İkinci Qarabağ müharibəsində qorxmaz, cəsur, qeyrətli oğullarımız 44 gün içində düşməni məhv edib Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsini yazdılar. Öz qanı bahasına bu tarixi zəfəri qazanan minlərlə Vətən övladından biri də 1989-cu il fevralın 6-da Biləsuvar rayonu, Aşağı Cürəli kəndində dünyaya göz açan Cavid Hilal oğlu Mahmudovdur. O, göstərdiyi misilsiz hünərlə ölümsüzlüyə qovuşdu. 31 illik ömür yolu torpağına, yurduna məhəbbət mücəssəməsinə dönən Cavid ürəklərdə yaşamaqla, qərinələr keçəcək gələcək nəsillər də onu həmişə mərd, igid oğul, layiqli vətəndaş kimi böyük ehtiramla xatırlayacaq.
Qanında, ruhunda Vətən sevgisi dövr edən Cavidi yağının qanlı əməlləri, Qarabağın işğalı məktəb ilərindən düşündürüb. Odur ki, xain və hiyləgər dığalara öz yerini göstərmək üçün orta məktəbi bitirib, hərbiçi olmağı ən düzgün yol bilib. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsinə gəlib. Həmişə də cəbhə bölgəsində olmaqla öz doğma Vətənini göz-bəbəyi kimi qorumaq, yağı işğalında olan hər qarış torpaq uğrunda canından keçməyə hazır durmaq arzusu ilə nəfəs alıb. Son dərəcə mərd, cəsur, ağıllı komandirin Vətənə, torpağa sevgisi tabeliyində olan əsgərləri də sevindirib, onlarda düşmənə qarşı nifrət hissi yaradıb. Eləcə öz əsgərlərinə təlqin edib ki, Vətəni qorumaq, bu yolda belə şəhid olmaq hər birimizin şərəfli borcudur. Həyata real, ağıllı nəzərlərlə baxan Cavid xidmət etdiyi 10 il müddətdə Vətənini hər şeydən üstün, qiymətli bilib. Bir dəfə olsun hər hansı nöqsana yol verməyib. Özündən yuxarı vəzifəli komandirlərinin tapşırıqlarını vaxtında yüksək keyfiyyətlə yerinə yetirib. Təlimlərdə bütün sınaqlardan uğurla keçib. O, kapitan rütbəsinə qədər yüksəlib. Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medallarına layiq görülüb.
Qəlbi Vətən eşqi ilə döyünən Cavidi Qarabağımızın düşmən işğalında qalması həmişə ciddi narahat edib. 2020-ci il sentyabrın 27-də yağı düşməndən qisas alaraq Vətən torpaqlarının azad etmək məqamı gələndə əlinə silah alıb, odlu səngərə birincilər sırasında girib. Dığalara ilk endirdiyi sarsıdıcı zərbəsi zamanı onların çoxlu sayda canlı qüvvəsi məhv edilib. Daha sonra neçə-neçə qeyri-bərabər ağır döyüşlərdə fədakarlığı, mərdliyi nümunə olub. Hər dəfə Vətən torpaqların bağrına zəfər bayrağı sancılanda düşmənin üstünə ürəklə, qələbəyə inamla gedib. Axırıncı savaş yeri Füzuli olub. Burada da yağıya qan qusdurub. Ölümcül yaralansa da, amma təslim olmayıb, son damla qanına qədər mübarizə aparıb. Döyüşə-döyüşə oktyabrın 5-də müqəddəs şəhidlik zirvəsinə ucalıb.
Parlaq qələbəmizin igidlik simvoluna çevrilən, məkanı milyonların ürəyi olan Cavid Mahmudova ölümündən sonra “Vətən Müharibəsini Qəhrəmanı” adı verilib. Həmçinin zəfər şəhidi "Vətən uğrunda", Cəbrayılın, Füzulinin azadlığı uğrunda medalları ilə təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü