17 oktyabr 2025 00:13
112

Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilir

Son 22 ildə davamlı inkişaf və strateji təşəbbüslər sayəsində Azərbaycan bir sıra qlobal səviyyəli tədbirlərə ev sahibliyi etməklə siyasi, iqtisadi və mədəni mərkəzə çevrilib. Şübhəsiz ki, bunu təmin edən başlıca faktor dövlətimizin başçısı cənab İlham Əliyevin iradəsi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasi xətt beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə və dövlətimizə qarşı etimadın artmasına xidmət edir. Ölkəmizin uzun illərdir biri-birindən mötəbər tədbirlər təşkil etməsi Azərbaycanın dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi əhəmiyyətli töhfələrin növbəti təsdiqidir.

 Bu baxımdan şəhərsalma və şəhər inkişafı sahəsində strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə tədbirlər davam edir. Oktyabrın 15-dən Xankəndi şəhərində III Milli Şəhərsalma Forumu işə başlayıb. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı çərçivəsində təşkil edilir. Forumda 60-dan çox ölkədən 400-ə yaxın dövlət və özəl qurum nümayəndələri, beynəlxalq təşkilatlar, akademik institutlar və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir. Üç gün davam edəcək Forum şəhərsalma sahəsində aktual çağırışlar və imkanları müzakirə etmək üçün yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayır. Tədbirdə münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji sahəsində effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, eləcə də regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzular müzakirə ediləcək. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər geniş təqdim olunacaq. Həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar iştirakçılara beynəlxalq standartlarla tanış olmaq imkanı yaradacaq. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr sahədə bilik mübadiləsini daha da gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna imkan yaradacaq təkan verəcək və regional inkişaf strategiyalarının formalaşdırılmasına töhfə verəcək. Forum, həmçinin innovativ yanaşmaların tətbiqi, yerli və beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi, habelə şəhər planlaşdırması və idarəetməsində ən yaxşı təcrübələrin paylaşılması üçün geniş imkanlar yaradacaq. Qeyd etmək lazımdır ki, ilk Şəhərsalma Forumu 2022-ci ildə Ağdamda, ardınca,  2023-cü ildə Zəngilanda keçirilib. Bu dəfə isə Qarabağın qədim və köklü şəhəri Xankəndidə təşkil olunur. Forumun ilk iki günü Xankəndidə, daha sonra isə Bakıda keçiriləcək. III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi xüsusi məna daşıyır. Bu fikir Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətdə də yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, uzun illər işğal altında qalmış Xankəndi bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir: “Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir”.

Şəhərsalma sahəsində ölkəmizin əldə etdiyi uğurlar və beynəlxalq arenadakı nüfuzu fonunda, 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.  Bununla bağlı III Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətdə dövlətimizin başçısı qeyd edib ki, bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudiya Rossbax Xankəndi şəhərində keçirilən  III Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib ki, bu gün təxminən 3 milyard insanın mənzil şəraiti əlverişsizdir, 1 milyarddan çox insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizdir: “Mənzil ləyaqətin, imkanların və iqlim dayanıqlılığının təməlidir. Məhz bu səbəbdən o, üzv dövlətlərin bu il təsdiqlədiyi UN-HABITAT-ın 2029–2034-cü illər üçün yeni strateji planının təməl daşı olub”. O qeyd edib ki, Bakıda keçiriləcək WUF13 bu gün Azərbaycanda müşahidə olunan təkana əsaslanacaq: "2023-cü ilin ortalarında Bakıda ölkə ofisimizi açdığımız vaxtdan bəri UN-HABITAT kompleks şəhər həllərinin tətbiqi üçün milli və yerli tərəfdaşlarla fəal əməkdaşlıq edir. UNEP və IOM ilə birgə həyata keçirilən 10 milyon ABŞ dolları dəyərində Uyğunlaşma Fondu layihəsi çərçivəsində Xəzər sahili boyu iqlimə davamlı şəhər və icmaların yaradılmasında Azərbaycana dəstək veririk. Bu, Böyük Bakıda infrastrukturun ekoloji cəhətdən optimallaşdırılmasını, Neftçalada erkən xəbərdarlıq sistemlərinin inkişafını və Astarada yağış sularının toplanması vasitəsilə su təhlükəsizliyinin təmin edilməsini əhatə edir. Bütün təşəbbüslər yerli icmaların iştirakına və inklüziv layihələndirmə prinsiplərinə əsaslanır. Bundan əlavə, UN-HABITAT milli prioritetlərə və qlobal öhdəliklərə uyğun olaraq şəhər dayanıqlılığı üçün siyasi və institusional çərçivələrin qurulmasına kömək edir".

Forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır. 2018-ci ildən Azərbaycan şəhərlərin Baş planlarının hazırlanması və mütəmadi yenilənməsi yolu ilə məkan inkişafına kompleks və uzunmüddətli yanaşma tətbiq edib: “Bu planların əksəriyyəti artıq tamamlanıb və yaxud icra mərhələsindədir, beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanaraq qlobal standartlara uyğunlaşdırılıb. Bu gün Azərbaycan münaqişədənsonrakı bərpa modelini fəxrlə təqdim edir. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir”.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək bildirib ki, bərpa edilən 19-dan çox yaşayış məntəqəsində 22 mindən yuxarı əhalinin yaşayışı təmin edilib. Onların 4 mindən çoxu məcburi köçkünlərdir. Hazırda ən prioritet məsələnin məşğulluğun təmin olunması ilə bağlı olduğunu diqqətə çatdıran xüsusi nümayəndənin sözlərinə görə, ötən müddətdə özəl investorlar tərəfindən regiona 65 milyon manat özəl investiya qoyulub, bunun hesabına 3 minə yaxın yeni iş yeri yaradılıb. Xankəndidə keçirilən Forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır. Bu, Qarabağın gələcək inkişafına yeni impuls verəcək.

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar və azad edilmiş ərazilərin bərpası istiqamətindəki təcrübəsi beynəlxalq səviyyədə diqqət çəkir. Bu kontekstdə Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri Soltan Hacıyev III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) kuluarlarında bildirib: “Azad edilmiş ərazilərin bərpası WUF13-də dünyaya örnək olacaq. Hazırkı tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə uğurla inkişaf edən əməkdaşlığının parlaq nümunəsidir. Bu əməkdaşlıq Azərbaycanın şəhərsalma, xüsusilə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsindəki qabaqcıl təcrübəsinin təşviqi üçün böyük fürsət və mühüm platformadır. Forum həmçinin bu nailiyyətləri beynəlxalq qonaqlara və ekspertlərə təqdim etməyə imkan verir”. Onun sözlərinə görə, bu tədbir həm də 2026-cı ilin mayında Bakıda keçiriləcək WUF13-ə hazırlıq mərhələsidir. Ümumdünya Şəhərsalma Forumu şəhərsalma, memarlıq və planlaşdırma sahəsində ən böyük və nüfuzlu tədbirdir. Forumda yüzdən çox ölkənin nümayəndələri iştirak edir. Azərbaycan həmişə olduğu kimi, bu tədbiri ən yüksək səviyyədə keçirəcək və beynəlxalq nüfuzunu bir daha təsdiqləyəcək.

Bakıda müasir texnologiyalar əsasında aparılan tikinti və infrastruktur işləri, eyni zamanda azad edilmiş ərazilərdə geniş vüsət alan abadlıq-quruculuq prosesi şəhərsalma fəaliyyəti ilə məşğul olan beynəlxalq qurumlar üçün böyük əhəmiyyət kəsb edir. Forumda dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər iştirak edir və şəhərsalma istiqamətində yeni konsepsiyalar müzakirə olunur. Bu baxımdan tədbir həm beynəlxalq təcrübənin paylaşılması, həm də Azərbaycan mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün mühüm platforma rolunu oynayır. Eyni zamanda, bu Forum siyasi və diplomatik baxımdan da xüsusi əhəmiyyət daşıyır. Bu mənada,13-cü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi həm diplomatik uğur, həm də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasının bariz göstəricisidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”