Ulan-Udedəki (Rusiya - red.) "Nikolayevski" mağazasının məhsullarından zəhərlənənlərin sayı 43-dən 89-a yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə regionun səhiyyə naziri Yevgeniya Ludupova öz "Telegram" kanalında məlumat paylaşıb.
"Buryatiya Səhiyyə Nazirliyinin və regional "Rospotrebnadzor" idarəsinin kəskin bağırsaq və salmonella infeksiyaları ilə bağlı əməliyyat qərargahının məlumatlarına əsasən, bu gün saat 10:00-a (Bakı vaxtı ilə 06:00) qədər 49-u uşaq olmaqla, 89 hadisə qeydə alınıb", - deyə o bildirib.
Ludupova əlavə edib ki, ümumilikdə 55 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 34-ü uşaqdır. Bütün zərərçəkənlərin vəziyyəti sabitdir, bir nəfər müsbət dinamika ilə reanimasiyadadır. Daha əvvəl isə 40 nəfərin, o cümlədən 22 uşağın xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.