04 dekabr 2025 01:58
206

Sürətlə dirçələn Qarabağ və Şərqi Zəngəzur: Son beş ilin real mənzərəsi

Beş ildir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri vüsət alıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına indiyədək dövlət büdcəsindən təxminən 22 milyard manat vəsait yönəldilib. Təkcə cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə minalardan təmizlənmə işlərinə ayrılıb. Hazırda azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır. Məqsəd yalnız fiziki məskunlaşma deyil, həm də sosial, iqtisadi və ekoloji baxımdan dayanıqlı yaşayış məntəqələrinin yaradılmasıdır.

Yaşayış məntəqələrinin planlaşdırılmasında şəhərsalma və sosial-iqtisadi prinsiplər, tarixi-mədəni əhəmiyyətli kənd və qəsəbələrin qorunması əsas götürülür. Yeni məntəqələr müasir şəhərsalma qaydalarına uyğun və rayon mərkəzlərindən optimal məsafədə planlaşdırılır. Praktiki mərhələyə 2022-ci ilin iyulunda Ağalı kəndinə ilk qayıdışla başlanıb. Bu vaxta kimi 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Hazırda isə azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Onların istifadəsinə müasir sosial infrastruktur – məktəblər, bağçalar və mədəniyyət obyektləri verilib. Prezident İlham Əliyev ümumilikdə 177 müxtəlif təyinatlı layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Bu səfərlər Qarabağ və Şərqi Zəngəzurda bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlət başçısının ərazilərin bərpasına yönələn siyasətinin ardıcıllığını və bu istiqamətə olan yüksək diqqətini əks etdirir.

İqtisadi dirçəliş və reinteqrasiya

İşğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi Azərbaycanın milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. 2021-2025-ci illərdə bölgədə iqtisadi, sosial və institusional reabilitasiya həyata keçirilərək Böyük Qayıdış Proqramı üçün möhkəm baza yaradılıb. Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində dayanıqlı məskunlaşma, infrastrukturun bərpası, təhlükəsiz yaşayış, ekoloji təmiz texnologiyalar və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi əsas məqsəd kimi müəyyən edilib. Regionun təbii sərvətlərindən istifadəyə başlanıb. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında 50 rezident və 7 qeyri-rezident müəssisə qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 950 milyon manata yaxın məbləğdə məhsul istehsal olunub, Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac olunub. Sahibkarlığa vergi və gömrük güzəştləri tətbiq olunur, KOB-lar üçün hüquqi və maliyyə dəstəyi göstərilir.

Turizm sektoru da iqtisadi reinteqrasiyanın vacib hissəsidir; işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi və demoqrafik vəziyyətini, eyni zamanda turizm və rekreasiya potensialını əks etdirən turizm əsaslı inkişaf konsepsiyaları hazırlanır, mehmanxanalar, parklar və istirahət kompleksləri inşa edilir, Şuşa, Suqovuşan, Laçın və digər istiqamətlərə turist səfərləri təşkil olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları münbit torpaq və əlverişli iqlim şəraiti ilə seçilir. Burada ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu bölgələrdə kənd təsərrüfatı sektorunun canlanması yerli əhalinin məşğulluğunun təmin olunması, regionların sosial-iqtisadi inkişafı və ölkə üzrə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının dayanıqlı inkişafı, məhsuldarlığın yüksəlməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətlərində ardıcıl işlər görülüb. Müasir pivot suvarma sistemlərinə əsaslanan aqroparklar yaradılıb və yaylaq ərazilərində heyvandarlıq təsərrüfatlarının fəaliyyəti təmin olunub.

10 min kvadrat kilometrlik yaşıl enerji zonası

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad ediləndən sonra bu ərazilərdə "yaşıl texnologiya"ların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"na əsasən, genişhəcmli işlərin icrasına başlanılıb. Ötən il işğaldan azad edilmiş ərazilərdə ümumi generasiya gücü 20 meqavat olan 4 su-elektrik stansiyası bərpa edilib. Bu il isə 5 su-elektrik stansiyasının yenidən qurulması nəzərdə tutulub. Bu stansiyaların generasiya gücü 27 meqavat olacaq. Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə Günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk.

Bəli, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun relyefi, külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan öz təbii sərvətləri hesabına bərpaolunan və yaşıl enerji zonası yaratsın. 2030-cu ilə qədər bölgədə mövcud potensial hesabına 1,6 qiqavat yaşıl enerji istehsalına nail olunması planlaşdırılır. Bu baxımdan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayılda reallaşdırılan layihələr diqqət çəkir. Məlum olduğu kimi, rayon ərazisində icra olunan 240 meqavatlıq “Şəfəq” layihəsi artıq tikinti mərhələsinə qədəm qoyub. Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən ən iri layihə sayılan “Şəfəq” Günəş Elektrik Stansiyasında il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bu da illik 120-150 milyon kubmetr təbii qaza qənaət etməyə və 260-330 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Prezident İlham Əliyevin oktyabrın 28-də Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyması isə bölgənin “yaşıl” sərvətinin ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsində yeni mərhələnin başlanğıcı sayılan bu stansiyaların ümumi gücü 100 meqavat təşkil edəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının postmünaqişə dövründə bərpası və inkişafı prosesinin bir hissəsi olan bu layihələr Azərbaycanın enerji istehsalında şaxələndirmə siyasətini gücləndirməklə 2030-cu ilə qədər ümumi enerji istehsalında “yaşıl” mənbələrin payını 30 faizə çatdırmaq məqsədinə xidmət edir. 2027-ci ildə istismara verilməsi planlaşdırılan bu stansiyalar Azərbaycan üçün enerji ixracında bərpaolunan mənbələrin payının artması, regionların dayanıqlı inkişafı və “yaşıl iqtisadiyyat”ın möhkəmlənməsi baxımından dönüş nöqtəsi olacaq.

Yeni hava limanları - azad edilmiş torpaqların dünyaya açılan qapısı

Keçmiş məcburi köçkünlərin təhlükəsiz, rahat və mərhələli şəkildə qayıdışını təmin edən ən vacib elementlərdən biri hava nəqliyyatının yaradılmasıdır. Eyni zamanda, bu limanlar regionu ölkənin digər bölgələri və dünya ilə birləşdirən strateji qovşağa çevrilir. Prezident İlham Əliyevin siyasi iradəsi və müvafiq sərəncamları nəticəsində cəmi bir neçə il ərzində Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara cavab verən üç hava limanı inşa olunub. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının təməli 14 yanvar 2021-ci ildə qoyulub və artıq həmin ilin oktyabrın 26-da istifadəyə verilib. Füzuli hava limanı Qarabağın hava qapısı kimi regiona yeni nəfəs gətirdi. Zəngilan Beynəlxalq Hava Limanının təməli 26 aprel 2021-ci ildə qoyulub və 2022-ci il oktyabrın 20-də açılışı olub. Bu hava limanı gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə regionun ən önəmli logistik mərkəzlərindən birinə çevriləcək. Laçın Beynəlxalq Hava Limanı isə dağlıq relyefə baxmayaraq mühəndislik baxımından ən mürəkkəb və unikal layihələrdən biri hesab olunur. Onun təməli 16 avqust 2021-ci ildə qoyulub, açılışı isə 2025-ci il mayın 28-də baş tutub. Laçın hava limanı gələcəkdə turizm və logistika axınlarının əsas dayaqlarından biri kimi nəzərdə tutulur. Hər üç hava limanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirak ediblər.

Beləliklə, cəmi bir neçə il ərzində azad edilmiş Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası Böyük qayıdışa dair I Dövlət Proqramında qarşıya qoyulan əsas hədəflərdən birinin tam həyata keçirildiyini göstərir. Laçın Hava Limanının istifadəyə verilməsi ilə ölkədə beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Əminliklə demək olar ki, Azərbaycan regionun ən dinamik hava nəqliyyatı mərkəzlərindən birinə çevrilmək yolunda uğurla irəliləyir.

Sevinc Azadi, “İki sahil”