19 sentyabr 2026 17:01
136

Aktotı Raimkulova: TUC-un yaradılması türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır

I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri "Turkic Union of Composers" (TUC) – Türk Dünyası Bəstəkarlar Birliyini təsis etdiklərini bəyan ediblər.

“İki sahil” xəbər verir ki,  bu qərar bəstəkarlar, musiqişünaslar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsasını qoyan Bakı Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da ilk dəfə olaraq türk ölkələrinin bəstəkarları arasında əməkdaşlıq vahid institusional əsas və uzunmüddətli beynəlxalq platforma qazanıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova türk xalqlarının zəngin irsinin yeni əsərlərin, peşəkar əməkdaşlığın və beynəlxalq mədəni dialoqun mənbəyinə çevriləcəyi canlı musiqi məkanı yaratdıqlarından məmnunluğunu ifadə edib. "Bakıda keçirilən bu ilk Qurultay və TUC-un yaradılması türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır", - o əlavə edib. Həmçinin qeyd olunub ki, TUC türk dünyasının yaradıcı potensialını birləşdirmək, müasir bəstəkarlıq məktəblərini dəstəkləmək, yeni əsərlərin yaradılmasına töhfə vermək və türk xalqlarının musiqisini dünyanın ən nüfuzlu beynəlxalq səhnələrində təbliğ etmək məqsədi daşıyır.

TUC-un məhz dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər dahi bəstəkarları bəxş etmiş, zəngin musiqi ənənələrinə malik Azərbaycanda yaradılması isə xüsusi rəmzi əhəmiyyət daşıyır.