16 sentyabr 2025 23:35
101

Vətənə həsr olunun şəhid ömrü

17 aprel 1991-ci ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində anada olan Şəhriyar İsa oğlu Əsgərov İkinci Qarabağ müharibəsində Vətənin harayına birincilər sırasında gedib. Bu müqəddəs, şərəfli döyüşdə 30 il torpaqlarımızı əsarətdə saxlayan yağıya qan qusdurub. Şəhriyar silaha sarıldığı andan əzəli yurd yerimiz Qarabağın son qarışı azad olunacağı günədək düşmənlə döyüşəcəyinə and içib. Və müharibə meydanlarında 4 noyabra qədər şəxsi igidlik, şücaət göstərərək oddan-alovlardan keçməklə öz polad sinəsi ilə Vətəni alınmaz qalaya döndərib. Sonda şəhidlik zirvəsinə ucalıb ölümsüzlüyə qovuşan qəhrəman “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Ürəyi doğma Azərbaycana sevdalanan, onun hər qarışını özünə doğma bilən Şəhriyar İsa oğlu orta məktəbi bitirəndə yağı düşmənin ədalətsiz təcavüzü onu bir an belə rahat buraxmayıb. Amalı Vətən torpağını qorumaq, mübarizliklə düşmənə qalib gəlmək olan Şəhriyar ordu sıralarına gedib. Özü də arzuladığı kimi cəbhə bölgəsinə düşüb. Əsgəri borcunu şərəflə yerinə yetirməklə bərabər, həm də hərbin sirlərinə əzmlə yiyələnib. Axı qarşıdan onun yağıdan alacağı öcü vardı. Məhz buna görə də nəyin bahasına olursa-olsun Vətən torpaqların azadlığını istəyən Şəhriyar həyatını hərbiyə bağlayıb.

Şəhriyar 9 il Azərbaycan Ordusunda ön xətdə çavuş rütbəsində xidmət edib. Bu müddət ərzində verilən bütün tapşırıqların qarşısından ləyaqətlə gəlib və əsl vətəndaş, mənəvi cəhətdən zəngin, vətənpərvər gənc olduğunu göstərib. Həmişə də əsgərlərinə bildirib ki, Vətəni canı bahasına qorumaq, hətta bu yolda şəhid olmaq bizim şərəfli borcumuzdur.

Şəhriyar işğal altında olan torpaqların azadlığı naminə yağıya qarşı hər vasitə ilə hazır durub. Lazımi hərbi təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etməklə başqalarına da nümunə olub.

Bir qayda olaraq həmişə Vətən torpaqların işğalına barışmaz mövqe ortaya qoyan, qəlbi yağıdan qissa almaq istəyi ilə alışıb-yanan çavuş Şəhriyar Əsgərov İkinci Qarabağ müharibəsi başlanan kimi döyüşə atlanıb. Qatıldığı gərgin vuruşlarda rəşadət nümunəsi göstərərək yağının kabusuna dönüb. Yağıya endirdiyi saysız sarsıdıcı zərbələrlə hər gün şanlı qələbəmizi yaxınlaşdırıb. Füzulidə, Qubadlıda, Zəngilanda mərdliklə vuruşub, bir-birindən çətin əməliyyatlarda sözün əsl mənasında tarix yazıb.

Hər döyüşdə cəsurluq, igidlik, mərdlik göstərən Vətənin qəhrəman oğlu Şəhriyar Xocavənd istiqamətində gedən ağır müharibə meydanında ayağından güllə yarası alıb. Çiyin-çiyinə vuruşan yoldaşları ona geri çəkilməyi deyiblər. Amma o, sona qədər vuruşacağını bildirib. Burada bir müddət davam edən atışmada yalnız Şəhriyar və Elnur adlı oğlan sağ qalıb. Mühasirədə olan çavuş oradan çıxmaq gümanını tam itirdikdən sonra əl qumbarası ilə özünü, həm də 4 nəfərdən çox erməni dığasını partladaraq əbədiyyət dünyasına qovuşub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü