Prezident İlham Əliyevin ənənəyə çevrilən yerli televiziya kanallarına budəfəki dərinməzmunlu, genişkonsepsiyalı müsahibəsində də yaşadığımız qlobal dövrün gün ötdükcə daha da tündləşən geosiyasi mənzərəsinə aydınlıq gətirildi, respublikamızın dünya düzəninin nizama salınması prosesindəki rolu müxtəlif aspektlərdən təhlil edildi. Azərbaycan-Amerika, Azərbaycan-Çin, Azərbaycan-Mərkəzi Asiya ölkələri, Azərbaycan-Türkiyə strateji, ticari, iqtisadi tərəfdaşlıqlarına dair vacib nüanslar diqqətə çəkildi, ölkəmizin çoxvektorlu, balanslı xarici və sosial rifaha xidmət edən daxili siyasətinin əsas məqsədləri, hədəfləri açıqlandı.
Prezident İlham Əliyevin müsahibəsində 2025-ci il avqustun 8-də Vaşinqtona səfəri və bu səfər çərçivəsində qazanılan tarixi uğur da xüsusi qeyd olundu. Son illərdə təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələrdə çox mühüm tarixi hadisələrin şahidi oluruq. Bu xüsusda dövlətimizin başçısının ABŞ səfəri diplomatik uğurlarla yadda qaldı. Azərbaycan diplomatiyasının son 5 ildəki ən böyük uğur zirvəsi hesab olunan görüş bir sıra aspektlərdən həm region üçün, həm də qlobal miqyasda əhəmiyyət daşıyır. Dövlət başçımız bu tarixi səfərlə, ilk növbədə, uzun illərin ABŞ-Azərbaycan siyasi buzunu tamamilə əritdi, soyuq müharibəyə son qoydu fikrini əminliklə deyə bilərik. Ağ Evdə dünyanın Donald Trampın məhz Prezident İlham Əliyevin şəxsən iştirakı ilə 907-ci düzəlişə son qoyması ABŞ-nin anti-Azərbaycan siyasətinin sonunu gətirməklə Co Bayden “demokratiyası”nın məkrli planını tarixin arxivinə atdı. Bu mütərəqqi addım, eyni zamanda uzun illərdir, dünyada “mənəm mənəmlik” edən erməni lobbisinin fiaskayo uğraması deməkdir. Təbii ki, Azərbaycan-Amerika münasibətlərində yeni səhifənin açılması, strateji tərəfdaşlıq yolunun əsas, düzgün yön, istiqamət kimi tutulmasıdır. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də dediyi kimi: “Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”.
Ümumilikdə, Prezident İlham Əliyevin qalib lider kimi artıq ənənəyə çevrilən ilin ilk müsahibəsində müasir dövrümüzdə dünyada baş verən qlobal proseslər müfəssəl şəkildə təhlil edildi, bu gedişatda Azərbaycan yeri, rolu və mövqeyi ortaya qoyuldu, gələcək hədəflər açıqlandı. Respublikamızın fəal siyasi, iqtisadi aktor kimi beynəlxalq münasibətlərin tənzimlənməsində, regionlararası, qitələrarası yeni əməkdaşlıq körpülərinin qurulmasında mühüm təşəbbüslərlə çıxış etdiyi bir daha əksini tapdı. Bu tarixi müsahibə dövlət başçısının insanların sosial rifahının yaxşılaşdırılmasının daim diqqətində olduğunu, dövlətçiliyin əsas atributlarından sayılan Azərbaycan dilinin qorunmasının, tarixi yaddaşımızın unudulmamasının vacibliyini ön plana çıxartdı. Ötən il qazanılan uğurlar bir daha Azərbaycanın dayanıqlı inkişaf konsepsiyasının uğurla həyata keçirildiyini, ölkəmizin doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan 2026-cı ildə də uğurlu inkişafını təmin edəcək və yeni nailiyyətlərə imza atacaq. Qalib dövlətin qalib lideri tərəfindən gələcəkdə qarşıya qoyulan bütün hədəf və məqsədlərə çatmaq üçün respublikamızın kifayət qədər siyasi iradəyə, iqtisadi qüdrətə malik olduğu qəti şəkildə bəyan edildi: “İqtisadiyyatın həcmi, təxminən, 70-80 milyard ABŞ dolları olduqda hər bir faiz artımı, demək olar ki, 1 milyard dollar edir. Bu 1 milyard dolları cəmi bir il ərzində əldə etmək isə asan məsələ deyil. Bununla belə mən hesab edirəm ki, göstəricilər daha yaxşı ola bilər. Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm. Amma yenə də mənim üçün bu, nə rəqabətdir, nə də yarış. Əsas odur ki, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumilikdə, iqtisadiyyatımızı daha da gücləndirməyə imkan versin” .
Sevda Quluyeva,
YAP Kəngərli rayon təşkilatının sədri