Azərbaycanın iqtisadi inkişaf strategiyası və dövlətin sosial siyasəti gələcək illərin büdcə planlamasında mühüm rol oynayır. 2026-cı ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsi kimi ölkənin maliyyə imkanlarının genişliyini nümayiş etdirir. Büdcənin gəlirləri və xərcləri əvvəlcədən müəyyənləşdirildiyindən bu, həm iqtisadi stabilliyin təmin olunmasına, həm də sosial yönümlü proqramların həyata keçirilməsinə mühüm təsir göstərəcək. Həmçinin büdcə planlaması dövlətin strateji prioritetlərini- infrastruktur layihələrindən tutmuş təhsil, səhiyyə və sosial müdafiə sahələrinə qədər dəstəkləyərək ölkənin uzunmüddətli inkişafını gücləndirir. Azərbaycanın dövlət büdcəsi təkcə iqtisadi göstəriciləri deyil, həm də sosial siyasətin prioritetlərini əks etdirən əsas alət kimi çıxış edir.
2026-cı ilin dövlət büdcəsi Azərbaycanın sosial siyasətə sadiqliyinin növbəti təsdiqidir. Bu sənəd hökumətin uzunmüddətli strateji hədəflərinə uyğun olaraq sosial dövlət modelinin gücləndirilməsini prioritet saydığını göstərir. Dövlət mənafeyi baxımından sosial xərclərin yüksək payı cəmiyyətin rifahının qorunması, sosial sabitliyin təmin edilməsi və ümumi təhlükəsizlik arxitekturasının gücləndirilməsi nöqteyi-nəzərindən fundamental əhəmiyyət kəsb edir. Sosial davamlılıq milli təhlükəsizliyin ayrılmaz komponentidir və dövlət sosial öhdəlikləri genişləndirməklə mövcud risklərin qarşısını əvvəlcədən alır. 2026-cı ilin büdcəsi yalnız iqtisadi göstəriciləri deyil, həm də ölkənin sosial siyasətində vətəndaş rifahının qorunmasına verdiyi önəmi nümayiş etdirir.
2026-cı il üçün nəzərdə tutulan sosial paket geniş əhali kütləsinin həyatına birbaşa təsir edəcək. Pensiya və maaş artımları dövlətin sosial ədalət prinsipinə sadiqliyini nümayiş etdirməklə yanaşı, inflyasiya fonunda alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş iqtisadi zərurət kimi çıxış edir. Bu yanaşma vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir və dövlətin real iqtisadi şərtləri adekvat qiymətləndirdiyini göstərir. Ünvanlı sosial yardımın genişləndirilməsi və ehtiyac meyarının artırılması aztəminatlı ailələrin yükünü yüngülləşdirir və sosial müdafiə sisteminin ədalətli şəkildə yenilənməsinə şərait yaradır. Dövlət mənafeyi baxımından sosial təbəqələşmənin qarşısının alınması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Büdcədə sosial xərc payının yüksək olması artıq Azərbaycanın sosial-iqtisadi modelinin əsas xüsusiyyətinə çevrilib. Göründüyü kimi, Azərbaycanın sosial xərclərə verdiyi önəm ilə iqtisadi dayanıqlığın təminatı bir-birini tamamlayan strateji hədəflər kimi çıxış edir. Lakin bu xərclərin dayanıqlı maliyyələşdirilməsi məsələsi də strateji önəm daşıyır. Bunun üçün iqtisadiyyatın real sektoru güclənməli, qeyri-neft gəlirləri daha sürətlə artmalıdır. Neftdən asılılığın azaldılması və iqtisadi müstəqilliyin gücləndirilməsi dövlətin fundamental strateji maraqları sırasındadır. 2026-cı ilin büdcəsi bu istiqamətdə irəliləyişin davam etdiyini göstərir. Qeyri-neft gəlirlərinin artım tempi hələ istənilən həcmlərə çatmasa da, seçilən kurs doğrudur.
Dövlət həm sosial rifahın yüksəldilməsi, həm də iqtisadi dayanıqlığın təmin olunması istiqamətində siyasətini davam etdirir. Bu məqsədlə sosial yönümlü xərclərin artırılması ilə yanaşı, dövlət investisiyaları da davam etdirilir ki, bu da iqtisadi artımın təməlini möhkəmləndirir. Sosial öhdəliklərin genişləndirilməsi ilə yanaşı, iqtisadi baza da paralel şəkildə gücləndirilməlidir. İnfrastruktur layihələrinin davam etdirilməsi qeyri-neft sektorunun inkişafını təşviq edir və uzunmüddətli perspektivdə sosial yükün azalmasına xidmət edir. Güclü iqtisadiyyat dövlətin sosial öhdəliklərini daha rahat maliyyələşdirməyə imkan verir. Eyni zamanda, 2026-cı il büdcəsində nəzərdə tutulan kəsirin idarəolunan səviyyədə saxlanılması fiskal siyasətdə risklərin nəzarət altında olduğunu göstərir. Kəsirin ÜDM-də payının məhdudlaşdırılması həm Makroiqtisadi Sabitlik Şurasının tələblərinə uyğundur, həm də dövlətin sabitlik siyasətinin vacib elementini təşkil edir. Əhalinin rifahının artırılması yalnız xərclərin artırılması ilə deyil, həm də sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əsas hədəflərdən biridir. Dövlət bu istiqamətdə ardıcıl islahatlar həyata keçirir və büdcə həmin islahatların maliyyə dayanıqlığını təmin edir. Səhiyyə və təhsil infrastrukturunun yenilənməsi, sosial xidmətlərin elektronlaşdırılması və idarəetmədə şəffaflığın artırılması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir. Eyni zamanda, maliyyə axınlarının açıq idarə olunması ictimai etimadı gücləndirir və siyasi sabitliyin möhkəmlənməsinə töhfə verir. Sosial yönümlü büdcə, həmçinin preventiv siyasət vasitəsi kimi də çıxış edir. Sosial narazılıq risklərinin vaxtında aradan qaldırılması Azərbaycanın geopolitik baxımdan həssas regionda yerləşməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, sosial xərclərin artırılması daxili sabitliyin qorunmasına yönəlmiş strateji addım kimi dəyərləndirilir.
Əhalinin rifahının artırılması yalnız xərclərin artırılması ilə deyil, həm də sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə təmin olunur. Bu məqsədlə ardıcıl islahatlar həyata keçirilir və büdcə həmin islahatların maliyyə dayanıqlığını təmin edir. Səhiyyə və təhsil infrastrukturunun yenilənməsi, sosial xidmətlərin elektronlaşdırılması və idarəetmədə şəffaflığın artırılması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisi ilə müqayisədə isə 722 milyon manat çoxdur.
Azərbaycanın dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də sosial yönümlü olacaq.
Bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 20-də Milli Məclisin plenar iclasında, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur: Bu xərclərin 89,7 faizi, yəni 15,4 milyard manatı əməkhaqqı və sosial təminat ödənişlərinə ayrılacaq. Qeyd olunub ki, son beş ildə bu istiqamətdəki xərclər 4,4 milyard manat və ya 39,6 faiz artıb: “Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq. Ortamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artıb. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır".
Son on illik müddəti götürsək, Azərbaycanda dünya praktikasına əsaslanan sosial xərclərin həcminin kəskin artdığını görmək olar. Belə ki, Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Sosial müdafiə və sosial təminat” bölməsindən bilavasitə sosial müdafiə və təminat tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan xərcləri, təhsil və səhiyyə bölmələri üzrə faktiki icra edilmiş xərcləri nəzərə alsaq, 2016-cı ildə dövlət büdcəsinin sosial xərclərinin ümumi xərclərdə payı 25.7 faiz (4 milyard 559 milyon 7968 manat) təşkil edib. Əvvəlki ilə nisbətən 2016-cı ildə sosial müdafiə və təminatı xərcləri 250 milyon manat və ya 13.3 faiz, təhsil xərcləri 149.3 milyon manat və ya 9.3 faiz artıb. 2026-cı il üçün dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Bu isə o deməkdir ki, on ildə büdcə xərcləri 2,5 dəfə, sosial xərclər isə 3,7 dəfə artıb. Yəni, büdcənin sosial xərcləri onun ümumi xərclərindən daha sürətlə artıb.
Məlumdur ki, sosial xərclərin mühüm bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xətti ilə maliyyələşdirilir. Gələn il üçün Fondun büdcə xərclərinin 8 milyard 483 milyon 70 min manat (2025-ci illə müqayisədə 10,5 faiz və ya 806.6 milyon manat çox) olması proqnozlaşdırılır. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən Fondun gəlirlərinin 6 milyard 591 milyon manatının, yaxud 79,2 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68 faizi qeyri-büdcə sektorunun, 32 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizi və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu göstərici 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.
Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi gözlənilir. 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 çoxdur. O cümlədən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat hesablanıb.
Xatırladaq ki, 2026-cı ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.
Şəmsiyyə Əliqızı, “İki sahil”
Konstitusiya və Suverenlik medianın gözü ilə: Dövlətçilik ideyasının yeni mərhələsi