Qazaxıstandakı yüksəkgərginlikli elektrik xəttində baş verən açılmadan sonra Qırğızıstanın energetika sistemi müvəqqəti olaraq təcrid olunmuş rejimdə fəaliyyətə keçib.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb.
"Qırğızıstan Respublikasının energetika sistemi müvəqqəti olaraq təcrid olunmuş rejimdə fəaliyyətə keçib. Avadanlıqların qorunub saxlanılması üçün avtomatlaşdırma sistemi reqlamentə uyğun olaraq işə düşüb", — deyə nazirliyin açıqlamasında bildirilir.
Nazirliyin mətbuat xidmətindən əlavə edilib ki, hazırda vəziyyət nəzarət altındadır, şəbəkədən ayrılan abonenti yoxdur və istehlakçıların elektrik təchizatı fasiləsiz olaraq təmin edilir.
Xatırladaq ki, bir qədər əvvəl Tacikistanda ölkə üzrə baş verən elektrik kəsintilərindən sonra energetika sistemində bərpa işlərinin aparıldığı bildirilmişdi. Eyni zamanda, Qazaxıstanın da bir sıra regionlarında elektrik enerjisinin verilişində kəsilmələr baş verib.