16 noyabr 2025 18:40
97

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Aİ-nin 2026-cı il üçün büdcəsi barədə razılığa gəlib.

“İki sahil” Aİ Şurasına istinadla xəbər verir ki, layihədə 2026-cı il üçün ümumi öhdəliklərin həcmi 192,8 milyard avro, ödənişlərin həcmi isə 190,1 milyard avro məbləğində müəyyən edilib. Bununla yanaşı, 2021-2027-ci illər üzrə çoxillik maliyyə çərçivəsinin xərclər tavanı daxilində 715,7 milyon avro bu il üçün ehtiyat olaraq saxlanılıb. Bu vəsait Aİ-yə əlavə və gözlənilməz tələblərə operativ cavab vermək imkanı yaratmaq məqsədi daşıyır.

Büdcə Aİ prioritetlərinin icrasına, mövcud çağırışlarla mübarizəyə, rəqabət qabiliyyətinin artırılmasına, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, humanitar yardımın dəstəklənməsinə və miqrasiya təzyiqlərinin qarşılanmasına yönəldiləcək. Büdcə, həmçinin gözlənilməz ehtiyaclardan və böhranlardan irəli gələn vəziyyətlərə çevik və effektiv reaksiya vermək imkanı yaradır.

Bu, Aİ-nin 2021-2027-ci illər üçün nəzərdə tutulan çoxillik maliyyə çərçivəsində qəbul edilən altıncı illik büdcədir. Sənəd, eyni zamanda, COVID-19 pandemiyasından sonra bərpa tədbirlərini dəstəkləyən “NextGenerationEU” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərlə tamamlanır.