17 oktyabr 2025 00:58
97

Şəhid anası oğlunun qapını açıb boynuna sarılacağı günü gözləyir

2023-cü ildə Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qarşı keçirdiyi uğurlu lokal xarakterli antiterror tədbirlərində Elvin İkram oğlu Qayıbov da ön sıralarda olan hərbçilərdən biri olub. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda böyük fədakarlıq nümayiş etdirən Elvin sentyabrın 19-da Ağdərə istiqamətində gedən döyüşlərdə bölük komandiri ilə birgə şəhidlik zirvəsinə ucalıb. O, boya-başa çatdığı kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Elvin İkram oğlu Qayıbov 1994-cü il iyul  ayının 15-də Xaçmaz rayonunun Xuray kəndində anadan olmuşdur. O, təhsilini bu rayonun şəhid Elman Qocayev adına Seyidlikəndyeri ümumi orta məktəbində  almışdır. Həqiqi hərbi xidmətdən bir müddət sonra,  2021-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə  (MAXE) başlamış Elvin ordu sıralarında şərəflə xidmət etmişdir. İxtisasca rabitəçi olmuşdur. O, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatında da iştirak etmişdir. Qeyd edək ki, bu əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılmışdır.          

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş  Elvin Qayıbov Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

“Elvinin bir amalı var idi”

Bu günlərdə yolumuz Xaçmaz rayonunun Xuray kəndinə düşmüşdü. Kəndin girəcəyindəki evlərin birinin qarşısındakı şəhid bulağı və onun yanındakı şəhid muzeyi diqqətimizi çəkdi. Öyrəndik ki, burada şəhidlik zirvəsinə ucalmış Elvin Qayıbova məxsus əşyalar saxlanılır. İçəri daxil olub şəhidin döyüş yolunu əks etdirən  materiallarla, fotolarla tanış olduq, onun ruhuna dualar oxuduq. Şübhəsiz, belə bir muzeyin yaradılmasi Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə böyük hörmət və ailələri ücün bir təsəllidir. Digər tərəfdən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə məkanların böyük rolu vardır. 

Yaxınlıqdakı evə doğru addımladıq. Darvazanı döyüb, içəri keçdik. Həyətdə bizi ortayaşlı bir kişi qarşıladı. 3 oğul atası İkram kişi şəhid oğlundan danışarkən bu itki onun üçün nə qədər ağır olsa da, qürur hissini gizlədə bilmədi: “Elvinin bir amalı var idi: şəhidlərimizin qisasını almaq. O bu arzudan doğan hisslərlə yüzlərlə qeyrətli Vətən oğulları kimi, qəhrəmanlıq tariximizə şanlı səhifə yazdı. Elvinim uşaqlıqdan vətənsevər oğul kimi böyüyüb. O, nümunəvi davranışı ilə ətrafındakılara həmişə örnək olub. Mən övladımlarımlə hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm”.

Söhbət əsnasında məlum oldu ki, İkram kişinin sinəsində hələ də qəlpə gəzdirən və bir çox əməliyyatların, o cümlədən Aprel döyüşlərinin, lokal antiterror əməliyyatının iştirakçısı olmuş böyük oğlu Əlixan 15 ilə yaxın ordu sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsinin də iştirakçısı olan Əlixan Prezidentin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Elə Elvinin də həyatını hərbə həsr etməsində Əlixanın böyük rolu olub. Hətta onlar eyni hərbi hissədə xidmət ediblər.

Gözlərinə baxmaq olmur Şahnaz xanımın

Az sonra İkram kişi həyat yoldaşı Şahnaz xanımı səsləyir. Bir neçə dəqiqədən sonra nurlu simasına kədər çökmüş ağsaçlı ana qarşımızda peyda olur. Söhbət zamanı şəhidin anası Şahnaz xanım tərəfə boylanıram. Gözlərinə baxmaq olmur Şahnaz xanımın. Sanki müharibənin acıları gizlənib gözlərinin dərinliyində. O, bütün bunları büruzə verməməyə çalışır.  Şahnaz xanım da Elvinli günlərini  xatırlayarkən göz yaşlarını gizlədə bilmir: “Sakit təbiətli Elvinim heç vaxt sözümdən çıxmazd. Onda Vətən sevgisi sonsuz idi. Hər zaman deyirdi ki, ən böyük arzum Vətən uğrunda canımdan keçməkdir. O,  antiterror tədbirlərində vuruşaraq şəhidlik zirvəsinə ucalmaqla arzusuna çatdı”. “Şəhid anası olmaq mənim üçün ən yüksək məqamdır, şərəfdir” sözləri ilə söhbətini davam etdirən Şahnaz xanım, həmçinin bildirdi ki, Elvin ailəsi (onun Nur adlı bir qızı var) üçün təzə ev tikdirmişdi, demək olar ki, hər şeyi hazır idi, qalırdı bircə köçmək. Amma bu, ona nəsib olmadı. İndi həmin evə baxanda ürəyim qan ağlayır”. Bu yerdə dərin fikrə gedən Şahnaz xanım handan-hana göz yaşlarını silə-silə dillənir: “Pəhləvan cüssəli şəhid oğlumla  bağlı o qədər deyiləsi sözlərim var ki. Lap bir kitablıq. Amma nədənsə ondan söz düşəndə fikirlərim pərən-pərən olur. Hə, Elvinim əncir mürəbbəsini çox sevirdi. Sentyabrın əvvəlində dedi ki, ana, əncir yığmışam, ondan mənim üçün mürəbbə bişir”. Mən də bişirdim. İndi hər dəfə o əncir dolu balonları görəndə dünya sanki başıma fırlanır. Özümə birtəhər toxtaxlıq verirəm”.

Boynuna sarılacağı günü gözləyir

Az sonra Şahnaz xanım oğlunun ona olan məhəbbətindən söz açır. Deyir ki, o, hər ad günümdə mənim üçün hədiyyə alardı: “Sonuncu dəfə mənə qızıl boyunbağı almışdı. Demişdi ki, növbəti ad günümdə qolbağı alacaq. Amma taleyin gərdişi elə gətirdi ki...”Şahnaz xanım fikrini tamamlaya bilmir, göz yaşları onu boğur... Mən də Elvin kimi oğul böyüdən Şahnaz anaya ürək-dirək vermək məqsədilə deyirəm: “Bu gün bizim hər birimiz tapdalanan qeyrətimizin, ləyaqətimizin xilası üçün canından keçən oğullar dünyaya gətirib böyüdən sizin kimi analara borcluyuq”.

“Elvinin yoxluğundan iki il ötür. Təskinliyiniz nədir sualına cavab verməmişdən öncə Əlixan bəy qardaşına aid guşəni göstərir. Sonra isə  əlavə edir: “Vətənimizin suverenliyinə qovuşması yəqin ki, qardaşımın ruhuna da əyandır. Bu mənada onun ruhu şaddır. Onu da qeyd etməyi özümə borc bilirəm ki, hər bir şəhid mənim qardaşımdır”. Söhbətimizin sonunda kompleksin ailənin daxili vəsaiti hesabına yaradıldığını vurğulayan Əlixan bəy igid şəhidin adının hələ də əbədiləşdirilməməsindən gileyləndi.

Şahnaz xanım isə hələ də  Elvinin yoxluğuna inanmır. Hətta bir gün qapını açıb boynuna sarılacağı günü gözləyir: “Hərdən də bu bulaq-kompleksin yanında oturub balamla dərdləşirəm. Özümə təsəlli verirəm, deyirəm ki, Elvinim yanımdadır, o mənimlədir. Bəli, o, şəhiddir. Şəhidlik adi ölüm deyil. Şəhid olanlar zaman keçdikcə əfsanəyə çevrilir. Bu isə o deməkdir ki, mənim də balam bir əfsanədir”.

...Şübhəsiz, bizə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin, o cümlədən Elvinin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onların qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün nümunə olacaq. Elə orada olduğumuz müddətdə məktəb şagirdlərinin bulaq-muzey kompleksini ziyarət edərkən bu mənzərənin bir daha şahidi olduq.

Qvami Məhəbbətoğlu, “İki sahil”