04 dekabr 2025 13:43
119

Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub...

Bu mərhələdə köhnə oyunlara, kölgə sövdələşmələrinə və gizli planlara yer yoxdur

Son on ildə ölkəmiz regionun əsas güc mərkəzinə çevrilib. Qarabağ Zəfəri, genişlənən geosiyasi imkanlar, enerji və nəqliyyat xəttlərində liderlik, modernləşən ordu və dayanıqlı iqtisadi inkişaf Azərbaycanın beynəlxalq nüfuzunu yeni səviyyəyə qaldırıb. Bu reallıq dövlətçiliyimizə qarşı gizli şəkildə fəaliyyət göstərən strukturların təsir imkanlarını da faktiki olaraq aradan qaldırır.

Məhz belə bir fonda Ramiz Mehdiyev barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib və o, Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ağır ittihamlarla üz-üzə qalıb. Araşdırmalar illərdir “Ramiz Mehdiyev şəbəkəsi” kimi tanınan gizli strukturun siyasi sistemdə paralel mexanizm kimi fəaliyyət göstərdiyini üzə çıxarır. Sovet idarəetmə yanaşmasını müasir dövlətçiliyə tətbiq etməyə çalışan bu şəbəkə intriqa, manipulyasiya və kölgə təsir alətləri üzərində qurulub.

İstintaq materialları göstərir ki, formal olaraq bir-birindən kənarda görünən Ramiz Mehdiyev və Əli Kərimlinin fəaliyyət istiqamətləri əslində uzun illər paralel şəkildə işləyib. Biri dövlət daxilində gizli qərar mərkəzi yaratmağa çalışırdı, digəri isə küçə səhnəsində həmin planların siyasi alətinə çevrilirdi. Bu əlaqələrin arxa fonunda məqsəd dövlətin güclənməsinə qarşı daxili müqavimət yaratmaq, siyasi gərginliyi süni şəkildə artırmaq və xarici mərkəzlərin gözləntilərinə uyğun mühit formalaşdırmaq olub.

Bu prosesdə Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi şəxslər də illər boyu eyni xətt üzrə fəaliyyət göstəriblər. Onların çıxışları, informasiya manipulyasiyaları, sistemli şəkildə dövlət institutlarına qarşı etimadsızlıq yaratmaq cəhdləri faktiki olaraq anti-dövlət dairələrinin maraqlarına uyğun olub. Siyasi fəaliyyət adı altında aparılan bu fəaliyyətlər ölkədə süni narazılıq yaratmağa, gənclər arasında radikallaşdırma cəhdləri və xarici təsir mərkəzlərinə informasiya ötürmək kimi təhlükəli istiqamətləri özündə birləşdirib.

Əli Kərimlinin fəaliyyəti isə uzun illərdir real siyasi qüvvəyə çevrilə bilməyib. Onun siyasi xətti cəmiyyətə töhfə verməkdən çox, xaos yaratmağa, gərginlik formalaşdırmağa və sistemli şəkildə dövlətçiliyə qarşı neqativ təsir yaratmağa yönəlib. Apardığı informasiya kampaniyaları və xarici əlaqələri onu real müxalifət liderindən çox, destruktiv proseslərin icraçısına çevirib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi üzrə irəli sürülən ittihamlar sıradan siyasi fəaliyyətlə bağlı deyil - dövlət çevrilişinə hazırlıq, daxili destabilizasiya yaratmaq və xarici dayaqlarla koordinasiya şəklində aparılan təhlükəli fəaliyyətlə əlaqəlidir. Belə fəaliyyət hər bir dövlətin təhlükəsizlik sistemində ən ağır cinayət kimi qiymətləndirilir.

Bu gün artıq aydın görünür ki, Ramiz Mehdiyev şəbəkəsinin görünməyən təsir mexanizmləri, Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin açıq siyasi fəaliyyətləri bir nöqtədə kəsişir: məqsəd dövlətin güclənməsini ləngitmək, cəmiyyətdə etimadsızlıq yaratmaq və paralel strukturlar vasitəsilə dövlətçilik əleyhinə xətt formalaşdırmaq.

Dövlət çevrilişinə hazırlıq, daxili sabotaj və xarici təsir cəhdləri strateji təhlükə hesab olunur və bu cür planlar qarşısında dövlətin cavabı hər zaman qətiyyətli olacaq.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycan artıq yeni dövrə qədəm qoyub.

Bu dövrdə gizli şəbəkələrə, kölgə planlarına və dövlətçilik əleyhinə fəaliyyətlərə yer yoxdur.

Dövlətin prinsipial mövqeyi qarşısında heç bir gizli struktur, heç bir koordinasiyalı intriqa davam gətirə bilməz.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı