14 oktyabr 2025 00:14
110

Payız-qış mövsümündə artan qrip riski: Mütəxəssislər peyvəndlənməyə çağırır

Məlahət Osmanlı: Qrip peyvəndi payızın əvvəlində - sentyabr-oktyabr aylarında vurulmalıdır

Havaların soyuması ilə birlikdə ölkə ərazisində tənəffüs yolları infeksiyalarının, xüsusilə də qripin yayılması riski artır. Payız və qış aylarında insanların qapalı və havasız mühitlərdə vaxt keçirməyə üstünlük vermələri virusların sürətlə yayılması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, sadə görünən qrip xəstəliyi orqanizmin immun sistemini zəiflədərək bronxit, ağciyər iltihabı kimi daha ciddi fəsadlara yol aça bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün qrip infeksiyasına yoluxmaq risk təşkil edir. Buna görə də mövsüm ərzində profilaktik tədbirlərə əməl etmək, sağlam həyat tərzini qorumaq və gigiyenik qaydalara riayət etmək xüsusi önəm daşıyır.

Terapevtlərin fikrincə, hava-damcı yolu ilə yayılan qrip virusundan  qorunmağın ən effektiv yollarından biri mövsümi vaksinayasiya, eyni zamanda, orqanizmi qida əlavələri və vitaminlər qəbul edərək güclü saxlamaq və gigiyena qaydalarına riayət etməkdir. Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər xüsusilə ağırlaşma riski yüksək olan şəxslərin qorunmasında mühüm rol oynayır.

Qeyd edək ki, ölkə ərazisində tənəffüs yolları infeksiyalarının, o cümlədən qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik tədbirlər həyata keçirilməyə başlanılıb. 

Peyvənd vurulduqdan iki həftə sonra immunitet yaranmağa başlayır

Terapevt Məlahət Osmanlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, qrip peyvəndi payızın əvvəlində - sentyabr-oktyabr aylarında vurulmalıdır: “Qrip mövsümünün başlanğıcı bu aylara təsadüf edir. Payızın əvvəlində insanların vaksinasiya olunması daha məqsədəuyğundur. Çünki peyvənd vurulduqdan iki həftə sonra immunitet yaranmağa başlayır.

Xroniki xəstələr, ağciyər və ürək xəstəliyi olanlar, hamilə qadınlar, yaşı altmışdan yuxarı olan şəxslər, böyük kollektivlərdə çalışanlar, ictimai nəqliyyat vasitələrinin sürücüləri və ictimai nəqliyyatdan istifadə edənlər risk qrupuna daxildir. Kollektiv mühitdə işlədiyi və xəstələrlə təmasda olduğu üçün yoluxma ehtimalı daha yüksək olan tibb işçilərinin də peyvənd olunması vacibdir. Nəqliyyat və tibb işçilərinin də vaksinasiya olunması effektiv qorunmanı təmin edəcəkdir.”

Uşaqlar və hamilə qadınlar...

Məlahət Osmanlı əlavə etdi ki, hamilə qadınların və uşaqların qrip infeksiyası əleyhinə vaksinasiya olunması xüsusi önəm daşıyır. Hamiləliyin ikinci və üçüncü trimestrindən sonra peyvəndin tətbiqi uyğundur. Vaksin altıncı ayından etibarən uşaqlara da tətbiq oluna bilər. Altı ayından səkkiz yaşa qədər olan uşaqlara da tətbiq oluna bilər. Bu yaş arasında olan uşaqlar peyvənd ilk dəfə vurularsa, iki dozada- bir ay fasilə ilə tətbiq olunur.

Peyvəndin əks göstəriciləri və mümkün reaksiyalar

Terapevtin sözlərinə görə, peyvənd altı aydan yuxarı uşaqlar da daxil olmaqla demək olar ki, hər kəs üçün uyğundur. Bununla yanaşı, bəzi hallarda məsləhət görülmür. Peyvəndin komponentlərindən olan yumurta zülalına qarşı allergiyası olan insanlara peyvənd vurulmur. Eyni zamanda, tətbiq olunan hər hansı vaksin güclü allergik reaksiya ilə nəticələnibsə həmin şəxsə vaksin vurulmur. Ümumiyyətlə, istənilən vaksin xəstəliyin kəskin dövründə olan, infeksiya əlamətləri və yüksək temperaturu müşahidə olunan şəxslərə yalnız sağaldıqdan iki həftə sonra tətbiq oluna bilər.  

Vaksinasiyadan sonra peyvəndin vurulduğu nahiyədə qızartı, qaşıntı, temperatur artımı kimi reaksiyalar ola bilər. Bu, normal haldır və bu adətən 3-5 gün ərzində keçir.

Məlahət Osmanlı bildirdi ki, qrip virusu tez-tez mutasiyaya uğradığı üçün peyvəndin hər il yenilənməsi vacibdir: “Qrip əleyhinə vaksin ildə bir dəfə vurulmalıdır. Onun qoruyuculuq müddəti orta hesabla 6-12 ay təşkil edir.”

Şahnigar Əhmədova, “İki sahil”