16 noyabr 2025 16:53
113

ABŞ Serbiya şirkətinin əməliyyat lisenziyasının müddətini uzatmayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinin əməliyyat lisenziyasının müddətinin uzadılması tələbinə rədd cavabı verib.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib.

“ABŞ NIS-in əməliyyat lisenziyasının müddətinin uzadılması tələbinə cavab olaraq şirkətin bir gün də fəaliyyətini davam etdirməsinə icazə verməyib. Onlar birmənalı olaraq Rusiya səhmdarlarının mülkiyyətinin tamamilə dəyişdirilməsini tələb edirlər”, - deyə nazir diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə hökumətin iclası keçirilir. Bütün dövlət müəssisələrinin direktorlarının iştirak etdiyi iclasda əsas diqqət Serbiya neft sənayesinin gələcəyinə yönəlib.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq olunan məhdudiyyətlərin bir hissəsi olaraq atılıb. Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə sorğu göndərib. ABŞ NIS-ə qarşı sanksiyaları ümumilikdə 8 dəfə təxirə salıb. Sanksiyalar oktyabrın 9-dan qüvvəyə minib.

Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.