QHT-lərin yeni missiyası: Dövlətlə cəmiyyət arasında etimadı gücləndirmək
Azərbaycan Milli QHT Forumu artıq təkcə milli deyil, həm də qlobal miqyasda vətəndaş diplomatiyasının səsini dünyaya çatdıran platforma kimi tanınır
Azərbaycan vətəndaş cəmiyyəti son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyri-Hökumət Təşkilatları (QHT) artıq təkcə sosial layihələr həyata keçirən qurumlar deyil, dövlət siyasətinin icrasında strateji tərəfdaş rolunu oynayırlar. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (AMQF) da bu prosesin aparıcı qüvvələrindən biridir . 2024-cü ilin mayında keçirilmiş X Qurultay Forumun fəaliyyətində dönüş nöqtəsi oldu – layihə mərkəzli fəaliyyət uzunmüddətli nəticə və təsir yönümlü strategiya ilə əvəzləndi. Forumun İdarə Heyətinin sədri Ramil İsgəndərli “İki sahil”ə müsahibəsində bu dəyişimin mahiyyətindən, Forumun son illərdəki uğurları, beynəlxalq əməkdaşlıq istiqamətləri, regionlarda vətəndaş cəmiyyətinin inkişafı, gənclərin və qadınların təşəbbüskarlığının dəstəklənməsi, gələcək strateji planlar, eləcə də vətəndaş cəmiyyətinin inkişaf prioritetlərindən və QHT-lərin dövlət siyasətində artan rolundan söz açdı.
-Milli QHT Forumunun fəaliyyətində son dövrdə hansı əsas prioritetlər və strateji hədəflər müəyyənləşdirilib?
-Azərbaycan Milli QHT Forumu üçün son bir il bir dönüş nöqtəsi olub. 2024-cü ilin mayında keçirilmiş X Qurultay Forumun inkişaf yolunda strateji mərhələnin başlanğıcı idi. Biz artıq fəaliyyətimizi yalnız layihə mərkəzli deyil, uzunmüddətli təsir və nəticə yönümlü hədəflərlə planlaşdırırıq. Əsas prioritetlərimiz vətəndaş cəmiyyətinin institusional dayanıqlığını təmin etmək, ictimai iştirakçılıq mexanizmlərini dərinləşdirmək, beynəlxalq əlaqələri gücləndirmək və şəffaf idarəetmə modelini möhkəmləndirməkdən ibarətdir. Biz inanırıq ki, QHT-lər sosial layihələrin icraçısı olmaqla yanaşı, həm də dövlət və cəmiyyət arasında körpü rolunu oynayan strateji tərəfdaşlardır. Bizim məqsədimiz vətəndaş cəmiyyətinin inkişafı, dövlətin ictimai və sosial siyasətinə töhfə verməkdir. Bu, həm məsuliyyət, həm də milli vətəndaş borcumuzdur.
-Azərbaycan cəmiyyətində QHT-lərin rolu son illərdə necə dəyişib və Forum bu dəyişikliklərə necə cavab verir?
-Son illərdə Azərbaycan cəmiyyətində QHT-lərin rolu əhəmiyyətli transformasiyaya məruz qalıb. Əvvəllər daha çox sosial yardım və maarifləndirmə ilə məşğul olan QHT-lər, indi qərar qəbul etmə proseslərində, ictimai iştirakçılıqda və islahat yönümlü təşəbbüslərdə fəal iştirak edirlər. Bu, vətəndaş cəmiyyətinin yetkinliyinin göstəricisidir. Ötən il Azərbaycan QHT-ləri COP29 prosesinə layiqli töhfə vermək üçün əsl fədakarlıq göstərdi. Aparılmış çoxsaylı görüşlər, yaradılan təmaslar, keçirilən tədbirlər səmərəli oldu”. Qlobal Cənub QHT Platforması məhz COP29-un qalıcı töhfəsidir. Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Forum bu dəyişikliklərə adekvat reaksiya verərək öz strukturunu və idarəetmə modelini təkmilləşdirdi. Biz 2024–2025-ci illərdə horizontal yanaşma tətbiq edərək, sektoral işçi qrupları və koalisiyaları – ekoloji, səhiyyə və sağlamlıq, gender, təhsil və əhalinin həssas qrupları ilə iş və digər sahələrdə fəaliyyət göstərən platformalar yaratdıq. İctimai Şuralarla əlaqələr qurduq. Bu faktlar, QHT-lərin öz aralarında həmrəylik, koordinasiya və birgə fəaliyyət mədəniyyətini inkişafı göstəriciləridir. Biz artıq QHT-ləri sadəcə layihə icraçısı kimi deyil, social-ictimai siyasətin formalaşdırılmasında məsul təsisat kimi görürük. Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib: “QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”.
-QHT-lərin dövlət siyasəti ilə əməkdaşlığı və iştirakçılığı sahəsində hansı nailiyyətlər əldə olunub?
-QHT-lərlə dövlət arasında əməkdaşlıq bu gün strateji səviyyəyə çatıb. QHT-lər artıq dövlət proqramlarının icrasında və vətəndaş cəmiyyəti quruculuğunda etibarlı tərəfdaş statusuna malikdir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Forum arasında formalaşmış əməkdaşlıq modeli buna parlaq nümunədir. Bizim təqdim etdiyimiz təkliflər arasında “İctimai iştirakçılıq haqqında” qanunun təkmilləşdirilməsi istiqamətində konkret müddəalar da var. Bir çox QHT-lərin dövlət qurumlarının yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunması, onlarla Forumun mütəmadi görüşlərinin keçirilməsi də bu tərəfdaşlığın nəticəsidir. Müxtəlif qurumlar yanında olan ictimai şuralarla müntəzəm şəkildə görüşlər təşkil edirik, onların öz aralarında da körpülər qururuq. 2024-cü ildən bu yana formalaşmış ictimai şuraların hər birinin sırf sahəyə uyğun profil təşkilatlardan ibarət olması aydın sezilir. Bu, əvvəllər arzu idi, indi reallıqdır. Biz yeni mühitdə ictimai şuralarla əlaqədar neqativ halların kəskin azaldığını da müşahidə edirik. Bu gün dövlət orqanları QHT-ləri tənqidçi yox, tərəfdaş kimi qəbul edir. Bu, Azərbaycan modeli üçün mühüm irəliləyişdir.
-Forum tərəfindən icra olunan layihələrdə və təşəbbüslərdə ictimai marağın təmin olunması üçün hansı mexanizmlər tətbiq edilir?
-Forumun həyata keçirdiyi bütün ictimai məşəbbüslərdə şəffaflıq və açıq iştirak prinsipləri əsas götürülür. Biz təşəbbüslərin planlaşdırılmasından icrasına qədər bütün mərhələlərdə ictimaiyyətin rəyini nəzərə alırıq. AMQF tərəfindən QHT-lər üçün ictimai müzakirələrin aparılması üçün yaradılan şərait effektiv vasitədir. Burada QHT-lər, vətəndaşlar, media və ekspertlər öz fikirlərini bildirə bilir və müxtəlif mövzular üzrə müzakirələr aparırlar. Bizim üçün vacib olan təkcə layihələrin icrası deyil, həm də konkret nəticələrə yiyələnməklə ictimai etimadın möhkəmlənməsidir. Çünki bu etimad olmadan heç bir islahat dayanıqlı ola bilməz.
-QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıq məsələləri necə təmin olunur?
-Şəffaflıq bizim fəaliyyətimizin əsas sütunlarından biridir. Hər bir təşəbbüs üzrə nəticələr onlayn şəkildə paylaşılır və ictimai rəy üçün açıq saxlanılır.
Azərbaycanda QHT-lərin şəffaf və hesabatlı fəaliyyəti ilk növbədə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun və “Qrant haqqında” Qanun ilə tənzimlənir.Bu qanunlara əsasən, hər bir QHT:
• illik maliyyə və fəaliyyət hesabatlarını tərtib etməli,
• bu hesabatları, həmçinin əldə etdiyi qrantlar barədə əlaqədar orqanlara təqdim etməli,
Bundan əlavə, son illər elektron sistemlər vasitəsilə hesabat vermək prosesi daha asanlaşdırılıb və şəffaflıq səviyyəsi yüksəlib.
-Gənc nəsil və vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi Forum üçün nə dərəcədə prioritetdir?
-Gənclər bizim fəaliyyətimizin mərkəzindədir. Biz bilirik ki, sabahın liderləri bu gün yetişir. Ona görə də AMQF gənclər üçün təcrübə proqramını həyata keçirir. Ciddi seçim əsasında proqrama 10-dək təcrübəçi/könüllü cəlb edilib. Eyni zamanda, gənclər təşkilatları və qrupları müntəzəm olaraq AMQF zallarından istifadə edirək müxtəlif tədbirlər həyata keçirirlər. Gənclər artıq bizim tədbirlərdə təkcə iştirakçı deyil, təşəbbüskar kimi çıxış edirlər. Bu, ölkənin vətəndaş cəmiyyəti üçün böyük ümiddir.
-Forumun beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətləri və tərəfdaş təşkilatlarla əlaqələri haqqında nə deyə bilərsiniz?
-Azərbaycan Milli QHT Forumu beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır. Bu, Forumda birləşən Azərbaycan QHT-lərinin birgə əməyinin nəticəsi, uğur hekayəsidir. Forumun beynəlxalq əlaqələri son illərdə misilsiz dərəcədə genişlənib. COP29 çərçivəsində yaradılmış QHT Koalisiyası və onun əsasında formalaşmış Qlobal Cənub QHT Platforması bizim beynəlxalq səviyyədə tanınmağımızı təmin edib. Hazırda 116 ölkədən təşkilatlar bu platformada təmsil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu Platformanın təsis konfransının iştirakçılarına məktubla müraciət etməsi, məktubda Azərbaycan Milli QHT Forumunun fəaliyyətinə yüksək qiymət verməsi böyük fəxrdir”. Bizim təşəbbüsümüz artıq BMT səviyyəsində tanınıb. Cənub-Cənub Əməkdaşlığı Ofisi tərəfindən tanınma bizim üçün çox vacibdir. Forumun beynəlxalq əməkdaşlığı yalnız əlaqələrin genişlənməsi deyil, həm də Azərbaycanın vətəndaş diplomatiyasının yeni mərhələyə keçməsidir. Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da hazırlaşır. Artıq Forumun təşəbbüsü ilə 2025-ci il martın 12-də “WUF13 QHT Koalisiyası” təsis olunub. Hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb. Azərbaycan tərəfini Koalisiyada milli QHT-lərin flaqmanı olan Azərbaycan Milli QHT Forumu təmsil edir. “WUF13 QHT Koalisiyası”nın tərkibi getdikcə genişlənir, xarici QHT-lərdən burada təmsil olunmaq üçün çoxsaylı müraciətlər daxil olur. “WUF13 QHT Koalisiyası” hibrit formada görüşləri davam etdirir.
-Azərbaycan QHT-lərinin regionlarda inkişafını sürətləndirmək üçün hansı konkret layihələr həyata keçirilir?
-Regionlarda vətəndaş cəmiyyətinin inkişafı bizim vacib hədəflərimizdəndir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələrində sosial layihələr, ekoloji təşəbbüslər və icma əsaslı inkişaf proqramlarda QHT-lərin iştirakçılığı sahəsindən aktivlik artmışdır. Qərbi Azərbaycan istiqamətində də QHT-lərin olduqca fəal iş aparır, çoxsaylı uğurlar əldə dilmişdir. Biz inanırıq ki, postmünaqişə dövründə vətəndaş cəmiyyətinin iştirakı sülhün möhkəmlənməsində həlledici rol oynayacaq.
-QHT-lərin sosial ədalət, inklüzivlik və insan hüquqları sahəsində rolunu gücləndirmək üçün Forum hansı təşəbbüsləri reallaşdırır?
-AMQF sosial ədalət və insan hüquqları sahəsində fəal mövqe tutur. Biz bu istiqamətdə həm milli, həm də beynəlxalq səviyyədə iştirak edirik. Qadınların, uşaqların, əlillərin və sosial həssas qrupların hüquqlarının müdafiəsi üzrə layihələr həyata keçirilir. Qlobal Cənub QHT Platforması çərçivəsində də bu mövzular ön plandadır. Biz inanırıq ki, inklüzivlik yalnız sosial məsələ deyil, həm də insan ləyaqətinin təməlidir. Cəmiyyətin hər bir üzvü bərabər imkanlara sahib olmalıdır – bu, bizim prinsipial mövqeyimizdir.
-Son illərdə Azərbaycan Milli QHT Forumu tərəfindən rəqəmsallaşmanın təşviqi və innovativ idarəetmə modellərinin tətbiqi istiqamətində hansı yeniliklər reallaşdırılıb?
-Çox gözəl sualdır. Bu, hazırda həm Azərbaycan QHT sektorunun modernləşməsi, həm də Forumun institusional inkişafı baxımından ən aktual mövzulardan biridir. Azərbaycan Milli QHT Forumu son illərdə öz fəaliyyətində rəqəmsallaşma, açıq məlumat mübadiləsi və innovativ idarəetmə modellərinin tətbiqini önəm verdiyi istiqamətlərdən birinə çevirib. Bizim əsas məqsədimiz QHT-lərin fəaliyyətini sadəcə modernləşdirmək deyil, həm də onları gələcəyin idarəetmə sistemlərinə uyğunlaşdırmaqdır.
2024–2025-ci illərdə Forum tərəfindən bir sıra mühüm rəqəmsal təşəbbüslər reallaşdırılıb. Ən vaciblərindən biri QHT-lərlə onlayn, electron əlaqələrin həyata keçirilməsidir. Bu həm beyməlxalq, həm də yerli səviyyədə baş verir. Foruma üzvlük məsələləri, üzvlük sənədlərinin qəbulu, üzv təşkilatlarla qarşılıqlı məlumat mübadiləsi, Forumun zallarında üzv QHT-lər tərəfindən tədbirlərlə bağlı qeydiyyatı və sənəd paylaşımı artıq tam elektron mühitdə həyata keçirilir. Nəticədə Forumda qərarvermə və koordinasiya prosesi sürətlənmişdir. Bizim üçün bu, təkcə texnoloji yenilik deyil, həm də institusional mədəniyyətin dəyişməsidir. 2025-ci ildən etibarən Forumda təcrübəçi tələbələr fəaliyyıtı başlamışlar. Məhz təcrübəşilərin fəaliyyəti nəticəsində Forumda rəqəmsal kommunikasiya güclənmişdir. Burada həm sosial media, həm veb-sayt, həm də interaktiv məlumat paneli vasitəsilə Forumun fəaliyyəti real vaxt rejimində ictimaiyyətə çatdırılır. Bundan əlavə, AMQF beynəlxalq partnyorlarla əməkdaşlıq çərçivəsində innovativ idarəetmə modellərinin (hybrid governance) tətbiqini də sınaqdan keçirir. Yəni missal olaraq AMQF-nin təşəbbüsü ilə yaranan Qlobal Cənub QHT Platformasının onlayn, hybrid görüşləri, rəqəmsal platformalar üzərindən üzv təşkilatların onlayn məsləhtləşmələr vasitəsilə rəyvermə imkanları genişləndirilib. Biz inanırıq ki, rəqəmsallaşma QHT-lər üçün yalnız bir texniki yenilik deyil, həm də ictimai inamın bərpası və cəmiyyətlə dialoqun yeni formatıdır.
-Forumun ümumi fəaliyyət siyasətində qadınların fəallığının artırılması və gender bərabərliyinin qorunması hansı mexanizmlərlə təmin olunur?
-İlk öncə onu qeyd edim ki, üzvlərimiz arasında 25% təşkilatlar bu və ya digər şəkildə qadınların hüquqları və gender məsələlərilə məşğul olurlar. Bilavasitə təşkilat rəhbərləri qadın olan QHT-lərin sayı 35%-dir. Hesab edirəm ki, bu ötən illərlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Yəni, AMQF üzvləri arasında təxminən hər üç QHT-dən biri qadın rəhbər tərəfindən idarə olunur. Qadın rəhbərlərin əksəriyyəti sosial rifah, ailə və uşaq müdafiəsi, səhiyyə, təhsil və humanitar sahələrdə fəaliyyət göstərən QHT-lərə rəhbərlik edir. Azərbaycan Milli QHT Forumu qadınların və qızların cəmiyyətdə rolunun gücləndirilməsini öz fəaliyyət siyasətinin istiqamətlərindən biri kimi həyata keçirir. Biz inanırıq ki, qadınların fəallığı yalnız gender məsələsi deyil — bu, inkişaf və sosial ədalət məsələsidir. Forum çərçivəsində qadın rəhbərlik edən və ya qadın hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər koalisiya formasında qadın hüquqları, ailə dəyərləri və gender bərabərliyi üzrə tədbirlər, konfranslar, müzakirələr təşkil edir. Forumun idarəetmə orqanlarında və işçi heyətində qadınların iştirakı formal deyil, real qərarvermə səviyyəsində təmin olunur. Bu, həm qərarların keyfiyyətini artırır, həm də gender balansını institusional səviyyədə qoruyur.Forum beynəlxalq müstəvidə də qadınların səsini gücləndirir. Qlobal Cənub QHT Platforması çərçivəsində qadın liderlərdən ibarət kifayət qədər güclü qrup yaradılıb. Onlar Qlobal Cənub QHT Platformasının təşkil etdiyi onlayn görüşlərdə, və indiyədək təşkil edilmiş konfrans və side eventlərdə aktiv şəkildə iştirak edirlər. Azərbaycanlı qadın QHT liderləri isə artıq BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq forumların sessiyalarında çıxış edirlər. Bu, həm Azərbaycan qadınının səsini dünyaya çatdırır, həm də milli vətəndaş diplomatiyasının ən gözəl nümunəsidir.
-Forumun gələcək illər üçün strateji planları və prioritet sahələri hansılardır?
-Forumun növbəti illər üçün strateji hədəfi AMQF-i regionun ən nüfuzlu və təsirli vətəndaş platformasına çevirməkdir. Bizim hədəfimiz gələcəkdə AMQF BMT və digər beynəlxalq platformalarda Azərbaycan və Qlobal Cənub QHT-lərinin birgə səsini daha güclü şəkildə çatdıracaq. Biz inanırıq ki, əməkdaşlıq və etimad üzərində qurulan vətəndaş cəmiyyəti Azərbaycanı daha ədalətli, dayanıqlı və humanist gələcəyə aparacaq.
Yaqut Ağaşahqızı, “İki sahil”