20 oktyabr - Zəngilan Şəhəri Günü həm bu şəhərin azadlığının rəmzi, həm də onun gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu kimi dəyərləndirilir
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Zəngilanın tarixi onun taleyi ilə paralel şəkildə, bütövlükdə Azərbaycan xalqının mübarizə, itki və dirçəliş tarixinin bədii ifadəsidir. Qədim Zəngəzur diyarının tərkib hissəsi olan bu bölgə əsrlər boyu mədəniyyətlərin, ticarət yollarının və mənəvi dəyərlərin qovuşduğu məkana çevrilmiş, lakin xarici işğallar nəticəsində dəfələrlə dağıdılaraq yenidən bərpa edilmişdir.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra həyata keçirilmiş inzibati bölgü Zəngilanın sonrakı tarixi taleyinə birbaşa təsir göstərdi. Həmin dövrdə Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, onun tərkibinə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın kimi bölgələr daxil edilmişdi. Lakin 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və bolşeviklərin hakimiyyəti zəbt etməsindən sonra qədim türk yurdu olan Zəngəzur qəzası süni şəkildə bölündü. Bolşevik Rusiyasının dəstəyi ilə Zəngəzurun yuxarı hissəsi Ermənistana birləşdirildi, yalnız Laçın, Qubadlı və Zəngilan Azərbaycanın tərkibində qaldı. Bu hadisə sonrakı onilliklərdə bölgənin etnik və siyasi xəritəsini dəyişdirən ən ciddi tarixi zərbələrdən biri oldu.
Zəngilan həm təbiət, həm də resurs baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar axır, torpaqları təbii sərvətlərlə – tikinti daşı, qara mərmər, əhəng xammalı, qızıl yataqları ilə zəngindir. Rayonun relyefi həm dağlıq, həm də düzənlik sahələri əhatə etdiyindən burada həm əkinçilik, həm də heyvandarlıq inkişaf etmiş, zəngin kənd təsərrüfatı infrastrukturu formalaşmışdır. Sovet dövründə Zəngilanda 29 kolxoz-sovxoz, arıçılıq və fermer təsərrüfatları, eləcə də 21 dəmiryol müəssisəsi fəaliyyət göstərirdi.
Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində bu inkişaf bir anda dayandı. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün ərzində mühasirədə qaldı. Əhalisi son ana qədər vuruşdu, 235 nəfər şəhid və itkin verdi, minlərlə zəngilanlı Araz çayını keçərək İran ərazisinə sığınmaq məcburiyyətində qaldı. Bu hadisə Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, qəhrəmanlıqla dolu səhifələrindən biri kimi yadda qaldı.
Vandalizmin yer üzündən sildiyi abidələr
Zəngilan rayonunun işğalı illərində erməni vandalizmi təkcə yaşayış məntəqələrini deyil, həm də xalqın çoxəsrlik tarixi yaddaşını silməyə yönəlmişdi. Bölgənin zəngin mədəni irsini təcəssüm etdirən yüzlərlə dini, memarlıq və arxeoloji abidə dağıdılıb, talan edilib, bəziləri isə tamamilə məhv edilib. XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrdə inşa edilmiş Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kənd məscidləri, eləcə də Xanazor və Yeməzli kəndlərində yerləşən qədim alban kilsələri vandalların hücumuna məruz qalan müqəddəs məkânlardan idi. Zəngilan torpaqlarında əsrlərin dərinliyindən gələn dini inancların daşıyıcısı olan Səkkizguşəli türbə (XIV əsr, Məmmədbəyli), Xanazur türbəsi, Soltan Heydər, İzzə, Günqışlaq, Veysin, Seyid Musa, Qaradağlı, Yal, Yel piriləri və saysız ocaqlar da erməni barbarlığı nəticəsində ciddi zərər görüb.
Tarixi memarlıq baxımından Zəngilan ərazisi həm antik, həm də orta əsrlərə aid unikal nümunələrlə zəngin idi. Şərifan abidələri (IX–XVI əsrlər), Ağca Aşıq və Şəhri Şərifan kimi orta əsr yaşayış yerləri, Qız qalası və Qəsr qalası kimi istehkam tikililəri, XIII–XIV əsrlərə aid sərdabələr, eləcə də Hacallı dairəvi bürcü və Hacalı qülləsi bu torpaqların qədim şəhərsalma mədəniyyətini sübut edən qiymətli yadigarlardır. Qədim dövrlərə gedib çıxan Quyudərə Xəştab nekropolu (e.ə. VI–IV əsrlər) və Yeməzli kəndindəki küp qəbirlər (e.ə. IV–II əsrlər) isə bölgənin erkən sivilizasiya izlərini göstərən arxeoloji tapıntılardır.
Bütün bu abidələrin məhv edilməsi, təhqir olunması və bəzilərinin izlərinin belə silinməsi erməni işğalının təkcə hərbi deyil, mədəni soyqırımı xarakteri daşıdığını sübut edir. Zəngilanın qədim məscidləri, türbələri, pirləri, qalaları və nekropolları Azərbaycan xalqının tarixində mühüm yer tutan, dini və mədəni kimliyini ifadə edən mənəvi xəzinə idi. Bu irsin bərpası bu gün təkcə fiziki yenidənqurma deyil, həm də xalq yaddaşının, milli qürurun bərpası kimi qəbul olunur.
27 il sonra…
Bu ağrılı tarix yalnız 27 il sonra – 2020-ci il oktyabrın 20-də Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilanın işğaldan azad edilməsi ilə qürurla tamamlandı. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilan şəhəri, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin azad edilməsi müjdəsini verdi. Zəngilan uğrunda döyüşlər nəticəsində 4 qəsəbə və 49 kənd azad olundu, eyni zamanda,132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi. Qələbədən sonra bu əməliyyatlarda iştirak edən 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi təsis edildi. Bu qərar həm şəhərin azadlığının rəmzi, həm də onun gələcəyə doğru başladığı yeni həyat mərhələsinin simvolu kimi dəyərləndirilir.
Böyük Qayıdışın başlanğıc nöqtəsi
Azadlığına qovuşduqdan sonra Zəngilan Böyük Qayıdış Proqramı çərçivəsində bərpa və yenidənqurma işlərinin mərkəzinə çevrildi. İlk pilot layihə məhz bu rayonda – Ağalı kəndində həyata keçirildi. “Ağıllı kənd” konsepsiyası əsasında 200 müasir evdən ibarət kənd salındı, məktəb, uşaq bağçası, tibb məntəqəsi, “ASAN” və “DOST” mərkəzləri, kiçik və orta sahibkarlıq infrastrukturu quruldu. 2022-ci ildən etibarən Ağalı kəndinə 175 ailə – 871 nəfər sakin qayıdıb və bu proses davam edir.
Ağalı kəndi bu gün yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətində olan ekoloji və texnoloji modeldir. Burada Həkəri çayı üzərində Arximed turbinləri ilə işləyən hidroenerji sistemi, günəş panelləri, bioloji su təmizləmə qurğuları, izolyasiyalı evlər, ağıllı videomüşahidə və internet sistemləri qurulub. “Yaşıl enerji”, “ağıllı idarəetmə” və “dayanıqlı kənd təsərrüfatı” prinsipləri əsasında formalaşan bu kənd gələcəkdə bütün azad edilmiş ərazilər üçün nümunə rolunu oynayacaq.
Qəhrəmanlıqdan dirçəlişə: Azad diyarın yeni həyatı
Zəngilan şəhərinin Baş planı 2023-cü il oktyabrın 30-da təsdiq olunub və 2040-cı ilə qədər bölgənin sosial-iqtisadi inkişaf xəttini müəyyənləşdirib. Artıq şəhərdə infrastruktur layihələri icra edilir, yeni yaşayış massivləri salınır, yollar, körpülər, kommunikasiya xətləri bərpa olunur. Bu prosesdə Zəngilanın strateji mövqeyi xüsusi əhəmiyyət daşıyır. Rayon nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək, regionun mühüm logistik mərkəzinə çevrilməkdədir. Burada inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı həm Qarabağ, həm də Zəngəzur dəhlizi üçün strateji əhəmiyyətə malikdir. Hava limanı ICAO və IATA standartlarına uyğun olaraq bütün növ təyyarələri qəbul edə bilir. Eyni zamanda, Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və Zəngilan–Horadiz avtomobil yolunun tikintisi regionun iqtisadi əlaqələrini gücləndirəcək, Naxçıvana və oradan Türkiyəyə birbaşa çıxış imkanı yaradacaq.
Mədəni-mənəvi bərpa prosesinin də simvolu Zəngilan şəhər məscidinin bərpası oldu. XIX əsrdə inşa edilmiş, işğal dövründə təhqir olunaraq tövləyə çevrilmiş bu məscid Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən dirçəldildi. Tarixi memarlıq üslubuna sadiq qalınaraq iki minarəli, üçnefli, 220 nəfərlik ibadət zalına malik yeni məscid tikildi. Məscidin günbəzi kaşı və kərpicdən yığılıb, interyerində nəqqaşlıq və nəbati naxışlarla işlənmiş mehrab yaradılıb.
Bu gün Zəngilanın həm turizm, həm də kənd təsərrüfatı potensialı üzə çıxarılır. 2024-cü ilin mayında Ağalı kəndində açılan “Ağalı” hoteli bölgədə turizmin inkişafı üçün yeni mərhələ açıb. Həmçinin Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” fəaliyyətə başlayıb. 100 milyon dollarlıq sərmayə ilə reallaşan bu layihə nəticəsində 500 nəfər işlə təmin ediləcək, 6 min hektar sahədə bitkiçilik və heyvandarlıq kompleksləri yaradılacaq, “Made in Qarabağ” brendi ilə məhsulların ixracı təmin olunacaq.
Zəngilan bu gün həm qəhrəmanlıq, həm dirçəliş, həm də gələcəyə inam rəmzidir. Qədim tarixi, təbiəti və zəngin mədəni irsi ilə o, Azərbaycanın yenidən doğulan torpaqlarının simvoluna çevrilib. 20 oktyabr artıq yalnız azadlığın deyil, həm də bu torpaqlarda həyatın, sabahın, rifahın yenidən doğuluş günüdür.
Hər bir səfər…
Zəngilanın işğaldan azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu bölgəyə çoxsaylı səfərləri reallaşıb. Bu səfərlər həm Zəngilanın azadlığının rəmzi, həm də onun bərpası və gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi hadisələr olub. 2020-ci ilin dekabrında Zəngilan şəhərində dövlət Bayrağının ucaldılması ilə başlanan bu səfərlər mərhələli şəkildə bölgənin tamamilə yenidən qurulması prosesinə çevrilib. Dövlət başçısının hər bir səfəri azad edilmiş torpaqlarda həyatın bərpası, müasir şəhərsalma modelinin tətbiqi və yerli əhalinin doğma yurdlarına qayıdışı istiqamətində konkret nəticələrlə müşayiət olunub.
Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev Zəngilanın sosial-iqtisadi inkişafını təmin edən çoxsaylı obyektlərin – məktəblərin, uşaq bağçalarının, idarəetmə və enerji infrastrukturlarının, eləcə də Zəngilan məscidinin açılışlarında iştirak edib. Beləliklə, 2020–2024-cü illər ərzində həyata keçirilən bütün bu səfərlər Zəngilanın yalnız azad olunmuş torpaq deyil, həm də müasir Azərbaycan modelinə uyğun şəkildə yenidən doğulan şəhər və rayon kimi formalaşdığını nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu bərpa və quruculuq missiyası Zəngilanı gələcəyin ağıllı, yaşıl və dayanıqlı inkişaf mərkəzinə çevirib.
Nigar Orucova, “İki sahil”