30 sentyabr 2026 18:25
85

Qarabağda və Şərqi Zəngəzurda bu gün işıqlar daha gur yanır…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir

Vətən müharibəsindəki tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilər bu gün bərpa-quruculuq və inkişaf dövrüçnü yaşaıyır. Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır, minlərtlə keçmiş məcburi köçkün böyük sevinc hissi ilə doğma yurdlarına qayıdır.

Hazırda yağı tapdağından azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir, yaşayış üçün önəmli olan infrasturktur layihələri reallaşdırılır. Həmçinin yaşayış məntəqələrinin Baş planları hazırlanır, müasir standartlara cavab verən yollar salınır, körpülər, tunellər tikilir, dayanıqlı enerji, su, qaz təminatı qurulur. Bu bölgələrdə kənd təsərrüfatı və sənayedə yeni fəaliyyət sahələrinin, eləcə də ticarət, xidmət, nəqliyyat, tikinti və digər sektorların yaradılması və inkişafı istiqamətində ciddi addımlar atılır.

Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan əhalinin məşğulluq təminatının artırılması, sosial infrastrukturun qurulması istiqamətində genişmiqyaslı layihələr icra edilir. Füzuli, Zəngilan və Laçında 3 beynəlxalq hava limanı artıq istifadəyə verilib. Bərdə-Ağdam dəmir yolu xətti istifadəyə verilib, Horadiz-Ağbənd xətti 72 faiz, Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası və tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Bundan başqa, Zabuxçay su anbarı və magistral boru kəməri istifadəyə verilib, Şuşada 90 çarpayılıq Müalicə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə və çoxsaylı mədəniyyət obyektləri tikilib və bərpa olunub. Bundan başqa, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, sosial obyektlərin, o cümlədən müxtəlif təhsil pillələri üzrə müəssisələrin fəaliyyətinin təşkili, dayanıqlı məskunlaşma üçün sistemli tədbirlər həyata keçirilir. 

Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

Yeni strateji mərhələdə Böyük Qayıdış ölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Böyük qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dövlət büdcəsindən böyük həcmdə vəsait yönəldilib. Bütün bunların nəticəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı sürətlə davam edir. Sentyabrın 30-da səhər saatlarında Cəbrayıl rayonuna, eləcə də Xocalı və Xocavənd şəhərlərinə köç karvanının yola salınması bunun əyani təsdiqidr.

Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 60 nəfərdən ibarət 9 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocavənd şəhərinə isə 55 nəfərdən ibarət 16 ailə Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Beləliklə, növbəti mərhələdə ümumilikdə 193 nəfərdən ibarət 42 ailə doğma yurdlarına qayıdır.

Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir. Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, həlak olan hərbçilərin xatirəsini yad ediblər.

Bəli, Böyük Qayıdış prosesi hazıda uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə altı ildə həyata keçirilən genişmiqyaslı quruculuq, yenidənqurma işləri Azərbaycan dövlətinin qüdrətini, xalqımızın iradəsini, əzmini və birliyini bütün dünyaya bir daha nümayiş etdirir.

Zahid Rza, “İki sahil”