sistemli transformasiyasından gedir. Bu modeldə Azərbaycan kənar tərəfdaş deyil, struktur formalaşdıran əsas element kimi çıxış edir. Bu dəyişiklik dekorativ deyil, ontoloji xarakter daşıyır – Avrasiyanın məkan əlaqəliliyinin məntiqi köklü şəkildə dəyişir. İqtisadi əlaqəlilik, nəqliyyat və logistika bu gün aparıcı beynəlxalq aktorlar üçün xüsusi önəm kəsb edir və Mərkəzi Asiya regionunu Qərblə coğrafi baxımdan birləşdirə bilən ən etibarlı ölkə Azərbaycandır.
Media nümayəndələri ilə görüşdə İlham Əliyev ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə də toxunaraq yaxın və uzunmüddətli perspektiv üçün əsas inkişaf istiqamətlərini müəyyənləşdirib.“Bu gün ölkənin tam iqtisadi müstəqil olması, heç bir dəstəyə, heç bir borca ehtiyac duymaması bizi qane edə bilər. Bu gün xarici borcumuz tarixi minimum səviyyədədir – ÜDM-in 6,3–6,4 faizi civarındadır. Eyni zamanda, bizim xarici borcu tam ödəmək imkanımız var, çünki valyuta ehtiyatlarımız xarici borcu 16–17 dəfə üstələyir”, – deyə dövlət başçısı bildirib. Bu gün ölkənin qızıl-valyuta ehtiyatları təxminən 84 milyard ABŞ dolları təşkil edir və adambaşına düşən ehtiyatların həcminə görə bu göstərici dünyada ən yüksək səviyyələrdən biridir. Prezident xatırladıb ki, ötən il ölkənin qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunub. Geosiyasi proseslərin inkişafı fonunda qızılın qiymətinin artacağına tam əminlik var idi və məhz bu qərar sayəsində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) təkcə qızıl ehtiyatlarının artırılması hesabına 10 milyard ABŞ dollarından çox gəlir əldə edib. Ehtiyatların artması və borc asılılığının azalması Qarabağın və Şərqi Zəngəzurun bərpası, sosial və müdafiə sahələrinə çoxmilyardlı maliyyə vəsaitlərinin ayrılması, iri investisiya layihələrinin icrası fonunda baş verir ki, bu da milli iqtisadiyyatın yüksək dayanıqlığını aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev bildirdi ki: “İki aparıcı reytinq agentliyi ölkəmizin kredit reytinqini yüksəldib. Bunlar Moody’s və Fitch reytinq agentlikləridir – onlar reytinqi investisiya səviyyəsinə qaldırıblar, proqnoz isə ‘sabit’dən ‘müsbət’ə dəyişdirilib. “Bu, təkcə nüfuz məsələsi deyil, hərçənd bu da vacibdir, eyni zamanda bizə daha sərfəli şərtlərlə kredit cəlb etmək imkanı yaradır”.
Xarici borcun yüksək sabitliyi nəzərə alınaraq, nəqliyyat layihələrinin, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, eləcə də ümumi əlaqəliliyin artırılması məqsədilə nisbətən kiçik həcmdə – 3–4 milyard ABŞ dolları məbləğində əlavə borclanma qərarı qəbul olunub. Yaxın vaxtlarda böyük tələbatı nəzərə alaraq Bakı, Sumqayıt və Xırdalan şəhərlərini, ümumilikdə Abşeron yarımadasını əhatə edən genişmiqyaslı su təchizatı və kanalizasiya proqramı qəbul ediləcək. Burada söhbət su ehtiyatlarının idarə olunmasından, o cümlədən Azərbaycanda ilk olacaq və içməli suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyəcək duzsuzlaşdırma qurğusunun yaradılmasından, kənd təsərrüfatı üçün daha çox su təmin etmək məqsədilə yeni kanalların tikintisindən, həmçinin Bakının nəqliyyat problemlərinin həllindən gedir: “Biz artıq Bakıda əlavə on metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Prezident olduğum dövrdə yeddi stansiya inşa olunub, lakin bu kifayət deyil. Buna görə də daha on stansiya, daha çox körpü və tunel tikiləcək”, – deyə dövlət başçısı bildirib və vurğulayıb ki, bütün bunlar üçün ölkəyə kredit vəsaitləri lazımdır, çünki bu, Qarabağın bərpasına yönəldilməli olan vəsaitlərə qənaət etməyə imkan verəcək.
Artıq beş ildir ki, işğaldan azad edilmiş ərazilərin inkişafı üzrə Dövlət Strategiyası icra olunur və bu müddət ərzində çox böyük irəliləyiş əldə edilib. Nəqliyyat, enerji və kommunal infrastruktur sürətlə bərpa olunur, yaşayış binaları, sosial və istehsal obyektləri tikilir. “Qarabağda dairəvi enerji sistemi yaradılıb və bu gün enerji mərkəzdən ora deyil, əksinə, oradan mərkəzə ötürülür. Beş il ərzində gücü 307 MVt olan su elektrik stansiyaları inşa etmişik, halbuki azad olunmuş ərazilərdə istehlak xeyli aşağıdır”, – deyə Prezident qeyd edib. – “Su təchizatı məsələsi də həll olunur: bir neçə su anbarını bərpa etmişik, məsələn, Zabuxçay su anbarını sıfırdan tikmişik, Sərsəng və Suqovuşan su anbarlarını, Kəndələnçay üzərində yerləşən üç su anbarını, Xaçınçay su anbarını əsaslı təmir etmişik”. Eyni zamanda yollar, körpülər, o cümlədən uzunluğu 70 kilometrə çatan tunellər inşa edilir və bu işlərin böyük hissəsi artıq tamamlanıb. İlk növbədə dəmir yolları istismara verilib – Bərdə–Ağdam xətti, hazırda Ağdam–Xankəndi xətti, Zəngəzur dəhlizi üzrə dəmir və avtomobil yolları çəkilir, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər və digər istiqamətləri birləşdirən nəqliyyat qovşaqlarında işlər aparılır. Prezidentin sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etməkdir. Bu gün həmin ərazilərdə, o cümlədən tikinti işlərində çalışanlarla birlikdə, 32 şəhər və kənddə 70 min nəfər yaşayır. Cari ildə bu rəqəmin əhəmiyyətli dərəcədə artacağı gözlənilir və ən azı 30–50 yaşayış məntəqəsinə köçürülmə planları nəzərə alınmaqla, ilin sonuna qədər daimi yaşayan və işlərə cəlb olunan vətəndaşların sayı120 min nəfəri keçə bilər. Prezident İlham Əliyevin fikrincə, Qarabağ regionunun dirçəldilməsinin əsas hərəkətverici qüvvələrindən biri turizmin inkişafıdır: “Qarabağ və Zəngəzur təbii cənnətdir, ona görə də burada turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Şuşa və Laçında artıq bir neçə otel fəaliyyət göstərir, Zəngilanda yeni otel tikilir, yaxın vaxtlarda Kəlbəcərin İstisu qəsəbəsində otel açılacaq, həmçinin bu və ya gələn il Xankəndidə yeni mehmanxananın istifadəyə verilməsi gözlənilir”.
Prezident, Ali Baş Komandan kimi, haqlı olaraq qeyd etdi ki, son beş il ərzində Azərbaycan ordusu öz gücünü əhəmiyyətli dərəcədə artırıb və bu gün qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olan müasir, çevik və yüksək döyüş qabiliyyətli bir struktura çevrilib. Söhbət bəyanatlardan deyil, ardıcıl və sistemli dövlət siyasətinin real nəticələrindən gedir. Ordunun yeni silah və texnika nümunələri ilə, o cümlədən yerli istehsal məhsulları ilə təchiz olunması, xaricdən silah alınmasında mənbələrin şaxələndirilməsi, milli hərbi-sənaye kompleksinin inkişafı — bütün bunlar Azərbaycanın hərbi potensialını keyfiyyətcə yeni mərhələyə yüksəltməyə imkan verir. Həqiqətən də, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir neçə dəfə artırılıb, son illərdə yaradılan komando qüvvələri isə artıq minlərlə peşəkar hazırlıqlı əsgər və zabiti özündə birləşdirir. Eyni zamanda, prinsipial olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda ordunun gücləndirilməsi heç bir halda aqressiv xarakter daşımır. Rəsmi Bakının siyasəti hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmışdır və bu gün də həmin xəttə sadiqdir. Azərbaycan heç vaxt işğalçı dövlət olmayıb, əksinə, onilliklər ərzində o, ərazilərinin böyük hissəsi işğal altında olan, yüz minlərlə vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmiş bir dövlət kimi işğalın qurbanı olmuşdur.
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası tək bir amilin deyil, ardıcıl və qarşılıqlı əlaqəli tədbirlər kompleksinin nəticəsi oldu. Ölkə iqtisadi cəhətdən gücləndi, dayanıqlı maliyyə sistemi qurdu, irimiqyaslı enerji və infrastruktur layihələri həyata keçirdi, güclü və müasir ordu formalaşdırdı, eyni zamanda nəhəng və çox vaxt yetərincə qiymətləndirilməyən xarici siyasət və diplomatik fəaliyyət apardı. Məhz bu amillərin vəhdəti tarixi ədalətin bərpasına imkan verdi.
Elə bu səbəbdən Prezident İlham Əliyevin sülhə dair söylədiyi fikirlər xüsusi dəyər daşıyır: “Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qalıb”. Və eyni zamanda xatırlatdı ki, müasir dünyada hər bir ölkə öz təhlükəsizliyi barədə ciddi düşünməyə borcludur. Bu bəyanat yetkin və məsuliyyətli dövlət təfəkkürünün təzahürüdür. Beynəlxalq hüquq normalarının getdikcə daha tez-tez pozulduğu, “kim güclüdürsə, o haqlıdır” prinsipinin səssiz qaydaya çevrildiyi bir dünyada sadəlövhlük çox baha başa gələ bilər. Güclü ordu Azərbaycan üçün təzyiq aləti deyil, sülhün təminatıdır. Vətən müharibəsində qalib gəlmiş ölkənin Prezidenti tərəfindən sülhün əhəmiyyətinə dair səsləndirilən fikirlər isə gücün, siyasi yetkinliyin və dinc həyatın dəyərinin dərindən dərk edilməsinin göstəricisidir. Bu sülhü qorumaq, müdafiə etmək və gələcək nəsillərə ötürmək — dövlətin və cəmiyyətin strateji vəzifəsidir.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor