16 oktyabr 2025 23:14
126

Yeni parklanma məntəqələri şəhər mobilliyinə necə təsir göstərəcək?

Ekspert: Vətəndaş yaşadığı, işlədiyi ərazidə maşınını park edə bilmir və belə olduğu halda əlavə narahatlıqlar yaranır

Bu günlərdə paytaxtda nəqliyyat sıxlığının azaldılması, sürücülərin rahatlığının, nəqliyyat fasiləsizliyinin  təmin olunması və yol-piyada hərəkətinin rahatlığına, şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədi ilə bir sıra ərazilərdə yeni pulsuz parklanma məntəqələrinin təşkili davam etdirilir. Bu, Bakı şəhərində parklanma idarəçiliyinin təkmilləşdirilməsi və ictimai nəqliyyata əlçatanlığın artırılması istiqamətində atılan uğurlu addımdır. Parklanma qaydalarının pozulması həm yol hərəkətinin axıcılığına həm də piyadaların təhlükəsizliyinə təsir göstərir. Yeni ödənişsiz parklanma yerlərinin təşkil olunması ilə bu kimi problemlərin tədricən aradan qaldırılması gözlənilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata əsasən, Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Gülarə Qədirbəyova və Adil Məmmədov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

AYNA-nın məlumatına görə, yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Yeni ödənişsiz parklanma məntəqələri …

AYNA məlumat verir ki, şəhərin parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

“Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.”- AYNA bildirib.

Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı “İki sahil” ə açıqlamasında bildirdi ki, parklanma zonaları ayrılmazdan əvvəl paytaxtda vaxtilə pulsuz parklanma yerləri kifayət qədər vətəndaşlara xidmət edirdi. Lakin zamanla ödənişsiz olan parklanma məntəqələri ödənişli ərazilərə çevrildi: “Hazırda ödənişli ərazilərlə yanaşı, pulsuz parklanma məntəqələrinin də mövcud olması, yeni pulsuz parklanma məntəqələrinin təşkili hərəkət iştirakçıları üçün töhfədir.”

Aslan Əsədovun sözlərinə görə, bəzi binaların, obyektlərin, yaşayış məntəqələrinin daxilində qarajlar mövcud deyil. Vətəndaş yaşadığı, işlədiyi ərazidə maşınını park edə bilmir və belə olduğu halda əlavə narahatlıqlar yaranır: “Günümüzdə vətəndaşlar yaşayacağı ərazini, alacağı obyekti seçərkən onlar üçün əsas meyarlardan biri də əlverişli parklanma ərazilərinin olub-olmamasıdır.”

Qeyd edək ki, bəzi binaların, mənzillərin və obyektlərin qarşısında parklanma məntəqəsi olmadığından vətəndaşlar cərimə cəzası ilə qarşılaşırlar. Bu kimi halların tədricən azalması və qarşısının alınması üçün AYNA-nın pulsuz parklanma yerlərini artırması hərəkət iştirakçıları üçün məqsədəuyğundur.

Şahnigar Əhmədova, “İki sahil”