İkinci Qarabağ müharibəsi başlananda xalqımızın qeyrətli, vətənpərvər övladları, yaşından asılı olmayaraq Ana Vətənin harayına qələbəyə inam hissi ilə səs verib, 30 il düşmənə əsir düşən torpaqların azadlığı uğrunda əlində silah odun, alovun içinə girdilər. 44 günə qana susamış düşməni qanda boğub, öz canları bahasına bizə qələbə sevincini yaşatdılar. Onların bu misilsiz hünəri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla bərabər, həm də millətinin mənliyini, kimliyini bir daha bütün dünyaya göstərdi.
Bəli, ölümün gözünə dik baxan, ağır müharibə meydanında əzm, qeyrət, fədakarlıq göstərib torpağı Vətən edən, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən, əzəl gündən ürəkləri Azərbaycana sevdalanan, şərəfli ölümləri ilə ölümsüzlük qazanan qız və oğullarımızı yad etmək, xatirəsini əziz tutmaq həmişə hər birimizin ən müqəddəs borcu olmalıdır. Astara Pedaqoji Kollecində bu ənənə saf məhəbbətə , ehtirama tapınmaqla davam edir və ürəklərdə Vətənə, doğma torpağa ilahi bir sevgi yaradır...
Kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov, eləcə bir qrup əməkdaşı, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva növbəti dəfə 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib, şəhidlik zirvəsinə ucalan Nurlan Fərəməzovun anım günü münasibətilə ailəsinə baş çəkiblər. Ziyarətçilər, həmçinin şəhid Arif Qeybiyevin anası, Rəna xanımı ad günü münasibətilə təbrik etməkdən ötrü onu halal ailə ocağında oldular, şəhidimizin xatirəsini böyük ehtiramla yad etdilər, Rəna xanıma möhkəm sağlamlıq, səbir və uzun ömür arzuladılar.
Kamran müəllim söhbət əsasında bildirdi ki, Şəhidin anasını ad günü münasibətilə ziyarət etmək mənəvi baxımdan önəmli bir addımdır. Bu cür görüş həm şəhid ailəsinə hörmətin, həm də Vətənə sədaqətin ifadəsidir. Rəna xanım bizim kollecdə çalışır, Azərbaycan qadınına məxsus olan bütün yaxşı keyfiyyətlər onun xasiyyətində cəm olunub. Vətənini sevən, ailəsinə bağlı, nəcib əməllərinə görə el-obanın gözündə ucalan dəyərli bir insandır...
Məlumat üçün qeyd edək ki, Nurlan Fərəməzov 1992-ci ildə Astara rayonu, Təngərüd kəndində dünyaya gəlib. Orta məktəbdən sonra, yəni 2009-2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb fakültəsində təhsil alıb. Gədəbəydə, Tovuzda 6 il hərbi həkim vəzifəsində çalışıb. 2020-ci ilin avqust ayında səhhəti ilə bağlı hərbi xidmətdən tərxis olunub. Buna baxmayaraq, Vətən müharibəsi başlanan kimi könüllü yenidən döyüşən cəbhəyə yollanıb. Ən qaynar nöqtələrdə yağıya qarşı qəhrəmanlıqla vuruşub. Oktyabrın 9-da tibb xidmətinin baş leytenantı Nurlan yaralı hərbiçiləri savaş meydanından çıxararkən başdan ciddi zədə alıb. Amma son nəfəsinə qədər düşmənlə vuruşub, çoxlu qan itirib və əbədiyyətə qovuşub. Zəfər şəhidi ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda medallara layiq görülüb.
Keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi mərdliklə, igidliklə dolu olan Arif Qeybiyev Astaranın Səncərədi kəndində boya-başa çatıb. Astara Pedaqoji Kollecinin məzunu olan Arif idmanın atletika növünə maraq göstərib. Rayon, ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. 2015 Avropa oyunlarda iştirak edib. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu və Yeniyetmələr arasında Respublika çempionu olub.
Arif 2016-ci ildə ordu sıralarına çağırılıb. Vətənə nümunəvi xidmət göstərməklə tanınıb. Əsgərliyi başa vuranda yenidən hərbidə xidmət etmək üçün sənəd verib.
2018-ci ilin oktyabrında hərbi kursa çağırılıb. Tankçı peşəsinə yiyələnib. 44 günlük haqq savaşımızda Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə meydanında yoldaşının tankı minaya düşüb. Bu vaxt Arif öz tankından enib 100-200 metr aralıda olan tanka çatıb, onu xilas etmək istəyərkən snayper gülləsinə tuş gəlib. Müharibədə göstərdiyi qəhrəmanlığı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azadlığına görə” medallar ilə təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü