04 dekabr 2025 00:15
240

Paşinyan daha debata ehtiyac duymur

Baş nazir Nikol Paşinyan 2026-cı ilin büdcə layihəsi ilə bağlı yekun çıxışında hökumətin gördüyü işlərdən razı qaldığını bildirib. Son illər əldə etdikləri uğurlardan söz açan Paşinyan Ermənistanda 76 faiz inflyasiya olmadığını, maaş artımının ikirəqəmli, 20 faizdən çox olduğunu vurğulayıb, bütün bunların vətəndaşların yüksək rifah səviyyəsinin göstəricisi kimi qiymətləndirib. Baş nazir Nikol Paşinyanın fikrincə, bütün bunlar Ermənistan Respublikası üçün bütün istiqamətlərdə perspektiv açıb. Amma yenə də müxalifətdən “köhnəlmiş rəvayətləri” eşidilməkdədir. O, həmçinin Qarabağ danışıqları prosesi ilə bağlı bütün əsas sənədlərin artıq ictimaiyyətə təqdim edildiyini diqqətə çatdıraraq qeyd edib ki, mən indi sabiq prezidentləri debata dəvət etmirəm. Çünki mübahisə edəcək bir şey yoxdur, artıq debat aparmaq üçün mövzu yoxdur.

Qeyd edək ki, Ermənistan hökuməti keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var. Yeri gəlmişkən, Sarkisyanın məktubunda sabiq prezidentin Rusiya liderindən Azərbaycanı prosesdə neytrallaşdırmağı, hətta Bakıya təzyiq göstərməyi xahiş etməsi kimi ifadələr də yer alıb. Fikrimizcə, bu məktubu həm də Prezident İlham Əliyevin danışıqlar boyu Azərbaycanın maraqlarından bir addım belə geri çəklilmədiyinin açıq etirafı kimi dəyərləndirmək olar.

Xatırladaq ki, sabiq prezidentlər (Levon Ter-Petrosyan, Robert Koçaryan, Serjik Sarkisyan) 44 günlük Vətən müharibəsindəki uğursuzluğa görə Paşinyanı günahlandırırlar. Amma Paşinyan Ermənistanın üzləşdiyi çətinliklərin, uğursuzluqların əslində sabiq prezidentlərin günahı olduğunu dəfələrlə bildirib. O vurğulayıb ki, müharibə onun hakimiyyətə gəlməyindən əvvəl artıq qaçılmaz idi. Vəziyyəti bu hala gətirən isə Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın apardıqları siyasət olub. Onlardan heç biri ordu qurmayıb, heç biri Qarabağdakı vəziyyətə və Azərbaycan ərazilərinin 20 faizinin işğalına dair cəmiyyətə dürüst analiz təqdim etməyib. Heç biri sülhə cürət etməyib. Bu siyasətləri ilə də xalqa, dövlətə və gələcəyə xəyanət ediblər, minlərlə insanın axırına çıxıblar. Hətta keçmiş prezidentləri şəxsi məqsədləri naminə Qarabağda münaqişəni qızışdırmaqda ittiham edən, onların bu yolla özlərinə böyük səvətlər topladıqlarını bildirən Nikol Paşinyan onları canlı debata çağırıb, xalqın müəyyən məsələlərdən xəbərdar olmasının vacibliyini vurğulayıb. Yəni, Paşinyan hər vəchlə sübut etməyə çalışıb ki, Qarabağ itkisinə görə günahkar özü yox, məhz ekslərdir: “Ermənistanı müharibəyə keçmiş prezidentlər Robert Koçaryan, Levon Ter-Petrosyan və Serj Sarkisyan sürükləyib”. Paşinyan çıxışlarının birində demişdir ki, əvvəlki liderlər sadəlövh auditoriyalar qarşısında çıxışlar etmək əvəzinə, ictimai debatda iştirak etməlidirlər: “Qarabağla bağlı danışıqlardan, müharibənin vaxtının uzadılması məsələsindən və istədiyiniz digər mövzulardan danışa bilərik. Nə qədər gizli şəkildə toplaşacaq və bəyanatlar verəcəksiniz? Yenə deyirəm – gəlin canlı efirdə debat keçirək. Siz üçünüz, mən tək”. Amma siyasi meyitə çevrilən sabiq prezidentlərin heç biri bu çağırışa səs verməyib. Bununla da onlar debatdan qorxduqlarını nümayiş etdiriblər.

Qvami Məhəbbətoğlu, “İki sahil”